12 fevral 2020 17:03
326

Azərbaycan İstiqlal Muzeyini ziyarət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının səkkizinci ildönümü ərəfəsində Xidmətin Aparatının, həmçinin yerli idarə, şöbə və bölmələrinin bir qrup əməkdaşının Azərbaycan İstiqlal Muzeyinə ziyarəti təşkil edilib.

Xidmətdən bildiriblər ki, ziyarətə gələn SHXÇDX-nin şəxsi heyətinə Azərbaycan İstiqlal Muzeyi barədə geniş məlumat verilib. Qeyd edilib ki, muzeyin əsas məqsədi ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirməkdir. Muzey işçilərinin səyləri nəticəsində 20 min eksponat toplanıb. Bunlar nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalardır. Həmçinin 1993-cü ildən Azərbaycan İstiqlal Muzeyində Cəbrayıl və Füzuli muzeylərinin kolleksiyaları saxlanılır. Muzeydə, eyni zamanda, tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilər keçirilir.

Bildirilib ki, muzeyin ekspozisiyasının hər zalı müəyyən tarixi dövrü əhatə edir və 6 zaldan ibarətdir. Birinci zalda dövlət atributları, Azərbaycanın XVIII-XIX əsrlərdə xanlıqlara bölünməsi, Şimali və Cənubi Azərbaycana parçalanmasını əks etdirən tarixi sənədlər sərgilənir. İkinci zalda XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə, Azərbaycan sənaye burjuaziyasına, Azərbaycan neft milyonçularına, 31 Mart soyqırımına və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə həsr olunan eksponatlar yer alır. Digər zallarda repressiya və İkinci Dünya müharibəsi illərinə aid eksponatlar əksini tapıb. Beşinci zalda Qarabağ müharibəsinə həsr olunan eksponatlar yerləşdirilib. Altıncı zalda Azərbaycanın müstəqillik dövründə əldə olunan nailiyyətlər əksini tapıb. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış nailiyyətləri özündə əks etdirən guşə də nümayiş olunur.

Tariximizin böyük bir hissəsini özündə əks etdirən nadir eksponatlarla zəngin Azərbaycan İstiqlal Muzeyini ziyarət tədbir iştirakçılarının hər birində xoş təəssürat yaradıb.