25 iyun 2020 10:58
322

Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələri genişlənir

Azərbaycan-Rusiya münasibətləri həm iqtisadi, həm də siyasi sahədə geniş şəkildə inkişaf etməkdədir. Bu qarşılıqlı əməkdaşlıqların tarixi və iqtisadi bağlılığı vardır ki, onların bir çoxu hələ də öz aktuallığını qoruyub saxlayır.

Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin çoxşaxəli istiqamətləri mövcud olub.  Məhz son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında 200-ə yaxın sənəd imzalanıb. Yaradılmış möhkəm hüquqi baza iqtisadiyyat, o cümlədən  ticarət, kənd təsərrüfatı, yanacaq-energetika, elm və təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verib. Eyni zamanda, Azərbaycan  Rusiya arasında 50-yə yaxın biznesforum və işgüzar görüşlər keçirilib. Bütün bunlar nəticə etibarilə iqtisadi əlaqələrin inkişafına təkan verib.

Bu gün Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Bu şirkətlər həcmi milyard dollarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirir. 2019-cu ildə ölkələr arasında əmtəə dövriyyəsi 20 faiz artaraq 3 milyard dollardan çox olub. Koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxmayaraq, cari ilin birinci rübündə ölkələrimiz arasında əmtəə dövriyyəsi 2 faiz, ixrac-idxal əməliyyatlarının həcmi də artıb.

Həmçinin Azərbaycan ərazisindən keçməklə Rusiyadan Avropa istiqamətində Şimal-Qərb dəhlizi işə salınıb. 2019-cu ildə Şimal-Cənub dəhlizi ilə yükdaşımalaırının həcmi 60 faiz artıb. Ötən il Azərbaycana Rusiyadan rekord sayda-bir milyona yaxın turist səfər edib.

İki dövlət arasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Bu formatda əməkdaşlıq ölkə prezidentlərinin birgə təşəbbüsü ilə başlayıb və ticari-iqtisadi münasibətlərin inkişafında böyük hadisəyə çevrilib. Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən regionlararası forumlar ölkələrimizin arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığının genişlənməsinə şərait yaradır.

Hazırda Rusiyanın 78 subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. Rusiya dünyada hərbi məhsulların ən böyük istehsalçılarından biridir. Ona görə hərbi əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm istiqamətlərindən biridir. Son illərdə Azərbaycanın xaricdən aldığı silah-sursatın böyük hissəsi Rusiyanın payına düşüb. Artıq Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları ötüb.

Prezidentlər İlham Əliyevlə Vladimir Putin arasındakı bərqərar olmuş şəxsi dostluq Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsi və dərinləşməsi ilə müşayiət olunur. Bunun nəticəsidir ki, yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın Rusiya ilə münasibətlərində yeni keyfiyyət dəyişiklikləri baş verir.

Ötən illərdə Rusiya dövlətinin başçısı Vladimir Putinin Azərbaycana reallaşan səfərləri isə əlaqələrin daha da inkişafı ilə bağlı müzakirələrin davamı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bir sözlə, bu gün iki ölkə arasındakı  strateji müttəfiqlik münasibətləri yüksələn xətt üzrə inkişaf edir və bu müsbət tendensiya hər iki dövlətə əlavə siyasi və iqtisadi dividendlər qazandırır.

Elçin Zaman,

«İki sahil»