ABŞ Dövlət Departamentinin 2018-ci ildə ayrı-ayrı ölkələrin terrorla mübarizədə gördüyü tədbirlər barədəki hesabatında Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəsi yüksək qiymətləndirilir
Bəşəri bəla olan terrorizmə qarşı mübarizə regional sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlı olan Azərbaycanın ən önəmli hədəflərindəndir. Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı törətdiyi qırğınlar, 2 mindən artıq günahsız insanın qətli ilə nəticələnən terror aktları ölkəmizə xeyli maddi, mənəvi ziyan vurmuşdur. Xalqımız ötən əsrin ən böyük bəlalarından olan Xocalı soyqırımını yaşamışdır.
Müxtəlif illərdə törədilən terror aktlarının ağrı-acısını illərdən bəri yaşayan Azərbaycan müstəqil dövlət kimi harada törədilməsindən asılı olmayaraq kütləvi qırğınlara, soyqırımlara qarşı beynəlxalq mübarizə koalisiyasının üzvü kimi fəaliyyətini gücləndirir. 2012-2013-cu illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi uzvü kimi təşkilatın iclasına sədrlik edən Prezident İlham Əliyev ən yüksək tribunadan bəşəri bəla olan terrora qarşı mübarizənin davamlı proses kimi aparılmasının vacibliyini diqqətə çatdırdı. Həmin iclasda “Terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidilər” adlı məruzəsində vurğulamışdı ki, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir. Çünki terrorun təcavüzkar separatizm, ekstremizim və mütəşəkkil cinayətkarlıqla bağlılığı var. Prezident İlham Əliyev onu da bildirdi ki, terrorçuluğa qarşı təsirli və çox fədakar mübarizə olmadan qlobal məsələlərin həlli mümkün deyil.
50-dən artıq ölkənin, beynəlxalq təşkilatların nümayənələrinin iştirak etdiyi “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr edilmiş konfransın ölkəmizdə keçirilməsi də Azərbaycanın insanlara fəlakət gətirən bəlaya qarşı mübarizəsinin qiymətləndirilməsidir. Konfransdakı çıxışında terrora qarşı mübarizəyə diqqətin artırılmasını vacib hesab edən cənab İlham Əliyev onu da bildirir ki, bu bəlanı yaradanlara, radikal birləşmələrə maliyyə dəstəyi göstərənlərə qarşı mübarizədə mümkün mexanizmlərdən istifadə olunmalıdır. Müasir dünyamızda xalqların dinc, sülh şəraitində yaşaması üçün terrorçuluğu islamla bağlamaq niyyətlərinə qarşı da mübarizə aparılmalı, multikulturalizm dövlətlərin başlıca siyasətinə çevrilməlidir.
Arakanda, Suriyada, Türkiyədə, Myanmada Rohingiya müsəlmanlarına qarşı törədilən terrorları, cinayətləri, qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyən Azərbaycanın bu sahədəki xidmətlərinə alternativ yoxdur. Müxtəlif millətləri təmsil edən Azərbaycan vətəndaşlarının eyni hüquqlara malik olması, bir ailənin üzvləri kimi firavan yaşaması xalqımızın bəşəri bəlaya qarşı həmrəylik mübarizəsidir.
Ölkəmizin terrora qarşı mübarizədəki xidmətləri ABŞ Dövlət Departamentinin ayrı-ayrı ölkələrin terrorla mübarizədə gördüyü tədbirlər barədəki hesabatında da yer alıb. Hesabatın “2018 Terror hadisələri: 2018-ci ildə Azərbaycanda heç bir terror hadisəsi baş verməyib” hissəsində ölkəmizdə sabitliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər xüsusilə dəyərləndirilir. Qeyd olunur ki, Azərbaycanın təhlükəsizlik və hüquq-mühafizə orqanları ölkə ərazisində terror aktlarının qarşısını almaqla regional və beynəlxalq tərəfdaşları ilə də informasiya mübadiləsi aparır, antiterrorizm əməliyyatlarında fəallıq göstərirlər.
Dövlət Departamentinin hesabatında qeyd olunur ki, Avropa Şurasında, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər qurumlarda layiqincə təmsil olunan Azərbaycan NATO-nun antiterror təşəbbüslərinə Alyansın “Sülh naminə tərəfdaşlıq” proqramına üzv ölkə qismində də dəstək göstərir. Azərbaycan NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyası çərçivəsində bu ölkəyə sülhməramlılarını göndərməklə, Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna ianə verib.
Sənəddə o da bildirilir ki, Azərbaycanda ötən il maliyyə tranzaksiyalarına nəzarət üçün hüquq-mühafizə orqanlarının səlahyyətlərinin genişləndirilməsi ilə bağlı qanunvericiliyə düzəliş edilib. Eyni zamanda Azərbaycandan xaricdəki terror qruplaşmalarının tərkibində döyüşənlərin, belə qruplara maliyyə yardımı göstərənlərin məsuliyyətə cəlb olunması terrora qarşı mübarizənin təzahürüdür. Azərbaycanın beynəlxalq səviyyədə belə etimad qazanması ölkədə aparılan düzgün siyasətin, xalqların birgə yaşayış prinsipləri əsasında əməkdaşlığın möhkəmlənməsinə göstərdiyi diqqətin nəticəsidir.
Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana Forumlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun, “Bakı prosesi”nin artıq qlobal məkanda dəyərləndirilməsi, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqlar üçün ənənəvi xarakter daşıması ümumbəşəri dəyərlərə göstərilən hörmətdir.
Ölkəmiz artıq dünya miqyasında dinlərarası dialoqun formalaşmasında və təşkilində mühüm təcrübəyə malikdir. Respublikamızda demokratik azadlıqlar tam təmin olunub.
İslami dəyərlərdən qaynaqlanan başqa dinlərə dözümlülüyə, qarşılıqlı anlaşma prinsiplərinə sadiq qalan azərbaycanlılar bütün millətlərə hörmətlə yanaşırlar. Respublikamızda dini tolerantlığın təmin olunması sahəsində həyata keçirilən mükəmməl siyasət nəticəsində insanlara vicdan, dini etiqad azadlığı verilmişdir.
Dünyada çox az dövlət tapılar ki, Azərbaycanda yaranan tolerantlıq, dini dözümlülüyün təmin olunması üçün buradakı qədər səylər göstərilsin. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir.
Dünya dini liderlərinin iştrakı ilə Bakıda keçirilən, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” Sammitində qeyd olunduğu kimi dünyada sülhün təmin edilməsinin başlıca şərti tolerantlıqdır.
Dünya birliyinin terrorizmə, ekstremizmə, separatizmə qarşı mübarizəsinin genişləndiyi indiki dövrdə mədəniyyətlərarası münasibətlərin inkişafına təkan verəcək bu cür sammitlərin təşkili daha vacib və əhəmiyyətlidir. Tolerantlığın zəngin ənənələrini, dərin tarixi və mədəni köklərini yaşadan Azərbaycanın terrorizmə qarşı mübarizədə fəallığının beynəlxalq səviyyədə qiymətləndirilməsi insanlığa verilən dəyərdir.
Xuraman İsmayılqızı, “İki sahil”