27 iyul 2020 12:41
203

Biz mübariz ruhumuzu göstərməklə düşmənlərimizə layiqincə cavab verməyi bacardıq

“Bu gün dünyanın bir çox ölkələrində, xüsusilə  Avropada, Amerikada, Rusiyada azərbaycanlıların çox mütəşəkkil şəkildə öz etirazlarını bildirməsi, eyni zamanda Ermənistan təxribatçıları tərəfindən bizim səfirliklərə ola biləcək təxribatın qarşısını almaq üçün göstərdiyi aktivlik kifayət qədər təbiidir. Bu hissləri hər birimiz bölüşürük. Çünki uzun illərdir Azərbaycana qarşı olan haqsızlıq, ədalətsizlik insanların daxilində bir hiss yaratmışdır: biz heç bir zaman torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq. Eyni zamanda bütün cəbhələrdə mübarizə aparmaq ruhuna  sahib olmağımızı dünyaya göstərməkdir. Çünki ermənilər belə bir illüziya yaratmağa çalışırlar ki, zaman keçdikcə, yeni nəsil torpaqların azad olunması ilə bağlı mübarizə ruhuna sahib olmayacaqlar. Onlar işğal faktını unudacaqlar. Amma zaman keçdikcə Azərbaycanda yeni nəsil, xüsusilə gənc nəsillin bu dərəcədə vətənpərvər şəkildə yetişməsi bütün bu illüziyaları darmadağın etdi”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, bu gün bizim gənclərimizin, diaspora təşkilatlarının, xaricdə yaşayan soydaşlarımızın sivil qaydada, yaşadıqları dövlətlərin orqanlarından icazə alaraq bu cür formada etirazlarını həyata keçirməsi ən effektiv üsullardan biridir:  “Bu həm də  azərbaycanlıların öz təbii hisslərini bir daha bütün dünyaya nümayiş etdirməsi deməkdir. Bu düşmənlərimizə verilən mühüm bir mesajdır. Bu mesaj bundan ibarətdir ki,  harada yaşamağımızdan asılı olamayaraq, hər bir azərbaycanlı öz milli ruhuna və öz milli mübarizəsinə sadiq qalacaq. Bu, nəsil dəyişsə də belədir. Biz mübariz ruhumuzu göstərməklə düşmənlərimizə layiqincə cavab verməyi bacardıq. Bizim mübarizəmizlə ermənilərin mübarizəsi arasında çox böyük bir fərq var. Biz dəyərlər üzərində mübarizə aparırıq. Bizim müharibəmiz işğala son qoymaq, ədalətsizliyi aradan qaldırmaq, uşaqlara, eyni zamanda mülki əhalini qətl edən insanların cinayət məsuliyyətinə cəlb etmək, bölgə xalqlarının inkişafı və ədalətin bərpa olunması üçündür”.

Komitə sədri qeyd edib ki, biz ümumilikdə bəşəri dəyərlərə sahib olan bir mübarizə aparırıq: “Ermənilərin mübarizəsi isə etnik mübarizədir. Harada olursa olsun, azərbaycanlı gördüyü zaman həmin azərbaycanlıya qarşı təxribat etmək və yaxud onu öldürmək üçün əlindən gələni etməkdir. Onlar uçun qətiyyən fərqi yoxdur ki, bu uşaqdır, qadındır, mülki vətəndaşdır. Bu həqiqəti dünyanın bilməsi çox vacibdir. Çünki ermənilər bir çox hallarda müxtəlif hiyləgər üsullarla terror hadisələrini, uşaqları mülki vətəndaşları qətlə yetirmələrini başqa adla – guya ki milli mübarizə aparırlar, guya ki, müstəqil olmağa çalışırlar, guya ki, Qarabağda yaşayan ermənilər hər hansı bir formada öz hüquqlarını bərpa etməyə çalışırlar. Bu həqiqəti getdikcə dünya ictimaiyyətinin görməsi və dərk etməsi kifayət qədər vacibdir. Bu cəhətdən baxsaq son illər Avropa ölkələrində beynəlxalq təşkilatların verdikləri bəyanatlar göstərir ki, dünya ictimaiyyəti bunu artıq dərk etməyə başlayır. Bundan aqressivləşən ermənilər hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə, bu cür aqressiv formada, bizim azsaylı vətəndaşlarımıza hücum edərək onlara xəsarət yetirirlər. Bilərək ki, Avropa ölkələrində bu cür hərəkətlər qınanır, bilərək ki, dünyanın heç bir ölkəsi bu hərəkətlər yaxşı qəbul olunmur. Bunu bilərək bizim vətəndaşlarımıza qarşı hücuma keçmələri onu göstərir ki, ermənilər baş verən hadisələrdən reallıq hisslərini itiriblər. Hətta Ermənistanın baş nazirinin Tovuz cəbhəsindəki uğursuzluqları pərdələyərək xaricdə bu cür mübarizə aparmaqla bağlı göstərişlər verməsi və yaxud son keçirdiyi müşavirədə tamamilə reallıqdan uzaq şəkildə Azərbaycanı təslimçiliyə səsləməsi onu deməyə əsas verir ki, bizim həm cəbhədə, həm xaricdə baş verən uğurlarımız Ermənistan cəmiyyətini, xüsusilə Ermənistan rəhbərliyinin başını itirməsinə səbəb olub. Çünki həm bu cür hadisələr, həm verilən qərarlar, həm orduda olan uğursuzluqları pərdələmək üçün ermənilərə yeni bir konflikt ocaqları lazımdır.  Konflikt ocaqlarını Ermənistandan kənarda təşkil etməklə insanların diqqətini yayındırmağa çalışırlar. Bu birinci dəfə deyil. Ermənistan bu üsullardan hər zaman istifadə edib. Bizim vətəndaşlarımızı təxribatlara cəlb edərək, bir çox hallarda Azərbaycan haqlı olduğu halda haqsız durumlara salmağa çalışıb. Əslində zaman-zaman ermənilər buna müyəssər olub. Amma artıq 1990-cı illər deyil. Azərbaycan kifayət qədər güclüdür. Azərbaycan vətəndaşları hadisələri kifayət qədər daha ətraflı və soyuqqanlı qəbul etməyi bacarır. Bu cəhətdən baxsaq, bizim soydaşların xaricdə bu təxribatlara cavab verdiyi zaman göstərdiyi soyuqqanlı davranışlar, hüquqi mübarizənin daha çox üstün tutması ilə bağlı atdığı fəaliyyət kifayət qədər yüksək qiymətləndirilməlidir. Bundan aqressivləşən ermənilər, xüsusən erməni diasporu daha da böyük təxribatlara əl atmağa çalışacaqlar. Düşünürəmki, biz bu məsələlərdə kifayət qədər soyuqqanlı olmalıyıq”.