18 may 2020 16:27
271

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığa əsaslanır

Eldar İbrahimov: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığa əsaslanır və bu istiqamətdə inkişaf edir

“Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlığa əsaslanır və bu istiqamətdə inkişaf edir. 28 May Respublika Günü münaibətilə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda da ölkələrimiz arasında əlaqələrin əhəmiyyəti vurğulanır”.

Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, təbrik məktubunda Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyinin vurğulanması, eləcə də beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək sahəsində əməkdaşlığın xüsusi qeyd olunması böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, 2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycan Birləşmiş Ştatlara tam dəstəyini ifadə edib: “Bu gün də beynəlxalq antiterror koalisiyasında Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə mübarizə aparırlar. Azərbaycanın terrorizmə qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi dəstək verməsini nəzərə alsaq, bu, münasibətlərimizin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası Birləşmiş Ştatların Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olmasına münasibətidir: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti əlaqələrimizə ciddi təsir edən amildir. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın Minsk qrupunun həmsədrlərinin tərkibinə daxil edilməsi üçün böyük iş görülüb ki, bu qurumun daxilində obyektivlik, balanslaşdırılmış düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin. ABŞ Prezidentinin təbrik məktubunda Azərbaycanın suverenliyinin dəstəkləndiyinin vurğulanması bu ölkənin münaqişənin həlli istiqamətində daha fəal olacağına ümid verir”.

Millət vəkili həmçinin, Azərbaycanla ABŞ arasında iqtisadi, ticari və enerji layihələrinin reallaşmasında əməkdaşlığının da əhəmiyyətini vurğulayıb.