21 avqust 2020 16:52
4823

Bəxtiyar Vahabzadə dramaturgiyası Naxçıvan teatrında

Teatr tariximizdən

Sizin şəxsiyyətiniz və yaradıcılığınız xalqın milli təfəkkürünün formalaşmasına xidmət etmiş, onu milli dirçəlişə səsləmiş, istiqlaliyyət uğrunda mübarizədə əvəzsiz rol oynamışdır. Siz hər zaman azadlıq carçısı olmuş, ən çətin anlarda belə güc və silah qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət vəkili, yorulmaz ictimai xadim kimi xalqın müdafiəsinə qalxmışsınız.

Ümummilli lider Heydər Əliyev

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, publisist, ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə milli dramaturgiyamızın və teatrımızın tarixində parlaq səhifə açan şəxsiyyətlərdən biri olmuşdur. O, altmış ildən artıq gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, qələmindən çıxan əsərlər – 70-dən çox şeirlər kitabı, tarixi və müasir mövzuda 20-dən çox poema, 14 pyes, 2 monoqrafiya, 11 elmi-publisistik kitabı və yüzlərlə məqaləsi ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında müstəsna rol oynamışdır. Yarım əsrdən artıq bir dövrdə bu əsərlər xalq tərəfindən sevilə-sevilə oxunmuş, geniş oxucu kütləsinin milli-mənəvi ruhda formalaşmasında mühüm rol oynamışdır. O, təkcə Azərbaycanda deyil, sərhədlərimizin hüdudlarından kənarda da görkəmli şair, dramaturq kimi tanınmış, müəllifi olduğu əsərlər dünyanın bir çox ölkə və xalqlarının dillərinə tərcümə edilmişdir.

B.Vahabzadə həm də alovlu qələmə sahib publisist bir ictimai xadim idi. Azərbaycan xalqını düşündürən elə bir mənəvi məsələ yoxdur ki, şair-publisist bu barədə prinsipial mövqeyini bildirməsin, sözünü deməsin. Milli-mənəvi dəyərlərin qorunması, milli dilin saflığı, adət-ənənələrə sadiqlik, milli mədəniyyət və müasirlik uğrunda mübarizə əzmi, vətəndaşlıq mövqeyi B.Vahabzadə yaradıcılığının bütün janrlarına sirayət etmişdi. Şairin yaradıcılıq üfüqlərinin genişliyi tədqiqatçıların diqqətindən yayınmamışdır: “Dərin məna, gözəl məntiq, ürək çırpıntılarıyla dolu bədii fəlsəfi fikirləri Bəxtiyar əsərlərinin özülüdür” – deyə qiymətləndirmişlər. 

Bəxtiyar Vahabzadə Azərbaycanın müasir ictimai fikrini formalaşdıran şəxsiyyətlərdən idi. Görkəmli sənətkar həm ictimai, elmi-pedaqoji fəaliyyəti, həm də geniş və zəngin bədii yaradıcılığı ilə milli mədəniyyətimizin inkişafında, xalqımızın milli özünüdərkində mühüm rol oynamışdır. Onun fəlsəfi dərinliyi, humanizmə, mənəvi saflığa, vətənpərvərliyə çağırışı, ictimai səciyyəsi ilə seçilən əsərləri bu gün də öz aktuallığı ilə diqqəti cəlb edir. Qüdrətli sənətkar Azərbaycan dramaturgiyası və teatr sənətinin inkişafına da böyük təsir göstərmiş və bu sahədə müstəsna xidmətlər göstərmişdir. O, milli teatrımızda tarixi dramları və mənzum pyesləri ilə lirik-psixoloji üslubun, poetik teatrın ənənələrini davam və inkişaf etdirmişdir. 

