13 yanvar 2020 13:01
3735

Bəhram Hüseynov: “Babək”də bu il ərzində qazma işlərinə başlanılacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Babək” yatağında ilk quyunun qazma işlərinə bu il ərzində başlanılması nəzərdə tutulur.

Bunu “İki sahil”ə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov bildirib. Onun sözlərinə görə, hazırda qazma işlərinin aparılmasına hazırlıq görülür: "Artıq qazmanı həyata keçirəcək qurğu müəyyənləşdirilib. Bu, Qazaxıstandan Azərbaycana gətirilən "Sətti" özüqalxan üzən qazma qurğusudur. Hazırda bu qurğu BP şirkəti üçün nəzərdə tutulan 3 quyuda qazma işləri ilə məşğuldur. Bu səbəbdən də bu qurğunun “Babək” strukturunda qazma işlərinə başlayacağı dəqiq tarix məlum deyil. Ancaq bu il ərzində bu qazma işlərinə başlanılacaq.”

B. Hüseynov bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında da yeni quyuların qazılmasına hazırlıq işləri görülür.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti qeyd edib ki, “Ümid” yatağının 1 saylı platformasında quyu qazılacaq: “Bu yataqda ikinci platforma tikiləcək və orada da yeni quyuların qazılması nəzərdə tutulur.”

Orxan Vahidoğlu, “İki sahil”