07 noyabr 2019 16:46
112

BƏƏ ilə KOB sahəsində əlaqələr daha da genişlənəcək 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Dubayda Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin müavini Mohammed Ahmed Bin Abdulaziz Al-Şehhi və Dubay Ticarət və Sənaye Palatasının Baş icraçı direktoru Hamad Buamin ilə görüşüb.

Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri vurğulanıb, kiçik və orta sahibkarlıq sahəsində əlaqələr, KOB-ların iştirakı ilə birgə tədbirlərin keçirilməsi, KOB sahəsində məlumat və təcrübə mübadiləsi kimi istiqamətlərdə müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına verilən önəmi diqqətə çatdırıb, KOB-ların inkişafına dəstək məqsədilə yaradılmış KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, KOBİA Dubayın KOB sahəsində müvafiq qurumu ilə uğurla əməkdaşlıq edir və Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində də bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi müzakirə olunacaqdır. Eyni zamanda qeyd olunub ki, hazırda Dubay şəhərində davam edən “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan pavilyonunun açılması Azərbaycan məhsullarının təqdim edilməsi ilə yanaşı, iş adamları arasında yeni əməkdaşlığın qurulmasına da öz müsbət töhfəsini verəcəkdir.