Tədqiqatçıların fikrincə ötən əsrin 60-cı illəri Azərbaycan teatrının tarixinə yeni, müasirlik axtarışları mərhələsi kimi daxil olduğundan, lirik-psixoloji dramların ön plana çəkilməsi qanunauyğun və məntiqi bir hadisə idi. Teatrın yeniləşməsində görkəmli səhnə xadimləri, qabaqcıl teatr ideyaları ilə yaşayan rejissor, aktyorlarla yanaşı, Azərbaycan dramaturqlarının da böyük rolu olmuşdur. Pyeslərində günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insani münasibətlərdən söz açılmış, gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət yetirmiş, əsərləri Azərbaycan teatrlarında layiqli səhnə təcəssümünü taparaq, teatrların repertuarlarından, səhnəsindən düşməmişdir. Cəfər Cəfərov yazırdı: “50-ci illərin sonundan özünü göstərən və 60-cı illərdə daha da dərinləşən bir proses indi sabitləşməkdə və öz real bəhrələrini verməkdə idi. “Yeniləşmə” daha meyl deyildi, “təmayül” deyildi; o, yeni səhnənin özü, onun əsas keyfiyyəti idi. İnkişafda mühüm tarixi bir dövr tamamlanmış və onu əvəz etməli olan növbəti, daha yüksək mərhələnin əlamətləri görünməyə başlamışdı”.

Lirik-psixoloji təmayülün teatrlarda yer almasında B.Vahabzadə yaradıcılığında yüksək ictimai qayə, əqidə, təmiz əxlaqi pafos və fəlsəfi mövqe xüsusi yer tutmuşdur. Görkəmli dramaturqun pyeslərini iki qismə ayırmaq olar. Birinci qismə “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Cəzasız günah”, “Rəqabət” və s. müasir mövzulu lirik-psixoloji dramları və ikinci qismə “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” tarixi dram əsərləri daxildir. Dramaturq lirik-psixoloji üslubdakı pyeslərində müasirlərimizin mənəvi aləminə işıq salmaq, onların xarakterindəki psixoloji dəyişmələri, ziddiyyətləri göstərməyə nail olmuşdur. Tarixi mövzulu əsərlərində isə Azərbaycan xalqının tarixinə bugünkü mövqedən yanaşmaqla, qədim dövrlərdən etibarən müxtəlif mərhələlərdə baş vermiş hadisələri dəyərləndirərək, böyük şəxsiyyətlərin parlaq simalarını əks etdirmişdir. Pyeslərinin səhnə təcəssümü Bakıda və ölkəmizin müxtəlif dövlət teatrlarında qoyulmuş tamaşaların təqdimində öz əksini tapmış, o, psixoloji dram ölçülərini də tarixi mövzulu dramlarına gətirməklə, tarixi dram ənənələrini milli teatrın səhnəsində, ötən əsrin ikinci yarısında Azərbaycan teatrlarının real durumu və tələbləri ilə bilavasitə bağlamışdır.

B.Vahabzadə dramaturgiyaya poeziyadan gəlsə də lirik-psixoloji pyeslərini nəsrlə yazmışdır. Onun böyük səhnəyə yol açan ilk əsəri “İkinci səs” pyesi də bu üslubda qələmə alınmış, realist-psixoloji teatrın tələblərinə tam cavab verməklə uğur qazanmış, milli teatrın repertuarını zənginləşdirmişdir. “Yağışdan sonra” pyesində insan mənəviyyatının ekologiyası, “Yollara iz düşür” pyesində isə, vətəndaşlıq mövqeyi mövzusu daha qabarıq verilir ki, bu da yaradıcı insanın xudbinlik və ehkamçılıq üzərində qələbəsini təcəssüm etdirir. “Hara gedir bu dünya?”, “Cəzasız günah”, “Rəqabət” pyeslərində respublikamız müstəqillik əldə etdikdən sonra cəmiyyətdə cərəyan edən mənəvi proseslərdən, xalqımızın üzləşdiyi gerçək təzadlardan söz açılır. B.Vahabzadənin tarixlə müasirliyi sintez edən, günün aktual ictimai hadisələrinin mövzusu olan “Atamın kitabı” pyesində sanki təkrarlanan tarixdən ibrət almağa çağırır. Onun lirik-psixoloji pyesləri öz fəlsəfi dərinliyi, ictimai-sosial yönü və kəskin publisistikası ilə diqqəti cəlb edir. Mürəkkəb ictimai-siyasi şəraitdə səhnəyə gəlməsinə baxmayaraq, bu tamaşalar zaman-insan-cəmiyyət barədə şair-dramaturqun düşüncə və mövqeyini əks etdirmiş və müasir Azərbaycan tamaşaçısının zövqünün formalaşmasında xüsusi rol oynamışdır.

Bəxtiyar Vahabzadə müasir mövzulu lirik-psixoloji pyeslərlə yanaşı tarixi dramlar da qələmə almışdır. Onun tarixi dramlarının qəhrəmanları da, lirik-psixoloji pyeslərində olduğu kimi psixoloji əsaslara müraciət edən obrazlardır.  “Fəryad” pyesində hadisələr fəlsəfi dram janrına uyğun olaraq insanın daxilində, düşüncə və mühakimələrində cərəyan edir. Əsərdə saray çirkabına qarşı duranlar həqiqət aşiqləridir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, milli vətəndaşlıq mövqeyi ilə seçilən B.Vahabzadə yaradıcılığında yeni mövzular geniş yer alır. Milli tarixin əvvəllər qadağa qoyulmuş səhifələrinə baş vuran şair-dramaturq azərbaycançılıq varlığınının tarixi qatlarına dərindən nüfuz edir. O, müstəqillik illərində tamaşaya qoyulmuş “Dar ağacı” tarixi faciəsində xalq və Vətən amalına xəyanət edənlərə mənəvi dar ağacı qurur, onları məhşər ayağına çəkir.

Azərbaycan Akademik Milli Dram Teatrında Bəxtiyar Vahabzadənin pyesləri – “İkinci səs” (15 aprel 1969), “Yağışdan sonra” (08 may 1971), “Yollara iz düşür” (30 oktyabr 1977), “Kimdir haqlı?” (27 dekabr 1981), “Fəryad” (24 mart 1984), “Hara gedir bu dünya?” (10 sentyabr 1991), “Özümüzü kəsən qılınc” (10 aprel 1998), “Cəzasız günah” (11 iyun 2000), “Dar ağacı” (9 dekabr 2000), “Rəqabət” (27 noyabr 2003) repertuara daxil edilərək, milli teatrın inkişaf yoluna uyğun bədii-estetik formada təcəssümünü tapır. Azərbaycan Dövlət Gənclər Teatrında isə, qüdrətli dramaturq-şairin “Şəhidlər” mənzum pyesi (17 yanvar 1991) və “Atamın kitabı” əsəri (6 oktyabr 2000) tamaşaya qoyulur. Əlamətdar hadisədir ki, həm müasir, həm də tarixi mövzular müəllifi olan Bəxtiyar Vahabzadənin dramaturgiyası teatrın yaradıcılıq axtarışlarından kənarda olmamış, milli səhnədə realist lirik-psixoloji və fəlsəfi-dram üslublarının inkişafına rəvac vermişdir.

Müəllifin pyesləri yalnız Bakıda deyil, respublikanın ayrı-ayrı dövlət teatrlarında da səhnə həllini tapmış, geniş tamaşaçı rəğbəti qazanmışdır. “Vicdan” pyesi (1958), “Yağışdan sonra” (1977) Gəncə, “Vicdan” (1969) Ağdam, “Dar ağacı”  (1989) Qazax, “Vicdan” (1960), “Dar ağacı” (1986), “Cəzasız günah” (2003)  Şəki, “Yağışdan sonra” (1972) Lənkəran Dövlət Dram teatrlarında, “Ədalət” (1959), “Yağışdan sonra” (1972) pyesləri Naxçıvan Dövlət Musiqili Dram Teatrında, “İkinci səs” pyesi isə (2000) Almaniya Türk Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Pyeslərin səhnə uğurunda məhz B.Vahabzadə dramaturgiyasına xas olan lirik-psixoloji üslubun rolu boyükdür. Belə ki, zamanlar dəyişir, hər dövrdə pyesin mündəricəsində olan bu və ya digər problemə, mövzuya, məsələlərə üstünlük verilərək qabardılır, insanın mənəvi dünyası ilə bağlı olan iç mübarizələri isə həmişə lirik-psixoloji üslubda qorunub saxlanır. Professor İlham Rəhimli yazır: “B.Vahabzadə dram əsərlərində gerçəkliyin əhatəli, çoxqatlı obrazını yaratmağa səy göstərir. O, konfliktin özəyini təşkil edən məsələnin birmənalı həllindən qaçaraq bütövlükdə həyat haqqında mürəkkəb psixoloji düşüncələri əsas götürür və onu xırda münasibətlərə qarşı qoyur. Nəticədə gerçəkliyin gizli qatları aşkara çıxır, obrazlı aləm, mühit yaranır”.

Qüdrətli qələm sahibi Bəxtiyar Vahabzadənin 14 pyesindən sadəcə ikisi –“Ədalət” və “Yağışdan sonra” Naxçıvan teatrında tamaşaya qoyulub. “Ədalət” mənzum pyesi Azərbaycan Dövlət Dram Teatrının rejissoru Nəsir Sadıqzadənin quruluşunda 1959-cu il aprel ayının 25-də səhnələşdirilib. Bu mənzum pyesi şair-dramaturq şifahi xalq ədəbiyyatından istifadə edərək qələmə almışdı. Pyesdəki yığcamlıq, konflikt və xarakterlərin inandırıcılığı tamaşaya uğur qazandırmışdı. Əsərdəki hadisələr həyati problemlərə toxunduğundan süjet xətti aydın idi. Obrazların hər biri öz xarakter cizgiləri, səciyyəvi xüsusiyyətləri ilə seçilirdilər: dilin sadə və səlisliyi, şairanəliyi də tamaşanın son dərəcədə müvəffəqiyyətini artırırdı.

Nəsir Sadıqzadə tutarlı estetik ifadə vasitələrindən bacarıqla istifadə edərək, pyesin ideyasını dəqiqliklə açmışdı. Tamaşada bütün rəzilliklər, eybəcərliklər ifşa hədəfinə çevrildiyi kimi, bu eybəcərlikləri doğuran səbəblər də əks olunurdu. Rejissor aktyorlarla gərgin yaradıcılıq işi apararaq, tamaşanın müvəffəqiyyətli alınmasına nail olmuşdur. Tamaşa haqqında İlham Rəhimli yazırdı: “Rejissor əsərdəki xalq gücünün, el iradəsinin qələbəsini aydın və təsirli bir şəkildə tamaşaçılara çatdırırdı. “Ədalət” tamaşasında ədalətin təntənəsi ideyası sona qədər dəqiqliklə həll edilmişdir. Quruluşçu rejissor Nəsir Sadıqzadə reallıqla nağıl estetikasını sintez uyarlığında vermişdir”.

