18 mart 2020 20:39
1812

Azərbaycan koronavirusla mübarizədə önləyici tədbirlər görüb

Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı Prezident İlham Əliyevin iqtisadi strategiyasının əsas prioritetlərindən biridir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının, həmçinin ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının uğurlu icrası ölkəmizin ərzaq təminatına böyük töhfələr verib. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, ölkənin istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısının alınması məqsədilə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin modernləşdirilməsi istiqamətində ciddi addımlar atılıb.

Nüfuzlu beynəlxalq qurumların hesabatlarına əsasən, son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib. Belə ki, “The Economist Group” tərəfindən hazırlanan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinin hesabatına əsasən, son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə edilib. Hesabata görə, bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib, ölkəmiz bu göstərici üzrə siyahıya liderlik edir. Məlumat üçün qeyd edək ki, digər ölkələr üzrə bu göstərici ən yaxşı halda 6-7 faiz olub. 2019-cu ildə Azərbaycan bu hesabatda daha 3 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Hazırda Azərbaycan ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunur. Həmçinin respublikamız bu reytinqdə MDB-yə daxil olan bir çox respublikaları qabaqlayıb. Xüsusilə qeyd edilməlidir ki, bu hesabata əsasən, son 7 il ərzində qlobal ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycanda müşahidə olunan artım dünya üzrə ən yüksək nəticədir. Hətta son 7 ildə hesabatın əhatə olunduğu 113 ölkənin bir hissəsində bu göstərici mənfi olub. Azərbaycan isə ardıcıl olaraq qlobal ərzaq təhlükəsizliyi indeksində mövqeyini yaxşılaşdırıb.

Azərbaycan iqtisadiyyatı son zamanlar koronavirus və dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə baş verən hadisələrə reaksiya vermək üçün kifayət qədər imkanlara sahibdir. Ölkə iqtisadiyyatının maliyyə dayanıqlılığı da yüksək səviyyədədir. Respublikamızın iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur.

Prezident İlham Əliyev martın 10-da VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı deyib: “İndi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq.”

Bu günlərdə İqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirib ki, ölkəyə məhsulların, o cümlədən ərzaq məhsullarının gətirilməsində heç bir çətinlik yoxdur. Üstəlik, dövlətin də ərzaq ehtiyatları var ki, istənilən fors-major halında əhalinin təminatı həyata keçirilə bilər.

Azərbaycan hökuməti bütün bu çətinlikləri aradan qaldırmaq məqsədilə sahibkarlara verilən dəstəyi daha da gücləndirmək üçün bütün zəruri addımları atır. Belə ki, ölkə başçısının tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında hökumətin iqtisadi məsələlərin müzakirəsinə həsr edilən iclasında koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb. Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Bu gün dünyanı təlatümə salan koronavirus pandemiyası, eləcə də dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı respublikamızda dünya iqtisadiyyatında gedən proseslər diqqətdə saxlanılır, zəruri addımlar atılır və qabaqlayıcı tədbirlər gerçəkləşdirilir. Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında bildirib ki, Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görüb: “Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın”.

Zahid Rza, “İki sahil”