Azərbaycan və Ukrayna alimlərinin birgə apardıqları tədqiqat nəticəsində ölkəmizdəki palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineralların və mineralların nadir növlərinin olduğu müəyyən edilib.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, bununla bağlı "Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasının aksessor minerallaşması" layihəsi çərçivəsində araşdırmalar aparılıb.
Tədqiqatlar Ukrayna Milli Elmlər Akademiyasının Dəniz geologiyası, geoekologiyası və çökmə filizəmələgəlməsi problemləri Mərkəzinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
Tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineraloji tərkib – təbii əmələ gəlmiş mineralların, qeyri-səciyyəvi sulfatların, oksidlərin, təbii dəmir (vüstit, hematit) minerallarının, eləcə də nadir növlərinin varlığı müəyyən edilib ki, bu da həmin mineralların dərin flüidlərin təsiri nəticəsində əmələ gəlməsini hesab etməyə imkan verir.
Qeyd edək ki, sopka brekçiyası vulkandan çıxan püskürmə məhsullarıdır. O, əsasən ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarət olur.