“Ədalət” tamaşasının səhnə təcəssümünə maraqlı aktyor ansamblı cəlb olunmuşdu. Möhtəşəm ansambla malik olan bu tamaşada İsa Musayev (Səlim şah - Ədalət), Zəroş Həmzəyeva (Göyərçin), Əyyub Haqverdiyev (Vəzir), Firuzə Əlixanova (Aytən), Səməd Mövləvi (Müşavir), Əyyub Məmmədov (Bəlinas), Elbrus Mehdiyev (Xanəndə), Aydın Şahsuvarov (Baş sərkərdə), Yusif Haqverdiyev (Bilici qoca), Rza İsfəndiyarlı (Birinci kəndli), Həsən Mehdiyev (İkinci kəndli) obrazlarında müəllifin fikirlərini aydın və bacarıqla tamaşaçılara çatdırırdılar. İsa Musayev Səlim Şah - Ədalət rolunu tamaşanın əvvəlində zülümkar, mənəviyyatı puç olan, sonda isə öz bəd əməllərindən uzaqlaşaraq əlinin zəhməti ilə yaşayan bir obraz kimi təqdim etmişdi. Səlim şah (İ.Musayev) hakimiyyətdən əl çəkdikdən sonra hakimiyyəti əlinə almış vəzirə qarşı mübarizə aparan Aytənin ordusu üçün silah hazırlayır, başına dəstə toplayıb ona köməyə gedir. Xalq öz xilaskarı- dəmirçi Ədaləti (İ.Musayevi) alqışlayırdı. Naxırçı qızı Göyərçin Ədaləti sevib onunla birləşirdi. Tamaşa xalqın qələbədən doğan şənliyi ilə yekunlaşırdı. 

Azərbaycan Dövlət Dram Teatrında (1971) tamaşaya qoyulandan az sonra B.Vahabzadənin “Yağışdan sonra” pyesi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1972-ci il dekabrın 27-də səhnə həllini tapdı. Pyes yenə də rejissor Nəsir Sadıqzadənin quruluşunda sənətsevərlərə təqdim edildi. İstedadlı rejissor əsərin əsas qayəsini, hadisələrin daxili məntiqini dərindən duyduğundan tamaşanın bədii-estetik ruhuna müvafiq obrazlı mizanlar vermişdi. Pyesin ana xəttində yüksək duyğuların təcəssümü dayanmış, sevgidə də, ictimai işdə də, şəxsi məişətdə də vicdanın gur səsi səhnədən eşidilirdi. Sənətşünaslıq doktoru, professor İlham Rəhimli də bu məqama toxunaraq yazırdı: “Şair-dramaturq Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” dramı müəllifin səhnə əsərləri arasında özünün bədii bütövlüyü və janr səciyyələrinə uyğunluğu ilə seçilir. Öz yaradıcılığında psixoloji dərinliyə həmişə üstünlük verən rejissor Nəsir Sadıqzadə bu pyesin Naxçıvan teatrındakı tamaşasının quruluşunu lirik-psixoloji üslubun estetik prinsipləri əsasında həll etmişdi. İstisnasız olaraq, ifaçıların hamısı üslub-janr dəqiqliyini öz obrazlarının bədii xüsusiyyətləri dairəsində dəqiqliklə tamaşaçılara çatıdırırdılar. Rəssam Məmməd Qasımovun tərtibatındakı sadə və mənalı obrazlılıq, bəstəkar Emin Sabitoğlunun lakonik və lirik-dramatik musiqisi “Yağışdan sonra” tamaşasının məzmun-forma bütövlüyünü tamamlayırdı”.

Hüseyn Razinin “Şərq qapısı” qəzetinin 28 yanvar 1973-cü il tarixdə dərc olunan “Yağışdan sonra” adlı məqaləsindən: “Tanınmış rejissor Nəsir Sadıqzadə respublikamızın müxtəlif teatrlarında, o cümlədən Naxçıvan səhnəsində maraqlı tamaşalar yaratmışdır. “Yağışdan sonra” isə onun gözəl yaradıcılıq nailiyyəti sayıla bilər. Rejissor əsərin müasirlik pafosunu, ailə, əxlaq və məişət motivlərini, əsil məhəbbətə əsaslanan lirik vurğusunu, ictimai siyasi və fəlsəfi dəyərini, rəmzi məna çalarlarını yaxşı duymuş, gözəl mizanlar və tapıntılarla səhnələri cilalamış, yaradıcı kollektivlə səmərəli işləyib dolğun və mündəricəli tamaşa yaratmağa nail olmuşdur”.

