24 mart 2020 22:36
1254

Azərbaycan Prezidenti: Koronavirusla mübarizədə biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq

Koronavirusla mübarizədə biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib

"Bir daha demək istəyirəm ki, biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.

Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir".