23 oktyabr 2019 20:28
1370

Biz yalnız birlikdə olduqda güclü ola bilərik

Azərbaycan ötən il Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və bu il oktyabrın 25-26-da qurumun XVIII Zirvə Görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verəcək

Ötən il Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına ev sahibliyi edən Azərbaycanda müzakirə olunan məsələlər, dünyaya göndərilən mesajlar bir daha bu həqiqəti ortaya qoymuşdur ki, Azərbaycan daim sülhə, əmin-amanlığa çağırış edən ölkə kimi nüfuzunu artırır, mövqelərini möhkəmləndirir. Tədbirdə vurğulanmışdır ki, bu gün qarışıqlıq, qeyri-müəyyənlik və başqa ölkələrin suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi ölkələrin yürütdüyü siyasət nəticəsində daha da ciddiləşən bir çox çağırışlarla üzləşirik. Bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzədir. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Həmin konfransda belə bir çağırış da edilmişdir ki, bu proses razılaşdırılmış addımlar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində irəliləməlidir ki, qərarlar beynəlxalq səviyyədə müsbət, sözün əsl mənasında, həqiqi təsir göstərə bilsin. Bərabərlik, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü prinsiplərini, bütün mədəniyyətlər, dinlər və sivilizasiyalara hörmət, insan haqları və fundamental azadlıqlar, o cümlədən sülh hüququ və inkişaf hüququna hörmət prinsipləri bu günümüzün əsas tələbləridir.

Ölkəmizin günbəgün mövqeyinin, ən əsası iqtisadi müstəqilliyinin möhkəmlənməsi fonunda siyasi müstəqilliyinin də artması Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına öz müsbət təsirini göstərir. Ölkə Prezidenti ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərin reallıqlarımızın təbliğində böyük əhəmiyyəti olduğunu önə çəkərək bildirir ki, bu gün Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Həyata keçirilən islahatlar, aparılan siyasət ölkəmizə diqqəti daha da artırır. “Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da qeyd edir ki, bu təşəbbüslərin gerçəkləşməsində Azərbaycan dövləti öz iradəsini və qətiyyətini nümayiş etdirir. Birgə səylərin fonunda bu günümüzün hər biri çağırışını lazımi səviyyədə yerinə yetirmək mümkündür. Cənab İlham Əliyev bildirir: “Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir. Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər.”

Əvvəldə də bu məqamı təəssüf hissi ilə qeyd etdik ki, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Hər bir məsələnin sülh, əmin-amanlıq, ən əsası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində maraqlı olan Azərbaycan bu mövqeyi ilə regionda sabitləşdirici faktor olduğunu bir daha təsdiqləyir. 

Ölkə Prezidenti daim çıxışlarında dünyanın ikili siyasətindən və onun yaratdığı problemlərdən bəhs edir, diqqəti Xocalı soyqırımına, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan dinc əhalinin sayına, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi terror hadisələrinə yönəltməklə erməni faşizminin bu gün də davam etməsinə göz yuman Qərbin, Avropa dövlətlərinin, beynəlxalq təşkilatların  müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmasının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu  bildirir. “Ermənistanda islamofobiya pik həddinə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” söyləyən cənab İlham Əliyev erməni faşistlərinin Azərbaycanın dinc vətəndaşlarına qarşı törətdikləri terrorları vəhşilik adlandırır. O da vurğulanır ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrə məhəl qoymayan Ermənistan dünya dövlətlərinin ona göstərilən  maddi və mənəvi dəstəyindən ərköyünləşir, daha böyük iddialarla yaşayır.

Rəsmi Bakı bəyanatlarında bu məqamı da diqqətə çatdırır ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT qətnamələri dünya üçün əsas mesaj olmalıdır. Eyni zamanda, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan ötən il Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və bu il oktyabrın 25-26-da qurumun XVIII Zirvə Görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verəcək.

Cari ildə ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin hər birinin mövzusuna diqqət yetirsək ayrı-ayrılıqda ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rolunu aydın görərik. İlk olaraq dünyanın 55 ölkəsindən 500-dən çox nüumayəndənin iştirakı ilə “Dünyanın yeni xarici siyasəti” VII Qlobal Bakı Forumunda müzakirə olundu. Dövlətimizin başçısı İlham Əliyev bir daha xarici siyasətimizin əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqil olduğunu önə çəkərək bildirmişdir ki,  tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması ölkəmizin prioritetlərindən biridir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq.

Bu təhlillər dünyanın yeni xarici siyasətinin niyə məhz Azərbaycanda müzakirə olunduğuna aydınlıq gətirir, növbəti uğurlarımızın konturlarını cızır. Yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olan ölkəmizin inkişaf strategiyası qarşıdakı illərə daha inamla baxmağa əsas verir. Hər zaman vurğulandığı kimi, Azərbaycan dünyada söz sahibi olduğunu atdığı addımları, həmçinin ona göstərilən etimadla təsdiqləyir. Bu etimadlar sırasında əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmizin 2019-2022-ci illərdə BMT-dən sonra dünyada ikinci mötəbər təşkilat olan, 120-si daimi, 17-si isə müşahidəçi olmaqla 137 dövləti və 10 beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatına sədrliyini xüsusi qeyd etməliyik. Oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib. Oktyabrın 23-24 tarixində isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər. Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın əsas hədəfi sülhün və sabitliyin qorunmasına töhfə vermək, həmçinin təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsinə və qurumun nüfuzunun artırılmasına nail olmaqdır. Azərbaycanın Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi dövlətimizin müstəqil siyasətinə, ədalətli mövqeyinə, beynəlxalq münasibətlər sistemində möhkəmlənən yeri və roluna verilən dəyərdir. Təbii ki, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasətin uğurları davamlı, eyni zamanda, böyük dəstəyə malik olacaq. Azərbaycanın Qoşulmama Hərəkatının nisbətən yeni üzvü, bu ailəyə 2011-ci ildə qəbul olunduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin qısa müddətdə təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladığını qeyd edir: “Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Bu 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və biz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı.” Təbii ki, bu mühüm uğur Azərbaycanın daim dünyaya etdiyi bu çağırışın təsdiqidir: Birlikdə olanda nailiyyətlərimiz çox ola bilər.

Ölkə Prezidenti İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd edir ki, Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzvüdür ki, “Ekspo 2025”ə öz namizədliyini irəli sürüb. Bu addımın özü göstərir ki, Azərbaycan mühüm qlobal tədbiri keçirməyə qadirdir: “Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik.”

Yeganə Əliyeva, “İki sahil”