Dünya iqtisadiyyatına koronavirusun vurduğu böyük zərər fonunda əksər ölkələrdə iqtisadi müstəvidə ciddi azalma qeydə alınır. Bura hətta dünyanın ən böyük iqtisadiyyatları da aid edilir. Onlarla müqayisədə Azərbaycanda iqtisadi vəziyyətin daha sabit və hələ də artan xətt üzrə inkişafı müşahidə olunur. Elə bunun nəticəsidir ki, cari ilin ilk rübündə Azərbaycan iqtisadiyyatı 0.2 faiz artıb. Dünya iqtisadiyyatında geriləmənin olması fonunda Azərbaycanda bu göstərici müsbət faktor sayılır.
Digər tərəfdən, hesablamalar göstərir ki, bu ilin yanvar-aprel aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 22 milyard 400,5 milyon manat təşkil edib. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda ÜDM istehsalının dəyəri isə 14 milyard 529,7 milyon manat təşkil edib. Bu hal iqtisadiyyatın artıq əsas etibarilə qeyri-neft sektoru üzrə inkişaf etməsinin daha bir real təsdiqidir. Bundan başqa, büdcə icrası ilə də bağlı Azərbaycan yenə üstün mövqedədir. Belə ki, pandemiyanın tüğyan etdiyi yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 574,2 milyon manat, xərcləri isə 7 milyard 267,7 milyon manat təşkil edib. Büdcənin icrasında 2 milyard 306,5 milyon manatlıq profisit yaranıb. Məhz bu məbləğ ölkəyə yeni manevr imkanları da qazandırır. Digər tərəfdən, proseslər göstərir ki, elə qeyri-neft sektoru hesabına da iqtisadiyyatın artımı davam edəcək.
Hazırda bu istiqamətdə Azərbaycanın əsas uğurlarından biri də tranzit yükdaşımalar, xüsusən də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istiqamətində özünü göstərir. Bu dəmir yolu xətti indi Azərbaycan üzərindən daha böyük həcmdə yükdaşımaya rəvac verməkdə, onun gəlirlərini artırmaqdadır. Yeni növ koronavirus infeksiyasının yaratdığı məlum problemlər Bakı-Tbilisi-Qars dəmir yolu xətii ilə daşımaların həcminin artmasına səbəb olub. Xarici ticarətdə BTQ-nin imkanlarına ciddi tələbat yaranıb. Bu xətt daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsi üçün cəlbedici magistraldır.
Bu xətlə Avropaya tranzit məhsulların da vaxtında daşınması təmin edilir. Pandemiya dövründə təhlükəsizliyin yüksək olması səbəbinə görə dəmiryol nəqliyyatı vasitəsilə yüklərin nəql edilməsinə tələbat artıb. Xüsusilə Orta Asiya ilə xarici ticarət əlaqələrində BTQ-yə tələbat artıb. Bu da BTQ-nin nə qədər əhəmiyyətli bir investisiya layihəsi olduğunu göstərir.
Belə ki, dəmir yolu xətti pandemiyanın mövcud olduğu şəraitdə ən təhlükəsiz yükdaşıma modelidir. Bu isə bir sıra ölkələrin dəmir yolu ilə yükdaşımalara marağını artırdı. Azərbaycanın siyasi və iqtisadi dəstəyi ilə işə düşmüş Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşımaların bundan sonra da artan xətt üzrə inkişaf edərək ölkəmizə daha çox gəlir gətirməsi gözlənilir. Təsadüfi deyil ki, son bir ildə bu dəmir yolu xətti ilə hərəkət etmiş vaqonların sayı 611-dən 1572-yə, yüklərin həcmi isə 40 min tondan 70 min tona çatıb. BTQ Azərbaycanın dövlət gəlirlərinin, valyuta ehtiyalatının formalaşmasında mühüm rol oynayır və xüsusi əhəmiyyətə malikdir.
Bir daha xatırladaq ki, BTQ Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu dəmir yolu xətii Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.
Cavid Əkbərov, “İki sahil”