08 noyabr 2019 20:14
2114

Bayrağımız qürurumuz, dəyərimizdir

Dövlətimizin başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq

Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

2009-cu il noyabrın 17-də dövlətimizin başçısı İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı.

Sənəddə də bu fakt qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən əsrə, nəsildən nəslə ərmağan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının bayraq qarşısında and içib xalqına, Vətənə sadiq qalacaqlarına söz vermələridir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev üçün dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış idi. 1990-cı ildə  Naxçıvana qayıdaraq bu günümüz üçün davamlı işlərə, biri-birindən əhəmiyyətli addımlara imza atan ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin hər biri tariximizə yazılsa da onların arasında xüsusi qeyd olunacaq işlər var ki, bunlardan biri də 17 noyabr 1990-cı ildə sədrlik etdiyi Naxçıvan MSSR Ali Məclisinin sessiyasında irəli sürdüyü təklifdir. Muxtar respublikanın adından “sovet, sosialist” sözləri götürüldü.  Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş bayrağın, gerbin və dövlət himninin bərpası ilə bağlı möhtəşəm qərar qəbul olundu.  Mavi rəngi ilə türkçülük ideyasına sadiqliyini, qırmızı rəngi ilə müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəngi ilə İslam sivilizasiyasına mənsubluğunu bildirən bayrağımız ilə Azərbaycanın müstəqilliyinin, əbədiliyinin, milli dövlətçiliyimizin təməli qoyuldu.

Naxçıvan MR Ali Məclisinin Sədri kimi  dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyevin: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun” sözləri bayrağımızın müqəddəslik rəmzidir. 1993-cü il oktyabrın 3-də Prezident seçilən ümummilli lider Heydər Əliyev andiçmə mərasimində bir daha dövlətçilik rəmzi olan atributlara sədaqətini bayrağımızı öpməklə ifadə etmişdir: “ Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaxşı yaşaması üçün lazımi şərait yaratmaq- bu vəzifələr mənim prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam.”

Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi  BMT- nin, Avropa Şurasının, üzvü olduğumuz digər beynəlxalq təşkilatların, ölkəmizi başqa respublikalarda təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə Azərbaycanı təmsil edir, göz oxşayır. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması da əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, süverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncami ilə Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə, hər il 9 noyabr tarixi ölkəmizdə  Dövlət Bayrağı Günü ümumxalq bayramı kimi qeyd olunur.

Hər bir beynəlxalq səviyyəli yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılması ölkəmizin müstəqilliyinin, dünya birliyində layiqli yer tutmasının təqdimatıdır. Son illərin beynəlxalq səviyyəli idman, musiqi yarışlarına diqqət yetirmək kifayətdir.

Bayrağımızın müqəddəsliyini Azərbaycandan uzaqlarda belə qorumaqla gəncliyə nümunə göstərən, dövlət atributumuzun toxunulmazlığını hər bir vətəndaşın şərəf işi olduğunu bildirən, Azərbaycan bayrağını təhqir edən erməni şovinistinə layiq olduğu dərsi verməklə hərbçi şərəfini və dövlətçiliyimizin müqəddəsliyini, toxunulmazlığını qoruyan Ramil Səfərovun bu hərəkəti bayrağımıza sədaqətin məntiqi ifadəsi oldu. Ramilin Azərbaycana dönüşünü, azadlığa buraxılmasını Prezident İlham Əliyevin bir dövlət başçısı, Ali Baş Komandan kimi qətiyyətinin təntənəsi, haqq-ədalətin qələbə simvolu adlandıran xalqımız sevincini bayrağımızı  əbədi uğurlarımızın şahidi kimi dalğalandırmaqla bildirdi.

Qeyd etdiyimiz kimi, dövlət bayrağımız ölkəmizdən kənarda Vətənimizin varlığını təsdiq edir. “Eurovision-2012” mahnı müsabiqəsində, idman yarışlarında ölkəmizə birincilik qazandıran qaliblərin şərəfinə ucaldılan bayrağımız sivilizasiyalararsı dialoq məkanı, mədəniyyətlərin qovuşduğu respublika kimi mötəbər məclislərə ev sahibliyi edərək qonaqları da salamlayır. Olimpiadalarda, beynəlxalq yarışlarda idmançılarımızın qələbəsini yüksək pillədən dünyaya çatdıran Azərbaycan bayrağı ölkəmizə dəfələrlə bu sevinci bəxş edir. Bayrağımız hələ neçə-neçə möhtəşəm idman və musiqi bayramlarında ölkəmizə uğur qazandıracaq.

“Azərbaycan beynəlxalq arenada özünə layiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın” söyləyən Prezident İlham Əliyevin xarici səfərlərində uğurlarımıza, möhkəmlənən mövqeyimizə bələdçilik edilən bayrağımız olur.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr, demokratik ölkə, iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınmasında, özünə layiqli yer tutmasında da bayrağımız şahidlik edir. Regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru inamla irəliləyən Azərbaycan bu gün dünyanın enerji təhlükəsizliyinin təminatçısı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. İqtisadi imkanların artması hər sahədə uğurlu addımların atılmasına, insan amilinə dəyərdən qaynaqlanan işlərə böyük stimul verir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, neft kapitalı insan kapitalına çevrilib. Azərbaycan gəncləri dünyanın tanınmış ali məktəblərində təhsil alır, zəngin bilik və təcrübə əldə edir, ölkəmizə qayıdaraq davamlı inkişafa öz töhfələrini verirlər. Xaricdə təhsil alan hər bir Azərbaycan vətəndaşı həqiqətlərimizin təbliğatçısıdır. Bu təbliğatın ən böyük dəstəkçisi yenə də üçrəngli bayrağımızdır.

Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycan ənənələri olan ölkədir. Keçmişinə, ədət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sadiq, dövlətçilik maraqlarını hər şeydən üstün tutan xalqımız bir bayraq altında toplaşaraq bir amala-azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik.

Azərbaycanın müstəqil siyasəti bütün uğurların başlıca şərti olduğu kimi müstəqilliyimiz də ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqillik simvolumuz isə bayrağımızdır. Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə bütün millətlərin nümayəndələri, müxtəlif dini konfessiyalara məxsus insanlar mehribanlıq, dostluq şəraitində yaşayırlar.

Uğurlarımız fonunda daim bu əminlik də ifadə olunur ki, gün gələcək Lələtəpədə dalğalanan bayrağımız işğal altında qalan bütün torpaqlarımızda dalğalanacaq. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Bu əminliyə əsas verən Azərbaycan diplomatik uğurları, iqtisadi imkanlarının artması fonunda ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdir. Təkcə cari ilin ötən aylarında Azərbaycanın diplomatik uğurlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə işğalçı dövlətə və ona havadarlıq edən dövlətlərə bir daha ciddi mesajını ünvanladı. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, işğaldan azad olan torpaqlarımızda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.

Yeganə Əliyeva, “İki sahil”