08 oktyabr 2019 19:03
274

Azərbaycan türk dövlətlərinin inteqrasiyasının həm də ən fəal təşəbbüskarlarındandır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək VII Zirvə Toplantısı dost, qardaş xalqların birliyinə növbəti töhfədir

Türk dünyasının öndəri Mustafa Kamal Atatürk hələ Sovetlərin dövründə qonşuluq, müttəfiqlik əlaqələrinə böyük hörmətlə yanaşmaqla, eyni zamanda, gələcəkdə baş verə biləcək hadisələrə də hazır olmağı tövsiyə edirdi: “Dünya yeni bir müvazinətə keçə bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostluğumuzun idarəçiliyi altında dili bir, dini bir, mahiyyəti bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Susaraq o günü gözləmək lazım deyil, hazır olmaq lazımdır. Millətlər buna necə hazırlaşırlar, mənəvi körpüləri möhkəm saxlayırlarmı? Biz bir körpüyük, inam bir körpüdür, xaric bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələri bölən tariximizin içində bütövlənməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmağımız lazımdır.”

M.K.Atatürkün milli birlik ideyalarını daim dəstəkləyən , Türkiyə ilə Azərbaycanın həmrəyliyini bütünlükdə türk dünyasının güc, qüdrətlənmə  rəmzi adlandıran, “Biz bir millət, iki dövlətik” kəlamı ilə Türkiyə-Azərbaycan birliyi sayəsində türkdilli xalqları bir ailənin üzvləri adlandıran, “1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi, onu bərpa etdi. Yəni, Mustafa Kamal Atatürkün uzaqgörənliyi bununla da sübut olunur. O, hələ o vaxt görürdü ki, Azərbaycan və türkdilli digər xalqlar- Orta Asiya xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, öz azadlıqlarına nail olacaqlar. Biz buna nail olduq” söyləyən ulu öndər Heydər Əliyev onu da əlavə edirdi ki, Atatürk təkcə Türkiyənin deyil, bütün türk dünyasının gələcəyini hələ o illərdə aydın görürdü.

Türkdilli xalqların həmrəyliyini zamanın tələbi adlandıran, Naxçıvan MR Ali Məclisinin Sədri olarkən 31 dekabr Dünya Türklərinin Həmrəyliyi Günü ilə bağlı qərar qəbul edən, hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə fəaliyyətinin davamı kimi  Diasporla İş üzrə Dövlət Komitəsini yaradan ulu öndər Heydər Əliyev öndərliyini bir daha təsdiqlədi. “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli- mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir” söyləyən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanılarının I qurultayı xarici ölkələrdə  diasporun formalaşması üçün imkanları səfərbər etdi.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə təşkilatlanma prosesinin dəqiq, müəyyənləşdirilmiş konsepsiyaya uyğun, planlı şəkildə təkmilləşdirilməsi bəhrəsini verir. Sonrakı illərdə  keçirilən Dünya azərbaycanlılarının qurultaylarının, Bakıda təşkil olunan Türkdilli Dövlət və Cəmiyyətlərin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının, Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin forumlarını təşkil etməklə Ümummilli Liderin ideyalarını davam etdirən Prezident İlham Əliyev lobbiçilik fəaliyyətini gücləndirmək, erməni təbliğatına qarşı mübarizədə güclü həmrəylik göstərərək eyni ideologiya ətrafında sıx birləşmək istiqamətində daha mühüm addımlar atır.

2007-ci ildə Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I forumunun keçirilməsi, həmin ilin sonunda paytaxtımızda Türkdilli Dövlət və Cəmiyyətlərin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının təşkili xalqlarımız arasında əlaqələrin möhkəmlənməsini təmin etdi.

2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında türk dünyası xalqlarının daha sıx birləşməsini təmin edən önəmli addımlar atıldı. Bu toplantıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında təklif dəstəkləndi.

10 il bundan əvvəl keçirilən həmin Zirvə toplantısında çıxış edən, dünya siyasətinə təsir imkanları artan türkdilli dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək istiqamətində səylərin intensivləşdirilməsini zamanın tələbi adlandıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan türk dövlələrinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycanın türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət yetirməsi, iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi ilə bağlı təşəbbüsləri bütün dövlətlərə uğur gətirir. Türkdilli xalqların oxşar milli irsinə, mental xüsusiyyətlərinə, güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşan cənab İlham Əliyev dost ölkələr arasında  siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin möhkəmlənməsinə və inkişafına imkan yaradacaq, ümumi problemlərin həllinə yardım göstərəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının ( TÜRKPA)təşkilini də  ümumtürk birliyinin ifadəsi kimi dəyərləndirir. Naxçıvan Zirvə görüşündə “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur, Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq” sözləri ilə həmrəyliyin bütün türk xalqlarının milli mənafeyinə uyğun olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu birlik Cənubi Qafqaz regionunda yaranan və bölgə üçün təhlükə mənbəyi olmaqla, faciələr törədən bütün münaqişələrin həllinə də kömək göstərər.

Eyni kökə, oxşar taleyə mənsub olan türk xalqlarının əsrlərdən bəri qorunub saxlanılan dostluq, qardaşlıq münasibətlərinin inkişafını gələcək nəsillərə ərmağan adlandıran dövlət başçıları həmin Zirvə Toplantısında TÜRKSOY Fondunun, Türkdilli Akademiyanın yaradılması təklifini də dəstəklədilər. Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə yaradılan təşkilatın Bakıda keçirilən ilk plenar iclasında bildirildi ki, qurum əlaqələrin genişləndirilməsinə təkan verəcək, regionda sülhə və sabitliyə təminat yaradacaq. Vurğulandı ki, TÜRKPA-nın yaradılması türk dünyası birliyinə nail olunması yolunda əvəzsiz bir xidmətdir.

Tarixi hadisələr də göstərdi ki, türk dövlətlərinin gücü qonşu dövlətlərin iqtisadi inkişafına da təsir göstərir. Bu artıq reallıqdır ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan türk dünyasının liderləri olmaqla Avropa geoiqtisadi siyasətində başlıca rol oynayırlar.

Oktyabrın 14-15-də Bakıda keçirləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Toplantısı dost, qardaş xalqların birliyinə növbəti töhfə olacaq.  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edən Prezident İlham Əliyev  son illərdə türk dünyası coğrafiyasının genişlənməsini qarşılıqlı əməkdaşlığın uğuru və tarixi köklərə bağlılığın nümunəsi kimi yüksək qiymətləndirmişdir. TDƏŞ-in növbəti sammitinin də uğurla keçiriləcəyini və yeni mərhələ olacağını söyləyən dövlət başçımız bildirmişdir ki, TDƏŞ-in VII Zirvə Toplantısı çərçivəsində təşkil olunacaq biznes forum iqtisadi əməkdaşlığın genişlənməsinə təsir edəcək: “Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il bundan əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Ona görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq.”

TDƏŞ-in Baş katibi Bağdad Amreyev vurğuladı ki, türkdilli xalqların birlik və həmrəyliyini, digər toplantıları təşkil etməkdə zəngin təcrübəyə malik, sivilizasiyalararası dialoq məkanı Azərbaycanın bütün təşəbbüsləri dünyada sülhün, tərəfdaşlığın möhkəmlənməsinə istiqamətlənib: “İlk növbədə, demək istərdim ki, Azərbaycan , ümumiyyətlə türk birliyi prosesində xüsusi yer tutur. Məhz Azərbaycan torpağı Naxçıvanda razılaşma imzalanıb. Məhz Bakıda , Azərbaycan torpağında Siz yubiley sammitini qəbul edirsiniz. Artıq 10 ildir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyət göstərir. Həmin 10 il bir növ təşəkkül dövrü olub. İndi bu dövrü Sizin siyasi iradəniz, türk birliyinin formalaşması üzrə verdiyiniz mühüm qərarlar sayəsində başa çatdırmışıq.” 

Belə mötəbər tədbirlər göstərir ki, türk dünyasının mənəvi birliyinə, siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha təkmil sivilizasiya ilə çıxmaq zərurəti dövlətimizin daxili və xarici siyasətinin istiqamətlərindəndir.

Xuraman İsmayılqızı, “İki sahil”