09 noyabr 2026 20:02
184

Azərbaycanın şanlı Zəfəri Kolumbiyada geniş təbliğ olunub

Kolumbiyanın paytaxtı Boqotada 8 Noyabr – Zəfər Günü münasibətilə məlumatlandırma və təbliğat aksiyaları keçirilib. Aksiyalar “Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiyalar zamanı şəhərin insanların sıx olduğu küçə və ictimai məkanları ilə yanaşı, Kolumbiya Konqresinin binası qarşısında, Böyük Meydanda, eləcə də bir sıra ali təhsil müəssisələrinin ərazilərində maarifləndirici tədbirlər təşkil olunub. Müxtəlif məkanlarda Zəfər Gününə həsr olunan bannerlər nümayiş etdirilib, ispan dilində hazırlanan məlumat materialları şəhər sakinlərinə və ictimaiyyət nümayəndələrinə paylanılıb.

Bundan əlavə, Kolumbiya ictimaiyyətinə Zəfər Gününün müasir Azərbaycan tarixindəki yeri və tarixi əhəmiyyəti, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə və Şuşa şəhərinin işğaldan azad edilməsi barədə geniş məlumat verilib. Tarixi Zəfərin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan dövlətinin siyasi iradəsinin, xalqımızın birliyinin və həmrəyliyinin mühüm rolu diqqətə çatdırılıb.

Aksiyalarda, həmçinin Azərbaycanın tarixi qələbəsinin regionda yaratdığı yeni reallıqlardan, uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün açdığı imkanlardan bəhs edilib. Zəfər Gününün həm də regionda təhlükəsizlik, davamlı sülh və gələcək inkişaf perspektivlərini özündə ehtiva edən mühüm tarixi mərhələ olduğu vurğulanıb.

Təbliğat aksiyaları Azərbaycanın zəngin tarixi, milli dəyərləri və müasir dövlətçilik salnaməsinin Kolumbiyada tanıdılmasına, Zəfər Günü ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılmasına və ölkəmiz haqqında beynəlxalq məlumatlılığın artırılmasına böyük töhfə verib.