20 oktyabr 2019 15:10
779

Azər Həsrət: Əli Kərimlinin avantürası baş tutmadı

“Hər şeydən əvvəl biz onu vurğulamalıyıq ki, Azərbaycan indi sabit və dayanıqlı inkişaf mərhələsindədir. Belə bir mərhələdə hər bir siyasi qüvvə, hər bir vətəndaş çalışmalıdır ki, ölkənin inkişafına öz töhfəsini versin. Təəssüflər olsun ki, bəzi siyasi qüvvələr nəinki töhfə vermir, əksinə bu sabitliyi pozmaq, ümumiyyətlə, inkişafı dayandırmaq üçün əllərindən gələni edirlər. Oktyabrın 19-da AXCP sədri Əli Kərimlinin başının dəstəsi ilə şəhərin mərkəzində qarışıqlıq yaratmaq üçün göstərdiyi cəhd də bu qəbildəndir”.

Bu fikirləri “İki sahil” ə açıqlamasında siyasi şərhçi Azər Həsrət söylədi.

Onun fikrincə, Əli Kərimli bağlı olduğu şübhəli mərkəzlərin tapşırığı ilə şəhərin mərkəzində qarşıdurmaya səbəb oldu: “Adam faktiki olaraq özünün bağlı olduğu hansısa şübhəli mərkəzlərin tapşırığı ilə şəhərin mərkəzində qarşıdurmaya səbəb oldu, insanları bir-birinə qarşı qoymağa cəhd göstərdi, xüsusən də ətrafında olan bir neçə yüz nəfəri dövlətə qarşı ayaqlandırmağa çalışdı”.

A.Həsrət vurğuladı ki, Azərbaycan xalqının böyük əksəriyyəti Əli Kərimlinin təxribatına uymadığı üçün Əli Kərimlinin avantürası baş tutmadı: “Azərbaycan polisləri çox yüksək peşəkarlıq nümayiş etdirərək aksiyanın qarşısını ala bildilər. Mən Azərbaycan polislərini xüsusi olaraq təbrik etmək istəyirəm. Onlar nəzakətli, təmkinli davrandılar. Hətta lazım olanda etirazçılara tibbi yardım, eləcə də bu və ya digər formada qayğı göstərdilər”.

Siyasi şərhçi hesab edir ki, belə bir şəraitdə ölkədə qarışıqlıq salmaq istəyənlərin məqsədi xoş ola bilməz: “Əslinə qalanda bunların davası siyasi dava deyil. Sadəcə olaraq özlərinin mövcudluğunu göstərmək, xüsusən də hesabat verdikləri xarici dairələrə nə isə etdiklərini göstərməyə çalışırlar. O adamlar bilməlidirlər ki, istər daxili, istər xarici, ümumiyyətlə, heç bir qüvvə Azərbaycanda vətəndaş qarşıdurmasına səbəb ola bilməyəcək. Azərbaycan vətəndaşları buna imkan verməyəcək”.

Azər Həsrət bildirdi ki, aksiya adlı o tədbirdən sonra aksiya tərəfdarları sosial mediada Azərbaycan dövlətinə, Azərbaycan polisinə nifrət qusmaqla məşğul idilər: “Onlar bizim qardaşlarımız olan, vətəndaşlarımız olan Azərbaycan polislərini erməni polisi kimi qələmə verərək  nifrət püskürməklə məşğul idilər. Əgər hər hansı bir siyasi qüvvə öz dövlətinin polisini bu cür aşağılamağa cəhd göstərirsə, demək onların özləri problemlidir. Bu səbəbdən də Azərbaycan dövlətinin onlara qarşı qətiyyətli addımlarını bundan sonra da dəstəkləyəcəyik”.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”