09 fevral 2020 19:06
980

Azərbaycanda seçkilər kifayət qədər mütəşəkkil keçir

Seçkilər seçicilərin yüksək fəallığı şəraitində sakit keçir. Səhərdən biz 15 seçki məntəqəsində olmuşuq. Müxtəlif partiyaların və namizədlərin təmsilçisi olan yerli müşahidəçilərin çoxluğu müsbət amildir. Onların hamısının səsvermənin gedişatını izləmək imkanı var. Biz onlarla ünsiyyət quraraq çox ciddi problem və iradların olmadığını öyrəndik. Hesab edirəm ki, seçki prosesi bütün gün ərzində beləcə konstruktiv və sakit keçəcək, seçicilər layiqli seçimini edəcəklər. Ümumilikdə, bu gün bizim müşahidə etdiyimiz hər şey deməyə əsas verir ki, seçkilər lazımınca mütəşəkkil keçir.

Bu barədə jurnalistlərə MDB-nin Parlamentlərarası Assambleyası Şurasının müşahidə missiyasının üzvü, belaruslu deputat İqor Komarovski bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda seçki məntəqələrinin hər biri qanunvericiliyin bütün tələblərinə, məhz ümumxalq, bərabər və demokratik seçkilərin keçirilməsi standartlarına cavab verir.

Öz növbəsində, RF Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsi sədrinin müavini, MDB PAA-nın müşahidəçilər missiyasının üzvü Aleksandr Başkin qeyd edib ki, Azərbaycanda parlament seçkiləri respublikanın qanunvericiliyinə və beynəlxalq normalara ciddi müvafiq surətdə keçirilir: “Bu gün MDB PAA-dan olan missiyanın müşahidəçiləri seçki məntəqəsinin açılışında iştirak ediblər, sonra bir sıra digər dairələrdə də olublar. Seçki məntəqələrində olan mehriban və sakit ab-hava göz qabağındadır. Eyni zamanda, hansısa münaqişəli və mənfi hallar yaşanmayıb. Bununla yanaşı, bir-birinə rəqib olan müxtəlif partiyalardan və namizədlərdən çoxlu sayda müşahidəçi var. Bu prosesə ümumi münasibət çox pozitiv və məsuliyyətlidir. Bununla belə, onlardan heç biri hansısa pozuntunu müşahidə etməyib, müvafiq şikayət daxil olmayıb. Seçicilər tərəfindən də heç bir şikayət yoxdur. Mən Azərbaycanın Seçki Məcəlləsinə yaxşı bələdəm və görürəm ki, qanunvericiliyin tələb etdiyi hər şey dəqiqliyi ilə yerinə yetirilir”.

Rusiya Dövlət Dumasının deputatı, MDB PAA-nın müşahidəçisi Kazbek Taysayev vurğulayıb ki, Azərbaycanda keçirilən parlament seçkilərində seçicilər üçün hər cür şərait yaradılıb: “Mən Mərkəzi Seçki Komissiyasına kadrların hazırlanmasına görə təşəkkürümü bildirmək istəyirəm. Onlar, öz növbəsində, dairə komissiyalarında işi qüsursuz təşkil ediblər. Bu gün biz bir çox məntəqələrdə olduq. Seçicilər üçün bütün şərait yaradılıb. Heç bir pozuntuya rast gəlməmişik”.

Moldova parlamentinin deputatı, MDB PAA-dan olan müşahidəçi Qaqauz Flodor, öz növbəsində, bəyan edib ki, Azərbaycanda seçkilər prosedur baxımından kifayət qədər mütəşəkkil keçir. O deyib: “Bizim olduğumuz bütün seçki məntəqələrində kifayət qədər müşahidəçi var idi. Mənim müşahidələrimə görə, səsvermədə yaşlı nəslin nümayəndələri xüsusi fəallıq göstərirlər. Seçicilərin fəallığı onu göstərir ki, vətəndaşların əksəriyyəti öz ölkələrinin gələcəyi üçün, parlamentə seçəcəkləri şəxslər üçün məsuliyyət hissini dərk edirlər”. //AZƏRTAC