Dövlətimizin başçısı İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” üçün verilən məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qəbul etdiyi qərar özündə mühüm çağırışları ehtiva edir
Azərbaycan müstəqil dövlətdir, xarici siyasətinin prinsipləri dəyişməzdir. Ölkəmizin ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bu mövqe ölkəmizə beynəlxalq dəstək qazandırır. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Prezident İlham Əliyev çıxışlarında bu reallığı daim önə çəkir ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.
30 illik işğal dövründə xalqımız bir an da belə inamını itirmədi. Əmin idik ki, torpaqlarımız işğaldan azad ediləcək və soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq. Təbii ki, bu əminliyə əsas verən dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti idi. Dövlət başçısı İlham Əliyevin çıxışlarında, müsahibələrində səsləndirdiyi “Gücümüzün əsas mənbəyi haqlı olmağımızdır” fikirləri Azərbaycanın uğurlarını şərtləndirən əsas amili bir daha diqqətə çatdırır. Ölkə Prezidentinin vurğuladığı kimi, çünki biz haqlıyıq və istənilən auditoriyada, tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur.
Azərbaycanın tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etməsi ədaləti və beynəlxalq hüququ dəstəkləyən dövlətlər tərəfindən yüksək dəyərləndirildi. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi və bunu daim Ermənistandan da tələb etdi. Müxtəlif məkanlarda müxtəlif tərkibdə görüşlər keçirildi. Bunun üçün tarixi Zəfərimizdən ötən ilin avqust ayınadək baş verən hadisələrin xronologiyasına diqqət yetirmək kifayətdir. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək istəmədi, bu ölkənin silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə bağlı tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. Kapitulyasiya aktını özündə ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatının keçirilməsini labüd edirdi. Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuza müvafıq tapşırıq verildi və sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başladıldı. Lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa edildi, torpaqlarımız separatçılardan təmizləndi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı ucaldıldı. Suverenliyimizin tam bərpası sülh müqaviləsinin imzalanmasını qaçılmaz etdi. Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkilərini keçirdi. 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində cənab İlham Əliyev tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından geniş bəhs edərək bildirdi ki, bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. İndi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi. Dövlət başçısı həmin çıxışında bu çağırışı da etdi ki, bizə bu məsələdə vasitəçi lazım deyil. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a səfəri məsələnin həlli istiqamətində atılan addımların ümumiləşdirilmiş nəticəsi oldu. 2025-ci il tarixi il kimi yadda qaldı. Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında Ağ Evdə keçirilən sülh sammiti Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında yeni səhifə açdı. Bu tarixi görüş Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması ilə nəticələndi. Azərbaycanın müəllifi olduğu, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh gündəliyi Ermənistan tərəfindən qəbul edildi və yekun sülh sazişinin mətni paraflandı. O da məlumdur ki, bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqladı Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də oldu. Bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verildi. 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilmişdir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bildirmişdir ki, bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur. Mükafatlar bu il fevral ayının əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən təntənəli mərasimdə təqdim olundu. Dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərarın qəbul edilməsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə böyük dəstəyin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin sülh sazişi üzrə uğur əldə olunması istiqamətində gördüyü işlər təqdir edilir. Azərbaycanın sülhün möhtəşəm bir nümunəsini təqdim etdiyi xüsusi vurğulandı. Tarixi sülh sazişi ölkəmizin sülhə, barışığa və regional sabitliyin bərqərar edilməsinə töhfələrinin nümayişidir.
Sülh bütün regiona sabitlik və firavanlıq gətirəcək. Azərbaycan sülhün birdəfəlik bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdi və artıq bunun bəhrəsini görür. Dövlət başçısı İlham Əliyev belə nüfuzlu mükafatı almağın böyük şərəf olduğunu bildirərək onu da qeyd etmişdir ki, xüsusən də bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir.
Prezident İlham Əliyev bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə də layiq görülmüşdü. Bu Ali Orden dövlətimizin başçısına həmin il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilmişdi. Bununla bağlı qəbul edilən qərarda qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə cənab İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan mükafatı təqdim edərkən bildirmişdir ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.