“Yağışdan sonra” tamaşasının müvəffəqiyyətində Zəroş Həmzəyevanın (Nihal), Məmməd Quliyevin (Aslan), İbrahim Həmzəyev və İsa Musayevin (Qədim bəy), Zemfira Əliyevanın (Reyhan), Qurban Ələkbərovun (Cığatay), Nazir Əliyevin (Rüstəm), Münəvvər Əliyevanın (Qərənfil), Yusif Haqverdiyevin (Prorab), Əkbər Qardaşbəyovun (Əmin) emosional oyun tərzlərinin, düşünülmüş səhnə davranışlarının rolu böyük olmuşdur.

Xalq artisti Zəroş Həmzəyeva Nihalın həyat fəlsəfəsini tamaşaçıya çatdırmaq üçün düşünülmüş, mənalı boyalarla-məhəbbətin qüdrətini daxili yanğı, dərin pafos və müdrik hökmlərlə açıb göstərirdi.

Tamaşada yaşına, müdrikliyinə, zəngin mənəvi dünyasına görə ön sırada duran Qədimbəy obrazını İbrahim Həmzəyev ifa edirdi. O, xeyirxah baba, nəcib insan, dəyanətli el ağsaqqalıdır. Qədimbəyə görə insanları qohumluq dərəcəsi ilə deyil, cəmiyyətdəki dəyərinə görə qiymətləndirmək lazımdır. O, nəvəsi Cığatayla (Q.Ələkbərov) Reyhanın (Z.Əliyeva) sevgisini qorumaq üçün fədakarlıq göstərəndə, saxta əməllərinə görə oğlu Aslana “Sənə bu torpağın çörəyi haram olsun” deyəndə, Nihalın faciəsini görəndə də xeyirxah və alicənabdır. Tamaşanın əvvəlindən sonuna kimi Qədimbəy – İ.Həmzəyev hadisələrin aparıcı xəttində dayanaraq, sambalı və davranışı, dərin mənalı sözləri, ictimai həyata fəal münasibəti ilə fərqlənirdi. O, tamaşada mütərəqqi işıqlı keçmişlə bu günü tarazlaşdıran və münasibətlərin gələcəyi naminə yüksəlişə səsləyən müdrik-igid babaların əyilməz və dönməz xarakterini yaradırdı.

Tamaşada Nazir Əliyev (Rüstəm), Münəvvər Əliyeva (Qərənfil), Yusif Haqverdiyev (Əmin)   səhnədə həssas idilər, gözəl oyunları ilə obrazların psixoloji vəziyyətini inandırıcı, dəqiq və dolğun canlandırmaqla tamaşanın təsir qüvvəsini artırırdılar.

B.Vahabzadənin əsərləri ötən əsrin ikinci yarısı və əsrimizin əvvəllərində milli mədəniyyətimizin, milli teatr hərəkatının, milli rejissor və aktyorluq məktəbini əsaslı tarixi ənənələr üzərində inkişafına rəvac vermiş, Azərbaycan milli səhnə sənətinin yüksəlişinə böyük təsir göstərmişdir.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının repertuarında Bəxtiyar Vahabzadənin “Ədalət”, “Yağışdan sonra” pyeslərii teatrın ümumi yaradıcılıq inkişafına müsbət təsirini göstərdi. İnamla deyə bilərik ki, Naxçıvan teatrı imkanlarını cəmləşdirərək bundan sonra qüdrətli şair-dramaturq Bəxtiyar Vahabzadənin dərin məzmunlu tarixi və bu günümüzlə səsləşən əsərlərinə müraciət edəcək və potensial imkanlarını daha da artıracaqdır.

Əli Qəhrəmanov,

AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Musiqi və teatr şöbəsinin müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent