27 iyun 2020 18:46
457

Bəhruz Quliyev: Bu, həmin müxalifətdir ki, hakimiyyət üçün şeytanla da əməkdaşlığa hazırdır

Bu, həmin müxalifətdir ki, hakimiyyətə yiyələnməkdən ötrü şeytanla belə əməkdaşlığa hazır olduqlarını açıq-aşkar ifadə ediblər.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, belə bir etirafın özü də sübut edir ki, bu gün özlərini düşərgənin “ana müxalifət”i olaraq zorla ictimai rəyə sırımağa cəhd edənlər hazırda da anti-Azərbaycan, ermənipərəst qüvvələrlə əməkdaşlıq edir, sifarişlər alır, öhdəliklərə boyun olurlar: “Amma fakt burur ki, illərdir xəyanətkar fəaliyyətləri ilə müxtəlif satqınlıqlara rəvac olan dırnaqarası liderləri xalq qəbul etmir. Daha dəqiq desək, onlar özlərini xalqdan təcrid ediblər. Xalq yaxşı bilir və dərk edir ki, əgər bu gün Qarabağdakı torpaqlarımız işğal altındadırsa, bunun bilavasitə baiskarları, günahkarları onlardır. Hakimiyyətə yiyələnmək şəxsi mənfəətlərini qazanmaq üçün hətta bu dərəcədə xəyanətlərə yol verənlər indi hansı haqdan, ədalətdən, demokratik dəyərlərdən danışırlar? Məgər, güc və silah yolu ilə iqtidara gələn və birillik hakimiyyətləri zamanı sözün əsl mənasında xalqın qanına susayan, avtoritar və xunta rejimi ilə ölkəmizin müstəqilliyini yenidən itirilmək təhlükəsi ilə qarşı-qarşıya qoyanlar da onlar deyilmi?!”.

“Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları öz çıxışlarında hər dəfə bu faktları açıqlayır, həqiqətləri xalqın nəzərinə çatdırır” - deyən siyasi ekspert onu da qeyd edib ki, bu gün “Milli Şura”da var-gəl edən siyasətbazlar yenə də həmin ucuz, dırnaqarası təfəkkürdən ayrılmayıblar, bu kimi xəbis düşüncələri ilə insanların qarşısına çıxmaqdan utanmırlar: “Təkcə bir faktı xatırlayaq. Dünya ölkələri koronavirusla mübarizə çərçivəsində müəyyən iqtisadi çətinliklər yaşayır. Xüsusilə, enerji resurslarının və sənayesinin iqtisadiyyat sahələrinə vurduğu zərərlər demək olar ki, bir sıra aparıcı ölkələrə müəyyən çətinliklər yaratmaqdadır. Neftin qiymətinin aşağı düşməsi və s. kimi məsələlər mövcud vəziyyətin reallığıdır. Lakin dövlətimizin başçısı istər keçirdiyi videokonfranslarda, istərsə də regionlara səfərləri zamanı bəyan edir ki, hər şeyə rəğmən, bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti xalqın rifahı, sosial təminatı üçün layihələri sona qədər icra edəcək, bundan sonra da növbəti layihələrin tətbiqini davam etdirəcək. Yəni dövlət üçün əsas amil xalq, insan faktorudur ki, Prezident İlham Əliyev cənabları xalqının lideri olaraq sözün əsl mənasında mütərəqqi siyasətini davam etdirməkdədir. Onun xalqa etibarı və xalqının Ona etimadı faktı özünü kifayət qədər təsbit və təsdiq edib.
Ancaq qaragüruhçular hələ də bir-birilərini neftin qiymətinin aşağıya düşməsi ilə bağlı təbrik edir, bunu özlərinin hakimiyyətə gəlmələri üçün “şans” hesab edirlər. Çox gülünc, kifayət qədər xülyalı və utopik bir düşüncə tərzidir. Belə çıxır ki, onlar da düşmənlərimiz ermənilər kimi neftin qiymətinin ucuzlaşmasından necə deyərlər, sevinc hissi keçirirlər ki, Azərbaycan dövləti və xalqı bundan zərər görsün. Lakin unudurlar ki, Azərbyacan dövləti hələ koronavirus pandemiyası mövcud olmayanda istənilən fors-major hadisələrə qarşı preventiv addımlar atmaq üçün iqtisadiyyatının bütün sahələrini, təməllərini möhkəmləndirib. Məhz bu gerçəklik hazırda ölkəmizin çətin vaxtlarda ayaqda durmasına, xalq üçün xidmət etməsinə şərait yaradıb”.

“Bu gün Azərbaycan Prezidenti bəyan edir ki, ölkəmiz epidemiya dövründə heç bir xarici təşkilata, dövlətə, humanitar qurumlara yardım üçün müraciət etməyib, əksinə, xarici ölkələrə humanitar və ərzaq yardımları göstərib və bu addımlar davam etdirilməkdədir” -deyən “SƏS” qəzetinin baş redaktoru bu uğurlara kölgə salmağa cəhd edən radikal müxalifətin - “Milli Şura”nın dövlətçiliyimizə qarşı açıq-aydın düşmənçilik etdiyini vurğulayıb: “Orada toplaşaraq keyfiyyətsiz, səviyyəsiz və ucuz düşüncə tərzləri ilə boş-boş fikirlər ixrac edənlərin adlarını sadalamağa ehtiyac yoxdur, çünki hər kəs yaxşı bilir və dərk edir ki, onlar üçün dövlətçilik məfhumu, xalqçılıq faktoru hər zaman aşağı pillələrdə olub, hətta olmayıb. Bu baxımdan, hesab edirəm ki, onların fürsətcillikləri heç vaxt istədikləri nəticəni verməyəcək. Xalq, satqın və xəyanətkar, düşmənlərlə iş birliyində olan ünsürləri hər zaman olduğu kimi, bu gün də rədd edir”.