11 sentyabr 2019 10:19
111

Azərbaycanın nümayəndə heyəti Avrasiya İqtisadi Forumunda - FOTO

Sentyabrın 10-da Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində Avrasiya İqtisadi Forumu işə başlayıb.

Ümumilikdə 58 ölkədən dövlət və hökumət rəsmilərinin, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heytəti təmsil edir.

Tarixi İpək yolunun başladığı Sian şəhərində iki ildən bir keçirilən forumun məqsədi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələr, onların ayrı-ayrı şəhərləri və regionları, beynəlxalq təşkilatlar, iri şirkətlər arasında birgə əməkdaşlığı təşviq etmək, bununla bağlı məsələlərin müzakirəsi üçün dialoq və qarşılıqlı əməkdaşlıq platformasını təmin etməkdir.

Açılış mərasimində çıxış edən Çin Dövlət Şurası Sədrinin (Baş nazir) müavini Hu Çunxua bildirib ki, Avrasiya İqtisadi Forumu iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin qurulması və genişlənməsi baxımından vacib rol oynayır.

Mərasimdə Çin Kommunist Partiyası Şansi vilayəti komitəsinin birincci katibi Xu Xıpin, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov və başqaları çıxış ediblər.

Qeyd edək ki, son illər dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradəsi ilə Azərbaycan və Çin arasında müxtəlif sahələrdə uğurla inkişaf edən münasibətlərölkələrimizin iri şəhərləri və regionları arasında da birbaşa əlaqələrin yaranmasına və genişlənməsinə təkan verib. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Sumqayıt ilə Çinin Sian şəhəri arasında dostluq əlaqələri də bu baxımdan diqqət çəkir. Cari ilin iyul ayında Sian şəhər Xalq Hökuməti rəhbərinin müavini Su Minfeyin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Sumqayıt şəhəri ilə Sian şəhəri arasında dostluq əlaqələrinin qurulması haqqında Niyyət Protokolu imzalanıb. Azərbaycan nümayəndə heyətinin Siana hazırki səfəri zamanı iki şəhər arasında münasibətlərin daha da genişlənməsinə dair fikir mübadiləsi aparılacaq, Sumqayıtın iqtisadi potensialı barədə məlumat veriləcək. 

Orxan Vahidoğlu, “İki sahil”