01 iyul 2020 10:21
1622

Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünya dövlətlərinin dəstəyi belə dəyərləndirilir 

    Koronavirus pandemiyası dövlətlər, xalqlar arasında birliyin, həmrəyliyin vacibliyini bir daha aktuallaşdırdı. Bu müddətdə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, onun  ardıncı Qoşulmama Hərəkatının videoformatda   «COVID-19-a qarşı birlikdəyik» devizi altında  Zirvə görüşlərinin keçirilməsi, sonunsu tədbirdə ölkə Prezidentimizin  BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü də  irəli sürməsi  Azərbaycanın dünyaya birlik, həmrəylik çağırışı olmaqla yanaşı, digər məsələlər kimi, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə  adekvat münasibətini  ortaya qoydu.  Qoşulmama Hərəkatının  Zirvə görüşündə vurğulandığı kimi,  qurumun sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi  dünya birliyi tərəfindən  təqdir olunur. Həmçinin Zirvə görüşündə 120 ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirildi.  Qəbul olunmuş Bəyannamədə  dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisi oldu.   Diqqət çəkən məqam bu oldu ki,  qeyd etdiyimiz   hər iki  Zirvə görüşünün sonunda qəbul olunan bəyannamələrdə  pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün bütün sahələrdə, xüsusilə  səhiyyə, iqtisadiyyat sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına, təcrübə mübadiləsinin aparılmasına böyük zərurət duyulduğu, bunun üçün İşçi qruplarının yaradılmasına çağırışlar edildiyi öz əksini tapdı. Bu razılıqlara uyğun olaraq, üzv və müşahidəçi ölkələrin təmsilçilərinin  iştirakı ilə keçirilən videokonfransda   hər bir nümayəndə öz ölkəsində COVID-19 pandemiyası üzrə sanitar-epidemioloji vəziyyət, səhiyyə infrastrukturu, diaqnostika və müalicə, karantin tədbirləri, iqtisadi və sosial fəsadaların aradan qaldırılması  ətrafında fikir mübadiləsi  aparır, yaranmış çətinlikdən birgə çıxmağın yolları açıqlanır.

   Keçirilən  Zirvə görüşləri Azərbaycanın pandemiya dövründə gördüyü işlərin, tətbiq etdiyi təkmil təcrübənin təqdimatı oldu.  Koronavirusa qarşı mübarizədə hər bir dövlətin həyata keçirdiyi tədbirlərin  diqqətdən keçirilməsi, səylərin birləşdirilməsi əsas müzakirə mövzusudursa,  düşünürük ki, Azərbaycanın təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatının təmsilçilərinin də etiraf etdikləri kimi, təqdirəlayiqdir.  Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və bu gün davam etməkdədir. Qurumun ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hazırda Azərbaycan hökuməti  əhalinin sağlamlığının etibarlı qorunması, virusun yayılmasının qarşısının alınması, həmçinin pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadaları aradan qaldırmaq üçün   həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Dövlətimizin başçısı İlham Əliyev irəli sürdüyü birlik, həmrəylik  təşəbbüslərini şərtləndirən amillərdən bəhs edərkən bildirir ki, ilk növbədə, milli səviyyədə işləməklə biz, həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Qeyd olunan qurumların videoformatda təşkil olunan Zirvə görüşlərində dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar ortaya qoyduq.  Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı.  Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir.

   Nəzərə alsaq ki,  Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və Azərbaycan bu təşkilatda üç il sədrlik edəcək, qurumun  Təmas Qrupunun Sammitinin keçirilməsi  ölkəmizə, ən əsası dövlətimizin başçısı İlham Əliyevə inam və etimadı nümayiş etdirdi. Bu gün həmin inam və etimad  BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstəkdə özünü qabarıq şəkildə büruzə verir. Bu reallıq bir daha təsdiqlənir ki,  səyləri birləşdirməklə bu bəlaya qarşı daha təsirli müqavimət göstərə bilərik.  «Biz pandemiyaya qarşı mübarizə işinə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik» söyləyən cənab İlham Əliyev bildirir ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı: «Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik. Müvafiq qərara əsasən, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan bu yardımın miqyasını və təqdim ediləcəyi ölkələri birgə müəyyənləşdirəcək.»

Reallıq budur ki, koronavirus infeksiyası hər bir dövləti ciddi siqnal qarşısında qoyub. Bəzisi bu siqnaldan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə.  Dövlətimizin başçısı İlham Əliyevin  gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən sox açdıqda Azərbaycanın adı birincilər cərgəsində qeyd olunur. Eləcə də  effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Ölkə Prezidentinin yaranmış vəziyyətin  sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir edilir. Bir məqamı da qeyd edək ki, Azərbaycan koronavirusa qarşı mübarizə çərçivəsində birlik, həmrəylik çağırışlarının reallıqda öz əksini tapması fonunda iki əks qütblərin- Avropa İttifaqı ilə Qoşulmama Hərəkatının bir araya gəlməsinə nail oldu.  Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisə oldu. Təbii ki, bu da daim  Azərbaycanın beynəlxalq səviyyədə vurğulanan və yüksək dəyərləndirilən sabitləşdirici, birləşdirici faktor rolundan irəli gəlir.

Azərbaycanın koronavirus pandemiyasına qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər  Türk Şurasının, eyni zamanda, Qoşulmama Hərəkatının zirvə görüşlərində  xüsusi olaraq önə çəkilmiş, təcrübəsinin öyrənilməsi vurğulanmışdır.  Türk Şurasının Zirvə görüşündə  çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev  haqlı olaraq vurğulamışdır ki, pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında  çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki, can verdiyi şəraitdə belə, ölkə Prezidenti İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının  Zirvə görüşündəki nitqində  « Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır» fikirləri ilə bugünkü və gələcək addımların ümumi  mənzərəsini təqdim etmişdir. Məhz bu mənzərənin tərkib hissəsi olaraq dövlətimizin başçısı İlham Əliyevin  BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü 130 dövlət tərəfindən böyük dəstək qazandı.  BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Təklif  Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca qurumun sədri, Prezident İlham Əliyev  BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT-nin Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir.  Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.  Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Bu təşəbbüsü dəstəkləyən dövlətlər bir daha bu əminliyi ifadə edirlər ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. O da bildirilr ki,  COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır. Dövlətimizin başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: «Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik. Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm.»

Yeganə Əliyeva,

«İki sahil»