Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
17 oktyabr 2020 13:50
753

Azərbaycan döyüş meydanında həm düşmənə, həm də bütün dünyaya gücünü göstərdi

Ermənistanın hərbi cinayətlərinin əsasında Azərbaycan Ordusunun zəfəri qarşısında acizlik dayanır

Ermənistan hakimiyyəti humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq mülki əhalini, yaşayış məntəqələrimizi atəşə tutur.  Oktyabrın 17-də Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın ikinci böyük şəhəri Gəncəni  raket atəşinə tutaraq faşist siyasətini bir daha nümayiş etdirdi. Mülki əhalini atəşə tutmaq cinayətdir. Döyüş meydanında məğlubiyyətindən psixoloji sarsıntı keçirən Ermənistanın baş nazirinin terrorçu əməllərinin miqyasını genişləndirməsi Azərbaycan xalqının iradəsini sarsıtmaq imkanında deyil. Azərbaycan Ordusu Gəncənin qisasını döyüş meydanında aldı. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində “Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq” söyləyərək bu xoş xəbəri də ölkə ictimaiyyətinə çatdırdı:”Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!” 

Reallıq budur ki,  Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğradı.  Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi. Bunu Gəncə sakinlərinin açıqlamalarından da aydın görür, qürur duyuruq. Diqqət çəkən məqamlardan biri bu oldu ki, dağıntılar altından çıxarılan insan o anın ağır sıxıntısını bir anda unudaraq bu fikri böyük ruh yüksəkliyi ilə bildirdi ki, biz sakinlər ermənilərin bu cinayət əməllərindən, terror aktlarından qorxmuruq, qələbə əzmimiz, döyüş ruhumuz daha da artır, işğal altında olan bütün torpaqlarımızı azad edəcəyimizə əminik. Dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycan Ordusuna güvənən hər kəs qələbə sevincimizin davamlı olmasından daha da qürurlanır.

    Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib. Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir. Vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə  nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər.

     Vətəndaşlarımız Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir, arxasında durduqlarını bəyan edirlər. Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 27-dən bugünədək xarici ölkələrin televiziya kanallarına, digər mətbu orqanlara müsahibələrində, xalqa müraciətlərində Azərbaycanın mübarizəsinin haqq mübarizəsi olduğunu önə çəkərək “Zəfər bizimlədir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” bəyan edir. Azərbaycanın dəyişməz mövqeyi daim işğalçı dövlətə və onun havadarlarına çatdırılir. Cənab İlham Əliyev oktyabrin 17-də xalqa müraciətində  “Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır” söyləyərək bu məqamı xüsusi qeyd etmişdir ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik: “Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”

 Düşünürük ki, dünya bu gün kimin  kim olduğunu görməklə yanaşı, haqqın, ədalətin müdafiəsinin zamanı olduğunu da xatırlamaq məcburiyyətindədir.  Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxlq qanunvericiliyi, Cenevrə konvensyalarının tələblərini kobud şəkildə pozur, törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcəkdir. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhalisinə qarşı həyata keçirilən hərbi cinayətlərin əsasında cəbhədə uğursuzluq, Azərbaycan Ordusunun zəfəri qarşısında acizlik dayanır. Azərbaycan Ordusunun qətiyyətli zərbələri nəticəsində bütün cəbhə boyu sürətlə geriyə çəkilməyə  məcbur olan Ermənistan rəhbərliyi çıxış yolunu dinc əhalidən qisas almaqda görərək Gəncə şəhərini raket ətəşinə tutmağı əmr verib.  Hazırda Ermənistan Ordusu bütün müqavimət imkanlarını itirib, nizamsız dəstələrə parçalanıb, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq hökm sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında deyillər. N.Paşinyan bu gün sərsəm bəyanatlarının acı nəticələrini görür. “Qarabağ Ermənistandır” deməklə bu utopiyasını rellıq kimi qəbul etdirə biləcəyini düşünən Ermənistanın sərsəm, siyasətdən, tarixdən xəbəri olmayan rəhbəri bu gün Azərbaycan Ordusunun gücü, qüdrəti, dövlətimizin qətiyyəti sayəsində əldə olunan qələbələrdən bəyanatının özünətəsəllidən başqa bir şey olmadığının şahididir. Azərbaycan əsgəri öz torpağında haqq mübarizəsi aparır, ərazi bütövlüyümüzü təmin etmək üçün fədakarlıq göstərir. İşğaldan azad olunan Füzuli, Cəbrayıl şəhərləri, neçə-neçə yaşayış məntəqələrimiz, strateji yüksəkliklərimiz hər birimizdə qürur hissi yaratmaqla yanaşı, işğalçı Ermənistana və onun havadarlarına  mesajdır- Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Tezliklə işğal altında olan bütün torpaqlarımız azad olacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, həmin ərazilərimizdə yeni həyat başlayacaq.

 Xalqımız bu sevinci yaşayacağına tam əmindir. Bugünümüzün əsas çağırışı dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində 28 ildir vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədlərinədir- Ermənistanın törətdiyi vəhşiliyə səssiz qalmaq bu cinayətə şərik olmaq deməkdir.  Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Beynəlxalq hüququn mövcudluğunu inkar edib, terror siyasəti həyata keçirən  bir dövlətin “rəhbər”inin əməllərinə adekvat tədbirlər görülmürsə, bu artıq ikili siyasətin təsdiqidir. İşğalçını silahlandırmaqla mülki əhaliyə qarşı terrorun törədilməsinə yardımçı olmaq özü böyük cinayətdir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan dünyanın böyük dövlətləri Ermənistan hakimiyyətinin Gəncədə törətdikləri cinayətin, terror aktının arxasında dayanan mənzərəni nəzərdən keçirməklə ədalətin maraqların arxasında necə, həm də hansı vəhşiliklə əridiyinin fərqində olarlar.

Yeganə Əliyeva, “İki sahil”