19 mart 2020 15:38
937

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin çox mühüm istiqamətlərindəndir

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun yap.org.az saytına müsahibəsi

- Mehman müəllim, Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə malikdir. Xalqımızın əsrlər boyu yaşatdığı dəyərlərin, ənənələrin qorunması və təbliğinin əhəmiyyəti, eləcə də bu istiqamətdə görülən işlər barədə nə deyə bilərsiniz?

- Milli-mənəvi dəyərlər xalqların kimliyinin formalaşmasında müstəsna rola malikdir. Ümumiyyətlə, milli-mənəvi dəyərlər dedikdə, əsas etibarilə, milli ideologiya, mədəni yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, və s. nəzərdə tutulur. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən silinmək təhlükəsi ilə üzləşiblər.

Milli-mənəvi dəyərlərimiz bir xalq kimi kimliyimizi təsdiqləyən vəsiqəmizdir. Bir xalqın və ya ölkənin digər millətlər arasındakı yeri həm də onun milli-mənəvi dəyərlərini nə dərəcədə yaşatması ilə ölçülür. Xalqımız zəngin dəyərlərə sahibdir. Bu dəyərlərin qorunması və təbliği, əlbəttə ki, çox mühüm məsələdir. Hər şeydən əvvəl, bu bizim milli kimliyimiz, varlığımız və mədəniyyətimizlə bağlıdır. Dəyərlərimizi qorumaq kimliyimizi qorumaq, onları təbliğ etmək isə mədəniyyətimizin təbliği deməkdir. Müasir dünyada kimliklərin, mədəniyyətlərin və dəyərlərin təbliği və tanıdılması üçün imkanlar daha genişdir və biz bu imkanlardan maksimum dərəcədə istifadə edirik.

Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayan,  sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınan ölkədir. Bunu təmin edən ən mühüm amillərdən biri xalqımızın zəngin mənəvi dəyərlərə malik olması, bu dəyərlərin qorunması, yaşadılması, müasir dəyərlərlə zənginləşdirilməsidir.

Ümumiyyətlə, Azərbaycanın tolerantlıq nümunəsi beynəlxalq müstəvidə - dünya miqyasında da yüksək qiymətləndirilir.  Ənənə şəklində nəsillərdən nəsillərə ötürülən bu mühit müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir, təqdirəlayiq hal olaraq dəyərləndirilir. Müxtəlif mədəniyyətlərin qovşağında yerləşən müstəqil ölkəmiz dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində multikultralizm və tolerantlığın mərkəzinə çevirilib, respublikamızda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Öz ənənə və dəyərlərini qoruyaraq müasir dünyaya inteqrasiya edən ölkəmiz üçün bu siyasət mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsində biz həm öz tarixi mirasımıza sahib çıxır, həm də dünyada sülhün təbliği, mədəniyyətlər və dinlərarası dostluq münasibətlərinin inkişafında aktiv rol oynayırıq.

- Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiri dövrlərdə milli-mənəvi dəyərlərimizin yaşadılaraq gələcək nəsillərə ötürülməsinin tarixi önəmi barədə nə düşünürsünüz?

- Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə xüsusi əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev qeyd edib ki, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir: “Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə milli-mənəvi dəyərlərin qorunması və təbliğinə xüsusi diqqət yetirib. Xüsusilə də, milli-mənəvi dəyərlərin yaşadılması müstəqillik illərində dövlət quruculuğu prosesində mühüm əhəmiyyətə malik olub. Yəni dövlətin müstəqilliyinin qorunmasını təmin edən əsas sütunlardan biri məhz milli-mənəvi dəyərlər olub. Bu, eyni zamanda, sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəyərlərimizə bağlı gəncliyin yetişməsində vacib rola malik olub. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olduqdan sonra mənəvi dəyərlərimizin qorunması dövlətin əsas strategiyasına çevrildi. Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderimizin azərbaycançılıq ideologiyası dəyərlərimizin qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin səmərəli nəticələri ilə əlaqədar nə demək olar?

- Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilməsi, maarifləndirmə işinin aparılması, müvafiq proqramların hazırlanması və həyata keçirilməsi, habelə bu sahədə sosial layihələrin reallaşdırılması, mənəvi dəyərlərin təbliğinə yönəlmiş ədəbiyyatların çapı, qısametrajlı filmlərin çəkilməsi və digər işlərin ardıcıl surətdə davam etdirilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda, tarixdən gələn ənənələrimiz müasir dövrün tələbləri və çağırışları nəzərə alınmaqla daha da zənginləşdirilir.

Bunlarla yanaşı, ölkəmizdə gənclərin milli ruhda tərbiyə almalarına da xüsusi diqqət yetirilir, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır. Bunun üçün ilk növbədə səmərəli və məqsədyönlü gənclər siyasəti həyata keçirilir. Elə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Könülllüyün əsasında vətən sevgisi, xalqa xidmət prinsipləri dayanır. Könüllülərin çoxşaxəli fəaliyyəti həm də milli-mənəvi dəyərlərin təbliği kontekstində böyük önəm daşıyır.

- Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını və təbliğini daim diqqətdə saxlayır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə genişmiqyaslı fəaliyyət göstərir, əhəmiyyətli layihələr həyata keçirir. Görülən işlər əhəmiyyəti və qazanılan nailiyyətlər nədən ibarətdir?  

- Tamamilə doğrudur, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin qorunmasını daim diqqətdə saxlayır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə çox mühüm layihələr reallaşdırır, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir. Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə dolğun surətdə çatdırılması da çox böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın səyləri nəticəsində tarixi irsimizi əks etdirən digər nümunələrlə yanaşı, Novruz bayramının da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi isə bu kontekstdə əlamətdar hadisədir.

Bütövlükdə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.