26 iyun 2020 12:32
363

Azərbaycan Ordusu son dərəcə müasir və yüksək döyüş qabiliyyətinə malik güclü ordudur

102 il öncə ilk müstəqil respublikamızın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixində ən mühüm hadisələrdən biri baş verdi. Qurucu, istiqlalçı babalarımız Azərbaycan Ordusunun yaradılması barədə qərar qəbul etdilər. Çünki ordusuz müstəqillik mümkün deyil. Bu, tarixin sınaqlarından keçmiş bir həqiqətdir. Ordu dövlətin, millətin güvənc, ümid və inam yeri, hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır.

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a açıqlamasında deyib.

1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə Azərbaycan Silahlı Qüvvələrinin təməlinin qoyulduğunu xatırladan deputat vurğulayıb: “Düzdür, həmin ordunun ömrü də Cümhuriyyətimizin ömrü kimi uzun sürmədi, 1920-ci il 28 aprel işğalından sonra həmin ordunun da ömrü yarımçıq qaldı. Amma bu, şərəfli və tarixi bir ömür yolu oldu. Məhz bu ordu 114 min kvadratkilometr əraziyə malik dövlətin cəmi 23 ay da olsa, ayaqda qalmasında öz sözünü dedi.

Sevindirici haldır ki, digər tarixi qürur və iftixar günlərimiz kimi, həmin tarixi də bütün cəhdlərə, 71 illik amansız sovet buxovlarına baxmayaraq, yaddaşlardan, hafizələrdən silmək mümkün olmadı. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesinə başlanıldı. Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun tarixi böyük və tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən Silahlı Qüvvələr Günü elan olundu. Artıq 22 ildir xalqımız iyunun 26-sını Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edir”.

İki il əvvəl Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinin möhtəşəm hərbi paradla qeyd olunduğunu bildirən Jalə Əliyeva bunun yaddaşlardan silinməyəcək bir hadisə olduğunu deyib: “Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə Bakıda möhtəşəm və təntənəli hərbi parad təşkil edildi. Həmin paradda dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyev iştirak etdi, tarixi nitq söylədi. Bu möhtəşəm parad hələ də gözlərimin önündə, yaddaşımdadır, çox qürurverici, şərəfli bir gün, an idi. Qeyd etdiyim kimi, heç bir müstəqillik və onun əbədiliyi ordusuz mümkün deyil. Hər bir dövlətin müqəddəratı onun ordusunun gücündən, qüdrətindən asılıdır”.

Qafqazda ən müasir ordu hesab edilən Azərbaycan ordusunun işğalçı Ermənistanın dərsini vermək iqtidarında olduğunu xüsusi vurğulayan deputat bildirib ki, 2016-cı ildə baş verən dördgünlük Aprel döyüşləri bunu düşmənlə yanaşı, bütün dünyaya da nümayiş etdirdi. Ermənistan həmin dördgünlük savaşda 560 hərbçisini itirdi. Bu, əhalisi üç milyondan az olan Ermənistan üçün əsl fəlakət oldu. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, Müdafiə naziri istefaya göndərildi. Bir az keçəndən sonra isə Ermənistanı inqilab dalğası bürüdü, bu ölkəni illərdir fəlakətə sürükləyən, xüsusilə, Aprel biabırçılığına imza atan hərbi cani Serj Sarkisyan hakimiyyətdən devrildi. Eyni zamanda, hakimiyyəti çevriliş yolu ilə ələ keçirən fitnəkar və təxribatçı baş nazir Nikol Paşinyan da yaxın zamanlarda baş verənlərdən ibrət, dərs götürmədi, Naxçıvan istiqamətində növbəti təxribat əməllərinə əl atıldı. Lakin düşmən bu dəfə də Aprel döyüşlərində olduğu kimi layiqli və tutarlı cavabla geri oturduldu. 2018-ci ilin mayında müasir hərb salnaməmizdə xüsusi yeri olan Günnüt əməliyyatı gerçəkləşdirildi, ermənilərə və Ermənistana ağır zərbə endirildi. Nəticədə mühüm strateji əhəmiyyətə malik böyük bir ərazi Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bütün dünya bir daha müstəqil Azərbaycanın və onun Ordusunun nəyə qadir olduğunu və ola biləcəyini gördü, duydu, etiraf etdi.

Azərbaycanda ordu quruculuğunun bu gün də sürətlə davam etdirildiyini vurğulayan Jalə Əliyeva bildirib: “Azərbaycan Ordusu son dərəcədə müasir və yüksək döyüş qabiliyyətinə malik güclü ordudur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu, böyük göstərici və qürur mənbəyidir.

İnanıram və əminəm ki, Ordumuz yaxın dövrlərdə həmin 50-likdə daha ön sıralarda yer alacaq. Eyni zamanda, müzəffər Ordumuz tezliklə Qarabağımızda, işğal altındakı yurd yerlərimizdə növbəti və birdəfəlik ZƏFƏR qazanacaq, TARİX yazacaq, nəticədə işğala son qoyulacaq və ölkəmizin bütün ərazilərində Azərbaycanın suverenliyi bərqərar olacaq”.