21 oktyabr 2020 18:24
1058

Azərbaycan xalqı qalib Prezidenti və müzəffər Ordusu ilə fəxr edir

Sentyabrın 27-dən başlayaraq rəşadətli Silahlı Qüvvələrimiz Ermənistanın törətdiyi hərbi təxribata cavab olaraq uğurlu əks-hücum əməliyyatı aparır. Çox sevinirik ki, hər gün yaşayış məntəqələrimiz, kəndlərimiz, strateji əhəmiyyət kəsb edən yüksəkliklərimiz azad olunur. Artıq bayrağımızın  dalğalandığı Cəbrayıl, Füzuli şəhərlərinin sırasına Zəngilan da daxil oldu. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində xalqımıza bu xoş xəbəri çatdırdı ki, Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edildi. Qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırır, tezliklə üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına inamı artırır. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində tam əminik ki, bu sevinci də yaşamağımıza sayılı günlər qalır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yolumuz Qarabağadır! Bu gün şəhərimizin hər guşəsində rast gəldiyimiz reklam lövhələrində “Qarabağ Azərbaycandır!”, “Yolumuz Qarabağadır!” kimi qürurverici çağırışlara, paylaşımlara rast gəlirik. Gündəlik yüzlərlə insanın istifadə etdiyi ictimai nəqliyyatlarda təbliğat xarakterli lövhələrdə dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətlərində böyük inamla səsləndirdiyi  fikirlər, işğaldan azad olunan  ərazilərimizdə Azərbayan əsgərinin  üçrəngli bayrağımızı sancması anının təqdimatı vətəndaşlarımızı, qəlbi Qarabağla döyünən hər kəsi təsirləndirməyə bilməz. Cəbrayıllıların, füzulilərin, zəngilanlıların   qələbə sevinclərini   biri-biri ilə  paylaşmaq üçün bir yerə toplaşıb,  “Eşq olsun Ali Baş Komandana!”, “Eşq olsun Azərbaycan əsgərinə!” söyləyərək bu günü hər kəsə, xüsusilə 30 ilə yaxın öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün olan soydaşlarımıza yaşatdıqlarına görə təşəkkür və minnətdarlıq ifadə edirlər. Xalqımız qalib Prezidenti və rəşadətli Ordusu ilə fəxr edir. Zəfər sənindir, Azərbaycan əsgəri!

Bu gün hər kəs öz sahəsində əsgərdir. Fəaliyyət göstərdiyimiz sahədən asılı olmayaraq, hamımız bu müqəddəs mübarizəyə öz töhfəmizi verməliyik. Azərbaycan naminə bir olmalıyıq, həmrəylik göstərməliyik! Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, mənfur düşmənə layiq olduğu yeri göstərdik: “Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva müraciətlərində   “Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir” söyləyərək bildirir ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.

Ölkə Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa  hər bir  müraciəti dövlətimizin başçısının əzmli, qətiyyətli, uzaqgörən, xalqın dərin etimad və inamını əməli xidməti ilə doğruldan qalib siyasətçi və əvəzolunmaz dövlət başçısı olduğunu bir daha nümayiş etdirir. Dövlətimizin başçısının  müdrik siyasəti   Ermənistanın baş naziri Nikol Paşinyanın və faşist ideologiyasını seçmiş antidemokratik,  qaniçən hərbi xuntadan təşkil olunmuş, tez-tez dəyişməyə məhkum olan hökumətinin sonunu sürətlə yaxınlaşdırır.  Artıq küçədən birbaşa hakimiyyətə gələn bu yaramaz və yırtıcı cəlladların təcrübəsiz və boşboğaz liderlərinin ağ bayraq qaldırması ilə razılaşmaqdan başqa heç bir çıxış yolu yoxdur. Bu isə qədim tarixə və dövlətçilik ənənələrinə sahib olan məğrur Azərbaycan dövləti və onun qalib Prezidenti İlham Əliyevin qarşısında ağ bayraq qaldırmaqla ölkəmizə qarşı irəli sürdüyü əsassız iddialarla  danışan Paşinyanın diz çökdüyündən  xəbər verir. Azərbaycan Prezidenti işğalçı  Ermənistanın danışıqların aparılması üçün şərt qoymasına əbədi son qoydu. Artıq Ermənistan hökuməti qalib Azərbaycan dövlətinin tələb etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında danışıqlar prosesinə getmək üçün Azərbaycanın razılığının alınmasına kömək edilməsində onu dəstəkləyən ölkələrə yalvarır, diz çökür. Budur, Azərbaycan dövlətinin dünyaya nümunə olan, ədaləti, beynəlxalq hüququ daim öndə saxlayan siyasətinin təntənəsi.  Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni  reallaşdırır.  Bu qələbə Vətən torpaqları uğrunda bütün şəhidlərimizin nigaran ruhlarının da azad edilməsidir. Onların qisası döyüş meydanlarında alınır.  “Biz böyük qayıdışın astanasındayıq” bəyan edən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə bildirdiyi kimi, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaq, o torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.

Azərbaycan  ulu öndər Heydər Əliyevin yolu ilə inamla addımlayır. Xalqımızın  30 illik niskilinə Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti sayəsində  son qoyulacaq və bütün torpaqlarımız işğaldan azad ediləcək.  Bu zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq. Biz Sizinləyik, möhtərəm Prezidentimiz! Hər zaman irəli sürdüyünüz təşəbbüsləri, qəbul etdiyiniz qərarları dəstəkləyir, ətrafınızda sıx birləşir, dövlətinin, xalqının gələcəyini düşünən Prezidentimizlə qürur duyuruq.

Şəhla Hüseynova,
Azərbaycan Respublikası  Ədliyyə Nazirliyinin 40 saylı notariat kontorunun müdiri