Dövlətimizin başçısı İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında bir daha bildirmişdir ki, son müddətin dinamikası bütün tələblərə baxmayaraq, bəzi insanların məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmədiyini göstərir
Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.
Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi dövründə ölkə Prezidenti İlham Əliyevin atdığı addımlar bir daha hər bir vətəndaşının yanında olduğunu təsdiqlədi. İstər pandemiyanın insanların sağlamlığına və iqtisadiyyata vurduğu ziyanların aradan qaldırılması istiqamətində göstərilən səylər, istərsə də cari il üçün nəzərdə tutulan iqtisadi və sosial layihələrin icrasına yönələn addımlar diqqətdən kənarda qalmır. Bugünümüzdən dünənimizə baxış fonunda bugünkü addımların əvvəlki dövrdə görülən işlərin davamı olduğunu, vətəndaş amilinin həyata keçirilən siyasətin mərkəzində dayandığını aydın görürük.
Ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndiriməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və sair kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də sosial müdafiənin gücləndirilməsinə xidmət edən addımlar sırasındandır. Səfərlər çərçivəsində dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşlərində səmimiyyət daim diqqətdə olub. Cənab İlham Əliyev hər zaman bu məqamı diqqətə çatdırır ki, regionlara səfərlərdə məqsəd regional inkişaf proqramlarının uğurlu icrası ilə yaxından tanış olmaq, mövcud problemləri insanların özünün dilindən eşitmək, onların həlli istiqamətində zəruri addımları atmaq və bununla bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyələri verməkdir. Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə səmimiyyəti bir daha bu reallığa işıq saldı ki, ölkə Prezidenti hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə, daim çıxışlarında qarşıya qoyduğu “Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir” çağırışının real həyatda ifadəsidir. Rayonların sakinlərinin də bildirdikləri kimi, vətəndaşlarla bir yerdə olmaq, onlara arxalanmaq, onlarla ünsiyyətdə olmaq, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab vermək qürurvericidir. Cənab İlham Əliyevin daim ictimaiyyət nümayəndələri qarşısında “Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır” cavabı hakimiyyətin yeganə mənbəyinin xalq olmasının göstəricisidir. Dövlətimizin başçısı Azərbaycanın uğurlarından bəhs edərkən həmişə “insan amili, insan kapitalı” anlayışının mahiyyətini diqqətə çatdırır və bu tapşırığı verir ki, məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, xalqın xidmətçiləridir. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq ona inanır, bu missiyanı aparmağı ona həvalə edib, tapşırıb.
Dövlətimizin başçısı İlham Əliyevin bugünkü gündə, yəni koronavirus infeksiyasına yoluxmaların artdığı bir zamanda Gəncə şəhərinə səfəri, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında söylədiyi fikirlər Prezidentin bütün hallarda vətəndaşlarının yanında olduğunu bir daha təsdiqlədi.
Göründüyü kimi, cənab İlham Əliyev səfərlərini təxirə salmır, qeyd etdiyimiz kimi, müxtəlif sosial obyektlərin açılışında iştirak edir, ictimaiyyət nümayəndələri ilə görüşərək onların qayğıları ilə maraqlanır. Amma diqqət yetirsək, koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçısı insanlar arasında olmur, ictimaiyyət nümayəndələri ilə görüşmür. Dövlətimizin başçısının bu kimi addımları göstərir ki, ölkənin regionlarında və şəhərlərində vəziyyət, insanların problemlərinin həlli onun üçün prioritet təşkil edən məsələdir. Ən çətin, təhlükəli anlarda xalqın yanında, insanların arasında olur. Bu məqamı da yada salmaq istərdik ki, Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlətimizin başçısı heç bir təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib. Təbii ki, hər addımda özünə diqqət və qayğının şahidi olan ölkə ictimaiyyəti Prezidentin ətrafında sıx birləşəcək, biri-birindən əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək olur.
Ölkə Prezidenti İlham Əliyev qeyd olunan açılış mərasimində günümüzün əsas mövzularından olan koronavirus təhlükəsi, eyni zamanda, dövlətimizin uğurlu siyasəti əsasında səhiyyə sistemində görülən işlərdən, həyata keçirilən Tədbirlər Planının nəticələrindən geniş bəhs etdi. “Ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır” söyləyən dövlətimizin başçısı onu da bildirmişdir ki, əgər son illər ərzində ölkəmizin hər yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik.
Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Koronavirus xəstələri 20-dən artıq xəstəxanada müalicə alır. Cari ildə istifadəyə verilən və müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsi də koronavirus xəstələrinin istifadəsindədir. Yuxarıda qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 10 mudul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulub ki, onlardan artıq 5-i reallaşdırılıb.
Son 16 ildən artıq dövrdə dövlətimizin başçısı İlham Əliyevin “iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tələbinə uyğun olaraq qəbul olunan və uğurla icra edilən regional inkişaf proqramlarında əksini tapan müddəalardan biri sosial layihələrin tərkib hissəsi olaraq bölgələrdə müalicə-diaqnostika mərkəzlərinin tikilməsi və insanların istifadəsinə verilməsidir. Səhiyyə sistemində aparılan ardıcıl islahatlar yeni, müasir mərhələyə qədəm qoymasına geniş imkanlar yaradıb. Bu sahənin inkişafı ilə bağlı icra olunan layihələrin respublikanın bütün bölgələrini əhatə etməsi təbii ki, təqdirəlayiqdir. Müasir xəstəxana və tibb ocaqlarının inşası, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır.
