28 fevral 2020 19:18
3471

Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir

İtaliya Prezidenti Sercio Mattarellanın reallığa söykənən bu fikirləri ölkəmizin keçdiyi inkişaf yoluna, həyata keçirdiyi strategiyaya, ən əsası Prezident İlham Əliyevin müasirləşməni, təkmilləşməni dövlət siyasətinin əsası kimi qəbul edərək bu istiqamətdə atdığı addımlara verilən ən yüksək dəyərdir

Xarici siyasətin əsas istiqamətləri olan  iki və çoxtərəfli çərçivədə əlaqələrin yüksələn xətlə inkişafını şərtləndirən əsas amillərdən biri təbii ki,  demokratik prinsiplərin qorunması, eyni zamanda, təkmilləşmə və müasirləşmə elementləridir. Dövlətimizin başçısı İlham Əliyevin  İtaliyaya dövlət səfəri çərçivəsində  mətbuata bəyanatlarında Prezident Sercio Mattarellanın “İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır” söyləməklə yanaşı, “Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir” bəyanatı ölkəmizin keçdiyi inkişaf yoluna, həyata keçirdiyi  strategiyaya, ən əsası Prezident İlham Əliyevin müasirləşməni, təkmilləşməni dövlət siyasətinin əsası kimi qəbul edərək bu istiqamətdə atdığı addımlara verilən ən yüksək dəyərdir: “Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır.”  

İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan cənab  İlham Əliyevin böyük inamla söylədiyi kimi,  sürətlə müasirləşir, yeniləşir, demokratik  proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da  prioritet olacaq.  Hazırda   Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Ölkəmiz  beynəlxalq humanitar forumlara, Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumuna, Davos Dünya İqtisadi Forumuna, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına və digər yüksək səviyyəli qlobal tədbirlərə ev sahibliyi etməklə müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, körpü rolunu daha möhkəmləndirir. Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olduğunu həmin tədbirlər çərçivəsində bir daha dünyaya çatdırmaqla bu mühüm məqamı da bəyan edir ki, müxtəlif millətlərin, xalqların sülh, əmin-amanlıq şəraitində yaşadığı  Azərbaycan tolerant,  multikultural ölkədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev  bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

Cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərdə, qəbul olunan Birgə Bəyannamədə Azərbaycanın dünyada  sülhün, əmin-amanlığın, dialoqun tərəfdarı olduğu önə çəkilərək təqdir edilmişdir. 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin sülh siyasətinə, dialoqa nə qədər önəm verdiyinin bariz nümunəsidir. Bütün münaqişəli məsələlərin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin tərəfdarı olan rəsmi Bakı ən nüfuzlu təşkilatların tribunasından bəyan edir ki, Azərbaycan sülh danışıqlarının tərəfdarıdır, amma bu səylər səmərə vermədiyi təqdirdə  digər varianta üstünlük veriləcəyi şəksizdir.    

Ümumilikdə, müasir  dünyamızda multikultural dövlətçilik, mədəniyyətlərarası dialoq, ölkələrarası qarşılıqlı maraq və mənafelərə xidmət edən iqtisadi əməkdaşlıq siyasi sabitliyin, sosial rifahın, humanizmin bərqərar olmasında alternativsiz istiqamət kimi təqdim edilir. Beynəlxalq aləm  təhdidlərlə doludur, yerləşdiyimiz regionda milli-dini qarşıdurmalar davam edir, hər gün yüzlərlə, bəlkə də minlərlə günahsız insan məhv olur, müxtəlif zorakılıqlarla, məhrumiyyətlərlə qarşılaşır.  Belə bir gərgin beynəlxalq şəraitdə Azərbaycan  dinc yanaşı yaşamağın, dözümlülüyün, tolerantlığın  nümunəsini nümayiş etdirir, qarşılıqlı maraqları təmin edən əməkdaşlığın insanların və xalqların əlaqələrinin daha da yaxınlaşmasına,  dostluğuna xidmət etdiyini təsdiq edir. Ölkəmiz dünyada ən islahatçı dövlət kimi tanınır və bu amil nüfuzlu beynəlxalq maliyyə  qurumlarının və ekspertlərin də diqqətindədir. Ötən 16 ildə Azərbaycan islahatların davamlılığının nəticəsində  müasir, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunda sürətli inkişaf yolu keçib. Bu  tərəqqinin və dünyanı heyrətləndirən uğurların təməlində  ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin uğurlu davamı dayanır.

Qeyd edək ki, 2018-ci ildə Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə də ölkəmizin müasirliyə, təkmilləşməyə meyilliliyi yüksək dəyərləndirilmişdir. A.Merkelin “Azərbaycan artıq ənənələri olan bir dövlətdir” fikirləri ölkəmizin regionda və dünyada sabitləşdirici faktor roluna işıq salmaqla yanaşı, zəngin tarixə malik olmasındın dünya miqyasında təqdir edildiyinə işarə idi. 

Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrini genişləndirən Azərbaycanın demokratik prinsiplərə verdiyi önəm daim təqdir olunur. Angela Merkelin səfəri çərçivəsində almaniyalı jurnalistin sifariş əsasında dövlətimizin başçısı İlham Əliyevə, həmçinin Almaniyanın Kanslerinə dünyanın ikili siyasətinə işıq salan “Xanım Federal Kansler, Siz burada Avropa dəyərlərini də təmsil edirsiniz, bu, hazırda Brüsseldə də qızğın müzakirə mövzusudur. Bu konteksdə  Siz tərəfdaş Azərbaycanı hansı standartlara uyğun ölçürsünüz” sualına cavabı ölkəmizə beynəlxalq baxışın təhlilində əhəmiyyətli rol oynadı.  A.Merkel  “Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə  aydın təsəvvürümüz var... Standartlarımız həmişə eynidir, perspektivlər dəyərləndirilir” cavabı ilə Azərbaycan-Almaniya əlaqələrinin yüksələn xətlə inkişafını şərtləndirən amillərə işıq salmışdır. “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev  bildirir ki,   biz  tənqidə normal yanaşırıq: “Əgər tənqid  əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki,  öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da  uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”

Azərbaycanın bugünkü mənzərəsi belədir:  dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. Bu gün ölkəmiz  demokratik təsisatlarla,  beynəlxalq təşkilatlarla   əməkdaşlıq edir, dünya təcrübəsinə istinad edərək yeniliklərin ölkəmizdə  tətbiqi üçün təcrübə mübadiləsi aparır. Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik diyarı, sabitləşdirici faktor kimi tanınır.  2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir.  Müasir dövrdə  qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin  güclənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində  ümumi elementlərin artması ilə səciyyələnir.

Beləliklə, aparılan  uğurlu xarici siyasət nəticəsində  Azərbaycan   bütün ölkələrlə, bütün güc mərkəzləri ilə  çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub.  Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycanın coğrafi mövqeyi regiondakı rolunu əvvəlcədən müəyyənləşdirən ölkədir. Biz sivilizasiyaların və mədəniyyətlərin dialoquna sərmayə yatırırıq. 

Yeganə Əliyeva, “İki sahil”