30 iyul 2020 16:17
342

Azərbaycan polisinə qara yaxanlar niyə ABŞ polisinin vəhşiliklərinə söz deyə bilmirlər?

“Dünyada insan hüquqları ilə bağlı “ixtisaslaşmış” təşkilatlar ikili standartlar əsasında fəaliyyət göstərirlər. Onlar müxtəlif lobbi təşkilarlarının göstərişi ilə konkret ölkələrə hücumlar edirlər, dövlətlərin imiclərinə qara yaxmağa çalışırlar. Hansısa səbəbdən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatlar ABŞ-da və Avropada baş verən hadisələrə, törədilmiş cinayətlərə ədalətli qiymət vermirlər. Məsələn, iyulun 28-də Nyu-York şəhərində nümayişdə iştirak edən insanların şəhərin mülki geyimdə olan polis qüvvələri tərəfindən naməlum maşınlara güclə oturdularaq qeyri-müəyyən istiqamətə aparılması faktına hələ də münasibət bildirilməyib. Halbuki bu barədə artıq ABŞ-ın nüfuzlu “New York Times” qəzetində tənqidi məqalə dərc olunub”.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis gücləri aqressiv şəkildə müdaxilə edib, mitinq iştirakçılarını nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıb. Məsələ ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olub: “Maraqlıdır ki, Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələr tərəfindən tərs yöndə təqdim edilir. Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycan hakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Halbuki ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir. Elə təxminən bir ay öncə ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi. Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir. ABŞ rəsmiləri isə öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarırlar. Öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər”.

Sədaqət Vəliyeva vurğulayıb ki, hər fürsətdə Azərbaycan polisini hədəfə alan Sevinc Osmanqızı, Əli Kərimli, Meydan TV və başqaları niyə susurlar? Azərbaycan polisinə qara yaxanlar niyə ABŞ polisinin vəhşiliklərinə söz deyə bilmirlər? Çünki onların fəaliyyət ideyası demokratiya, insan haqları, ədalət deyil, birbaşa Azərbaycanın imicinə ləkə gətirmək, Azərbaycan polisini qaralamaqdır.

Zamin Məmmədov, “İki sahil”