09 yanvar 2020 20:50
1946

Bakını daha gözəl, daha müasir şəhərə çevirək!

Bakı gündən-günə müasirləşir. Qısa zaman kəsiyində yeni memarlıq nümunələrinin, göydələnlərin ucaldılması, tarixi binaların, yolların bərpası, park və xiyabanların salınması paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Hər birimizin qürur mənbəyi olan Bakının sürətli inkişafı beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Ötən il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO-nun 48 ölkədən 66 şəhəri, o cümlədən Bakını “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil etməsi də bunun əyani sübutudur. Şübhəsiz, bu hər şeydən əvvəl Bakının bir şəhər brendinə çevrilməsi üçün dövlət rəhbərinin həyata keçirdiyi uzaqgörən siyasətin bəhrəsidir.

Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən Bakı şəhərinin inkişafının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb: “Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır”.

Bəli, son illər memarlıq prinsiplərinə uyğun inşa olunan möhtəşəm binalar artıq Bakımızın simvollarına çevrilib. Təkcə bir faktı xatırladaq ki, dünyanın ən gözəl 10 binasının arasında yer alan Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. “Alov qüllələri”, “Crystall Hall”, Xalça Muzeyi, ofis binaları - bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Onu da qeyd edək ki,  paytaxtda keçmişlə müasirlik vəhdət təşkil edir. Yəni son illər inşa olunmuş möhtəşəm binalar, salınan yollar, parklar tariximizlə tam uzlaşır. Məsələn, qədim İçərişəhərdən çıxıb yolu keçərək müasir bulvara qədəm qoyan hər bir insan sanki keçmişdən bu günə səyahət edir. Şübhəsiz, bu nadir mənzərə və digərləri şəhərsalma sahəsində həyata keçirilən ciddi islahatların bəhrəsidir.

Ölkə başçısı İlham Əliyev paytaxtda gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edir, üstəlik, bir çox layihələrin təşəbbüskarıdır. Məsələn, Bibiheybət buxtası indi yaşıllıq, park zonasıdır. Böyükşor gölü, eləcə də Qara şəhər ilə bağlı görülən işləri isə sözün həqiqi mənasında dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələri  kimi dəyərləndirmək olar. Cənab Prezidentin bildirdiyi kimi, Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir.

Görülən işlər onu sübut edir ki, paytaxtda şəhərsalma  ilə yanaşı, nəqliyyat infrastrukturu, digər kommunikasiyalar, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması və başqa amillər də daim diqqət mərkəzində olub. Balaxanı zibilxanasının ləğv edilməsi və onun yerində müasir poliqonun qurulması, zibilin çeşidlənməsi, bərk tullantıların yandırılması nəticəsində artıq həmin ərazi ekoloji təmiz zonaya çevrilib. Bu sözləri vaxtilə ekoloji fəlakət mənzərəsini əks etdirən Bibiheybətə də şamil etmək olar. Bununla da paytaxtda ən ağır ekoloji fəlakət mənbələri ləğv edilib. “Sovetski” adlandırılan ərazidə də yaşayış çox ağır idi. Yəni, bir-birinin içində olan köhnə daxma tipli tikililər həm ekoloji vəziyyətə çox mənfi təsir göstərirdi, həm də orada yaşayan insanlar və nəqliyyat üçün böyük problem yaradırdı. İndi həmin ərazidə 20 hektarlıq əsrarəngiz park salınıb və s.

Komitənin son vaxtlardakı fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev Anar Quliyevi  qəbul edərkən Bakının belə gözəl şəhərə çevrilməsini şəhərdə memarlıq prinsiplərinə riayət olunması ilə əlaqələndirib və öz tövsiyələrini verib: “Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz”.

Prezident, həmçinin ölkəmizin digər şəhərlərində də bütün inşaat işlərinin müasir şəhərsalma qaydalarına uyğun aparılmasının vacubliyini vurğulayıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”