11 iyul 2020 14:19
872

Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malikdir

Ölkəmiz  BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir

              

 Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti, təkmil islahatları ilə daim dünyanın diqqətində olub. Bu uğurlar ölkəmizin  beynəlxalq təşkilatların hesabatlarında liderliyini qorumasını şərtləndirir. Azərbaycanın  dünyanın ən islahatçı 20 ölkəsi arasında qərarlaşması da deyilənlərin təsdiqidir. Dövrün və zamanın tələblərindən irəli gələn təkmilləşmələr davamlı uğurları qaçılmaz edir. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində də bu kimi amillər əhəmiyyətli rol oynayır.

   Bu gün dünya COVID-19-la mübarizənin daha da gücləndirilməsinə böyük ehtiyac duyduğu zamanda Azərbaycan insanların sağlamlığının təminatı istiqamətində atdığı addımları ilə yanaşı, iqtisadi islahatları dərinləşdirməsi, sosial layihələri təxirə salmadan davamlı icra etməsi ilə   diqqəti çəkir. Ölkəmizin inkişaf modelinin hər zaman öyrənilməsi və tətbiq edilməsi bir tələbə çevrilir. Cünki iqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan  ən cətin vəziyyətlərdən alnıaçıq, üzüağ çıxıb. 2008-ci ildə dünyanı bürüyən maliyyə böhranı ölkələrin iqtisadiyyatını iflic vəziyyətinə saldığı halda, Azərbaycan öz iqtisadi inkişafı ilə dünyanın diqqətində dayandı.  Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. İnsanların sosial müdafiəsinin gücləndirilməsi, onların təhlükəsizliyinin təminatı daim dövlətin siyasətinin ana xəttini təşkil edir. Təkcə cari ilin arxada qalan dövrünə diqqət yetirsək, həmçinin nəzərə alsaq ki, koronavirus pandemiyasına qarşı mübarizə aparılır, görərik ki,  yenə də sosial  islahatlar davamlılığı ilə diqqət çəkir. Bu islahatlar 2019-cu ildə daha geniş vüsət alaraq cari ildə də davam etdiriləcəyi böyük əminliklə qeyd edilmişdir. Amma hec bir ölkə gözlənilməz hadisənin yaşanmasından sığortalanmayıb. Əsas olan yaranan çətinlikləri aradan qaldırmaq üçün möhkəm bazanın, təkmil inkişaf modelinin mövcudluğudur. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən  iki sosial paket icra edildi. Əməkhaqları,  pensiyalar  dəfələrlə artırıldı. Cari ildə dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 4 cektoru, 20 fəaliyyət sahəsini əhatə edən  Tədbirlər Planı icra edilməyə başladı. Bu sənəd  məşgulluq və sosial dəstək tədbirlərini əhatə edir.

 Statistikaya diqqət yetirək. Son 16 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub. Valyuta ehtiyatlarımız 52 milyard dollardır. Yoxsulluq həddi bu illər ərzində 49 faizdən 4,8 faizə enib. İşsizlik 5 faiz səviyyəsindədir.  Son 16 ildən artıq dövrdə  dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında təsdiqlənən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində  2 milyondan artıq yeni iş yeri açılıb. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlananda ölkə Prezidenti İlham Əliyevin əsas tələbləri sırasında iş yerlərinin azaldılmaması dayandı. Məhz həyata keçirilən məşğulluq və sosial tədbirlər sırasında işsizlərə və karantin müddətində müvəqqəti işsiz qalan insanlara 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi də bu tərkibdəndir.

 Məhz Azərbaycanın bu ugurları  BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşmasına əsas verdi. Belə ki,  “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.  Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Ölkəmiz “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb.

  Göründüyü kimi, dövlətimizin başçısı İlham Əliyevin  həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib.  Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Ölkəmizin iqtisadi imkanları, dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu,  sabitliyin təminatı, milli həmrəyliyin möhkəmləndirilməsi, bir sözlə,  son 16 ildən artıq dövrdə  inkişaf strategiyasının bütün istiqamətləri əhatə edən uğurları  dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfinədn də təsdiq olunur.  Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.  Azərbaycanın təşəbbüsü ilə COVID-19-la mübarizə dövründə istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirən birlik, həmrəylik  tədbirləri də bu mövqenin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.  BMT-nin 130 ölkəsinin cənab İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının  keçirilməsi təşəbbüsünü dəstəklməsi də bunun bariz nümunəsidir.

Yeganə Əliyeva, “İki sahil”