26 yanvar 2021 20:39
1067

Azərbaycan və  Türkmənistan xalqlarının rifahına xidmət edən beynəlxalq əməkdaşlıq

          21 yanvar  2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb.

         Azərbaycan və  Türkmənistan dövlətləri arasında etibarlı münasibətlər davamlı əməkdaşlığın əsasıdır. Ölkələr arasında açıq müzakirələrin aparılması davamlı əməkdaşlığa zəmin yaradır. Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq ruhunda davam olunmasına xidmət edir. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır.

          Bizim əməkdaşlığımız xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsinin qorumasına xidmət edir. Xalqlarının gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir.

          Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib.Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər.Hasil olunacaq qazın  Azərbaycana və  TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaqdır.

          Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlətlərdir. Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaqdır.

         Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstək göstərməsi strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birinifəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasınınkoronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi ölkəmizin təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir

         21 yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaqdır.

Hatəm Qocayev,

YAP Naftalan şəhər təşkilatının sədri