IV Şuşa Qlobal Media Forumu artıq regional təşəbbüs çərçivəsindən çıxaraq beynəlxalq informasiya məkanının nüfuzlu platformalarından birinə çevrilib. İldən-ilə genişlənən iştirakçı coğrafiyası Forumun qlobal əhəmiyyətinin artdığını, Azərbaycanın isə beynəlxalq media dialoqunun təşkil olunduğu etibarlı mərkəz statusunu möhkəmləndirdiyini göstərir. Bu il Forumda 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun, həmçinin 10 beynəlxalq təşkilat və təsisatın təmsil olunması tədbirin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Son dörd il ərzində isə Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirərək qlobal informasiya mühitində mühüm dialoq platforması kimi öz mövqeyini daha da gücləndirib.

Forumun əsas üstünlüklərindən biri onun yalnız peşəkar media müzakirələri üçün deyil, həm də Azərbaycanın müasir inkişaf modelinin, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunduğu unikal platforma olmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşaya gələn qonaqlar artıq dağıntıları deyil, yenidən qurulan şəhərləri, yeni yaşayış məntəqələrini, doğma yurdlarına qayıdan insanları və Qarabağın sürətli inkişafını öz gözləri ilə müşahidə edirlər. Bu baxımdan Forum təkcə informasiya mübadiləsi deyil, həm də həqiqətlərin nümayiş etdirildiyi, qarşılıqlı etimadın möhkəmləndirildiyi və beynəlxalq ictimai rəyə təsir göstərən şəxslərin bir araya gəldiyi mühüm platformadır.
Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət prioritetlərini, qlobal geosiyasi proseslərə baxışını və beynəlxalq tərəfdaşlıq istiqamətlərini bir daha nümayiş etdirdi.
Milli Məclisin deputatı Asif Əsgərovun fikrincə, dövlət başçısının çıxışında xüsusi yer tutan məsələlərdən biri də Azərbaycan-ABŞ münasibətlərində formalaşan yeni strateji əməkdaşlıq mərhələsi oldu.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda ABŞ-a tarixi səfəri və Vaşinqtonda Prezident Donald Trampla keçirdiyi görüş iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edib. Onun sözlərinə görə, sonrakı dövrdə Davos görüşü, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan əməkdaşlıq formatları, eləcə də ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması Azərbaycan-ABŞ münasibətlərinin tarixində yeni səhifə açıb.

Asif Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, hazırda iki ölkə arasında əməkdaşlıq tarixində ən yüksək səviyyəyə çatılıb. Ticarət və investisiyalar, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq istiqamətlərində yaradılmış birgə işçi qrupları artıq konkret nəticələr verməyə başlayıb. ABŞ-ın Azərbaycana tətbiq etdiyi silah embarqosunun aradan qaldırılması, daha sonra Böyük Britaniya və Avropa İttifaqının bəzi üzv dövlətlərinin də analoji qərarlar qəbul etməsi Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş statusunun daha da möhkəmləndiyini göstərir.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Forum zamanı toxunduğu mühüm məsələlərdən biri də Azadlığa Dəstək Aktına edilmiş məşhur "907-ci düzəliş" oldu. Onun sözlərinə görə, bu sənəd qəbul olunduğu vaxtdan etibarən Azərbaycana qarşı siyasi ayrı-seçkiliyin və ikili standartların simvoluna çevrilib: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə qəbul etdiyi ən ədalətsiz qərarlardan biri idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə ölkəmizin guya Ermənistana blokada tətbiq etməsi iddiası ilə əsaslandırılan bu sənəd reallığı əks etdirmirdi. Əksinə, həmin dövrdə işğala məruz qalan, torpaqları zəbt olunan və bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən məhz Azərbaycan idi.”
Asif Əsgərovun sözlərinə görə, bu gün həmin düzəliş hüquqi və siyasi baxımdan tamamilə aktuallığını itirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq olunan bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb, ölkə ərazisindən 40 min tondan artıq müxtəlif humanitar və kommersiya yüklərinin Ermənistana daşınmasına şərait yaradıb. Bundan əlavə, Azərbaycan artıq Ermənistana neft məhsulları ixrac edir və bu həcm 10 min tonu ötüb.
Deputat bildirib ki, bütün bunlar ABŞ Konqresinin 907-ci düzəlişlə bağlı mövqeyinə yenidən baxmasını zəruri edir: “Həmin sənədin tam ləğvi təkcə Azərbaycan üçün deyil, ABŞ Konqresi üçün də siyasi ədalətin və dəyişən geosiyasi reallıqların qəbul edilməsi baxımından mühüm addım olardı. Bu qərar ABŞ qanunverici orqanının əvvəlki səhvlərini etiraf etmək və müasir beynəlxalq münasibətlərin tələblərinə uyğun davranmaq iradəsini nümayiş etdirərdi.”
Deputat Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp haqqında səsləndirdiyi fikirlərin də xüsusi diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, dövlət başçısı Prezident Trampı müxtəlif regionlarda sülhün və dialoqun təşviqinə çalışan lider kimi xarakterizə edib. Asif Əsgərov qeyd edib ki, Tramp administrasiyasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekun mərhələsinin uğurla başa çatdırılması, Ağ Evdə keçirilən tarixi görüş və sülh sazişinin paraflanması regionda yeni geosiyasi reallığın formalaşmasına mühüm töhfə verib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında əvvəlki ABŞ administrasiyası ilə hazırkı administrasiyanın yanaşmaları arasındakı fərq də aydın şəkildə göstərildi. Onun sözlərinə görə, Bayden administrasiyasının dövründə Cənubi Qafqazda münaqişələrin uzun müddət davam etməsinə hesablanan siyasət üstünlük təşkil edirdisə, Prezident Donald Tramp sülhü regional əməkdaşlıq, iqtisadi inteqrasiya və təhlükəsizliyin təmin olunmasının əsas şərti kimi qiymətləndirir. Bu yanaşma Azərbaycan tərəfindən də yüksək qiymətləndirilir və regionda uzunmüddətli sabitlik üçün yeni imkanlar yaradır.
Vurğulamaq yerinə düşər ki, IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edən, regional və qlobal proseslərə təsir göstərən dövlətlər sırasında yer alır. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi mesajlar ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərini, milli maraqlara söykənən praqmatik diplomatiyanı və beynəlxalq əməkdaşlığın gələcək istiqamətlərini bütün dünyaya bir daha nümayiş etdirdi. Şuşa Qlobal Media Forumu bundan sonra da beynəlxalq informasiya dialoqunun mühüm platformalarından biri kimi Azərbaycanın dünyaya açıq siyasətinin, sülh, əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan xarici siyasət kursunun təqdim edildiyi nüfuzlu məkan olaraq öz əhəmiyyətini daha da artıracaq.
Orxan Vahidoğlu, “İki sahil”