Bu statistikanı da xüsusi vurğulamaq lazımdır ki, son 16 ildən artıq dövrdə Azərbaycanın yalnız bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Yalnız bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Qeyd edilən dövrdə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. “Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin” söyləyən dövlətimizin başçısı onu da vurğulayır ki, ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində aparılan məqsədyönlü siyasət hər bir vəziyyətdən uğurla çıxmağa əsas yaradır.
Ölkə Prezidenti İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı nitqində bir daha bildirmişdir ki, bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurmuşdur. Əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Eyni zamanda, digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayı 2-3 ay ərzində arta bilməz: “Ona görə bu da bir çox ölkələr üçün böyük problemə çevrilmişdir, o cümlədən bizim üçün. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsində böyük fayda olmuşdur. Bildiyiniz kimi, may ayının əvvəlindən artıq yumşalma meyilləri başlamışdır. Bunun da səbəbi o idi ki, bir daha qeyd etmək istəyirəm, sağalanların sayı yoluxanların sayından çox idi. Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq.” Nitqində “Ancaq biz nəyi görürük” sualını cavablandıran ölkə Prezidenti vurğulayır ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik.
Koronavirusla mübarizəyə başlandığı gündən vəziyyət daim nəzarət altındadır. Dövlətimizin başçısının göstərişi əsasında Nazirlər Kabinetinin yanında Xüsusi Operativ Qərargah yaradılıb. Operativ Qərargah mütəmadi olaraq xəstəliyə yoluxanların sayı barədə açıqlama verir. Həmçinin müəyyən dövr üçün karantin qaydalarının yumşaldılmasına, yaxud sərtləşdirilməsinə ehtiyacın olmasını əsaslı şəkildə diqqətə çatdırır. İlk gündən ali və orta təhsil müəssisələrinin, uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlərin verilməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan addımlardan oldu. Ölkə ərazisində monitorinqlər aparıldı, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırıldı. Cənab İlham Əliyev ilk gündən bildirdi ki, hər bir xırdalığa qədər düşünülmüş addımlarda məqsəd Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır.
“Biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq” bildirən cənab İlham Əliyev bunun üçün tələb olunan qaydaları da diqqətə çatdırır. Təbii ki, dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə üç adi qaydaya əməl etməkdən və məsuliyyət, nizam-intizam göstərməkdən ibarətdir. Cənab İlham Əliyevin ilk gündən “Biz birlikdə güclüyük!” çağırışı pandemiyaya qarşı mübarizədən qalib çıxmağın əsas şərtlərini açıqladı. Bu çağırış hər bir Azərbaycan vətəndaşından evdə qalmağı, ehtiyac duyulmadıqda çölə çıxmamağı, özünütəcrid qaydalarına əməl etməyi, ən əsası gigiyena qaydalarına riayəti gündəlik fəaliyyətimizin əsasına çevirməyi tələb edir. Yoluxma hallarında azalma karantin rejiminin yumşaldılmasını zərurətə çevirsə də, bunu koronavirusun yoxa çıxması kimi qəbul edən ölkə vətəndaşları məsuliyyət hissini bir kənara qoymaqla vəziyyəti daha da ağırlaşdırdılar. Dövlətimizin başçısı qeyd edilən açılış mərasimində bildirmişdir: “Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır.”
Dövlətimizin başçısı tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. İnsanların sağlamlığının təminatına diqqət artdıqca, sosial problemlər həll olunduqca, rifah halı yüksəldikcə, bir sözlə, insan amili öndə saxlanıldıqca vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə töhfəsini verməyə çalışır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu güvənc, inam öz növbəsində dövlətlə vətəndaş arasında birlik, sarsılmaz bağlılıq yaradır. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət belə deməyə əsas verir ki, dövlət siyasətinin daim ana xəttini təşkil edən sosial sahəyə diqqət və dəstək davamlıdır, bundan sonra da belə olacaq. Ümumilikdə cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sosial məsələləri daim diqqətdə saxlamaları, onların həlli istiqamətində ciddi addımlar atmaları, Prezidentin dövlət strukturlarının, məmurların insanların problemlərinə həssaslıqla yanaşmalarını bir tələb kimi qarşıya qoyması dövlətin sosial siyasət, insanların rifahının yüksəldilməsi, problemlərinin həlli istiqamətində səfərbərliyinin göstəricisi kimi dəyərləndirilir. Heç bir sosial layihənin ixtisar edilmədiyini qeyd edən ölkə Prezidenti bildirir ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır.
Görülən işlərdən vətəndaş məmnunluğu dövlətimizin başçısı İlham Əliyeva ünvanlanan təşəkkürlərdən də aydın görünür. Həkimlər adından çıxış edən Xalidə Sadıqovanın minnətdarlığında bu fikirlər öz əksini tapmışdır: “Yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmasına qarşı Sizin tərəfinizdən bir çox mühüm tədbirlər görülüb və görülməkdədir. Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının açılması, onların müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır. Bu gün modul tipli xəstəxananın Gəncədə açılması, tək Gəncədə deyil, Gəncəətrafı rayonlarda yaşayan, yoluxan insanların xəstəxanalara təcili təxliyə olunması, onların yüksək səviyyədə müalicə edilməsi üçün çox vacibdir. Biz həkimlər də bundan yararlanıb Sizə söz veririk və əmin edirik ki, bu çətin günlərdə əlimizdən gələni var gücümüzlə edəcəyik. Xalqımızın sağlamlığının qorunması istiqamətində səylərimizi əsirgəməyəcək və Sizin dəstəyinizlə, İnşallah, bu çətin sınaqdan alnıaçıq çıxacağıq.”
Yeganə Əliyeva,
“İki sahil”