Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycanda kifayət qədər böyük nüfuza malik ali təhsil müəssisələrindən biridir. Təkcə onu demək kifayət edir ki, BANM birinci ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir. Belə ki, 2012/2013-cü tədris ilində BANM-in 11 tələbəsi Prezident təqaüdünə layiq görülmüşdüsə, 2019/2020-ci tədris ilində bu göstərici 23 olub. İndiyədək bu məktəbin Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. Həmçinin 2015/2016-cı tədris ilində I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 abituriyentdən 3-ü BANM-ə qəbul olmuşdusa, 2017/2018-ci tədris ilində isə 700 bal toplayan 7 nəfərin 7-si də bu ali məktəbi seçib.
Yüksək nəticə göstərərək ali məktəbə qəbul olunmaq nə dərəcədə əhəmiyyətlidirsə, məzun olub işlə təmin olunmaq da ondan da çox vacibdir. Bu mənada BANM məzunlarının karyeralarını harada qurmaları da olduqca maraqlıdır. BANM-in “2019-cu il məzunlarımız haradadır?” adlı jurnalı bu ali məktəbin məzunlarının karyera uğurlarından bəhs edir.
BANM-in rektoru Elmar Qasımov jurnaldakı “Rektordan...” başlıqlı yazısında bildirib ki, ali məktəbdə Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizi ilə yüksəkixtisaslı ingilis dilli mühəndis kadrların hazırlanması ilə yanaşı, onların işlə təminatında da səylər əsirgənilmir. Onun sözlərinə görə, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ali məktəbin məzunlarının 100 faizi işlə təmin olunublar. Rektor vurğulayıb ki, BANM-in məzunlarının uğurları bir daha sübut edir ki, bilikli və bacarıqlı mütəxəssis iş axtarmamalıdır, “iş onu axtarmaldır”.
BANM 2019-cu ildə üçüncü buraxılış məzunlarını yol salıb. Ali məktəbdən 3 ixtisas üzrə 110 nəfər məzun olub. Jurnalda qeyd edilib ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə çalışmağa başlayıblar. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda, təhsilini davam etdirənlər var. BANM məzunları ən çox sayda SOCAR-da çalışırlar. Cari ilin iyul ayının 1-nə olan məlumata görə, ali məktəbin SOCAR-da 29, BANM, BP, “SOCAR-KBR”, “SOCAR Polymer” və “Schlumberger”in hər birində 6, SOCAR-ın STAR zavodu və “Maire Tecnimot” şirkətində hər birində 4 məzunu çalışır. BANM-ın 2019-cu il məzunları, həmçinin SOCAR-ın “Petkim” neft-kimya kompleksinin, “Halliburton”, “Saipem” “TechnipFMC”, “CosmicMind” və s. kimi şirkətlərin məzunlarıdırlar.
Eyni zamanda, təhsillərini davam etdirməyi qərara almış məzunlar Azərbaycan, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura pilləsində davam etdirirlər. Onların arasında BANM və UNEC-lə bərabər, ABŞ-ın Ostin Texas və Luiziana universitetləri, Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Almaniyanın Hamburq Texnologiya və Passau universitetləri, Yaponiyanın Kyoto Universiteti, Səudiyyə Ərəbistanının Kral Abdullah Elm və Texnologiya Universiteti, Çin Neft Universiteti, İtaliyanın Turin Politexnik və Boloniya universitetləri, Norveç Elm və Texnologiya Universiteti kimi ali təhsil müəssisələri də var.
Ceyhun Piriyev,
“İki sahil”