Azərbaycanın tarixi Zəfəri, suverenliyinin bərpası regional inkişafa, dünya siyasətində yeniliklərə geniş imkanlar yaradıb. Bu ilin yanvarında 56-cı Davos Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması da mühüm məqamları, xüsusilə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsini bir daha nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşündə də bu sənədin əhəmiyyətinə xüsusi diqqət yönəldildi. Belə ki, ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasının əhəmiyyətinə toxunuldu, bu qurumun Yaxın Şərqdə sülhü möhkəmləndirmək, eyni zamanda, qlobal münaqişələrin həllinə töhfə vermək baxımından önəmi qeyd edildi. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümü kimi qiymətləndirildi. Bir daha təsdiqləndi ki, sülh olmadan dayanıqlı inkişaf barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da sülhü yarada bilmərik.
Sentyabrın 14-də Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul etdi. Söhbət zamanı ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olundu. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunuldu, bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulandı. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edildi. Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlandı. Qonaq bu mükafatın sertifikatını dövlətimizin başçısına təqdim etdi.
Qeyd edək ki, mükafatın şərtlərinə görə, dövlətimizin başçısı İlham Əliyevə 500 min ABŞ dolları məbləğində vəsait verilir. Cənab İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib. Dövlətimizin başçısının bu qərarı özündə mühüm çağırışları ehtiva edir. Azad Qarabağın və azad Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı günümüzün əsas hədəfidir. Məqsəd 2026-cı ilin sonunadək, yəni Böyük Qayıdış Proqramının birinci mərhələci başa çatanadək 140 min keçmiş məcburu köçkünün qayıdışını təmin etməkdir. Sözügedən mükafat dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinə, regionda və dünyada sülhə, təhlükəsizliyə verdiyi töhfələrə görə verilməsi ilə yanaşı, hazırda mükafat üçün nəzərdə tutulan məbləğln Qarabağın dirçəlişinə yönəldilməsi hazırda ölkə mətbuatında geniş şərh edilir. Bu mühüm addım bir daha təsdiqləyir ki, Qarabağ Azərbaycanın ən böyük milli prioritetidir və bu prioritet yalnız dövlət büdcəsinin xərcləri ilə məhdudlaşmır. Vəsaitin işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı iqtisadiyyata malik regiona çevrilməsi tədbirlərinə maliyyə dəstəyi göstərmək məqsədi ilə yaradılan Fonda köçürülməsi mühüm çağırı, mesajdır. Fondun dəyərlərinə diqqət yetirsək görərik ki, birlik, həmrəylik prioritetdir. Qeyd edilir ki, müxtəlif təcrübələrə və tədqiqatlara əsasən, “quruculuq” “həmrəylik” ideyası ilə vəhdətdə effektiv nəticələr vəd edir. Tarix boyu baş vermiş müharibələrin acı nəticələrinin aradan qaldırılması, müharibədən sonra bərpa və yenidənqurma prosesi “Həmrəylik” ideyası, ictimaiyyətlə dövlətin səylərinin sinerjisi üzərində qurulub və bu birlik müharibədən zərər görmüş regionların qısa müddətə bərpasını təmin edib. İşğaldan azad edilən ərazilərimizin bərpası, yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi prosesinin sürətləndirilməsi dövlətə ictimai dəstəyin verilməsini labüd edir. İctimaiyyətin və dövlətin sinerjisi əlavə resurslar təmin edərək dövlət büdcəsinə düşən yükü müəyyən qədər azaldacaq. Gücümüz birliyimizdədir.
Prezident İlham Əliyevin bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərarı ölkə ictimaiyyəti tərəfindən böyük qürur hissi ilə qarşılanır. Hər zaman ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımları, təşəbbüsləri, qərarları ilə diqqətdə olan Prezident İlham Əliyevə xalqın sevgisi, inamı sonsuzdur. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışı azad Qarabağımızın və azad Zəngəzurumuzun bərpasında, yenidən qurulmasında da özünün aydın ifadəsini tapir. Dövlətimizin başçısı 2021-ci ilin avqustunda “CNN Türk” televiziya kanalına müsahibəsində bu çağırışı etmişdir: “Bizim əsas hədəfimiz öz məqsədlərimizə nail olmaqdır. Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu, tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdi.” Bu fikirlərinin davamı olaraq isə onu da qeyd etmişdir ki, biz gecə-gündüz bu hədəfə doğru gedirdik və ona çatdıq. İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir.
Azərbaycanın malik olduğu imkanlar, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti hədəflərə ardıcıllıqla nail olmasını şərtləndirir. Günümüzün reallıqları bunun təsdiqidir.
Yeganə Əliyeva, “İki sahil”
Bu yanaşma Ermənistanın sülh gündəliyinə münasibətdə hələ də ciddi ziddiyyətlərin olduğunu göstərir - EKSPERT
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir