21 oktyabr 2020 18:26
2299

Bizim yumruğumuz bizim birliyimizdir

Bizim yumruğumuz bizim birliyimizdir, məqsədyönlü fəaliyyətdir, ədaləti əks etdirən qətnamələrin qəbul edilməsidir


Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını  axtaran məqamlar öz əksini tapıb


“Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik.” Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, gün gələcək, bu haqda geniş məlumat veriləcək: “ Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir.”

Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki,  zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən  dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən  «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər. Ölkə Prezidenti xalqa müraciətində    hazırda dünyada  hüquq probleminin yaşandığını bu fikirləri ilə diqqətə çatdırdı: “Bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.”

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə  Dağlıq Qarabağın  Azərbaycana mənsub olması birmənalı şəkildə təsbit  edilib. Bu qətnamələrdə əksini tapan  tələblərdən biri bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasıdır.  Azərbaycan dövlətinin dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan edən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını və heç vaxt  ola  bilməyəcəyini daim işğalçı dövlətin və onun havadarlarının diqqətinə çatdırıb. Bu reallıq da qeyd edilib ki,   ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır.  Ermənistanın baş naziri Nikol Paşinyan  ilk gündən danışıqların formatında  dəyişiklik edilməsinə, tərəf kimi  qondarma rejimin də danışıqlar prosesinə qatılmasına cəhdlər etsə də  Azərbaycan dövlətinin sərt münasibəti, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı bunun mümkünsüzlüyünü bir daha işğalçı dövlətə açıqladı.    

Münaqişənin həllində dünyanın ikili siyasətinin yaratdığı problemlər etiraf olunan reallıqlar sırasındadır.  Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 28 ildir dünyadan ədalət gözləyən  Xocalı faciəsi iki yüz ilə yaxın  müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı  həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Ədalət prinsipini maraqlara qurban verməklə inamsızlığa yol açan, beynəlxalq hüquq problemini yaradan dünya dövlətləri  prinsipləri zamana və məkana görə tətbiq edəndə sonda bu laqeydliklərinin özlərinə qarşı olacağını da düşünməlidirlər. Necə olur ki, Fransa kimi  böyük nüfuza və söz sahibinə malik olan bir dövlət ermənilərin dünyaya sırıdığı   qondarma “erməni soyqırımı” tarixini-24 apreli matəm günü kimi qeyd edir, amma XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına biganə yanaşır?  Xocalı hadisəsinin soyqırımı kimi tanınmasına dünyanın biganə yanaşmasının səbəbləri  özlərinə sirr olsa da, bizlərə yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazisindən  dərhal və qeyd-şərtsiz  çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsini,   İslam Əməkdaşlıq  Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin qərar və qətnamələrini önə çəkən dövlətimizin başçısı İlham Əliyev  bəyan edir ki, işğalçı dövlət bu sənədlərə məhəl qoymur və buna görə ona cəza tətbiq edilmir. Bəzi hallarda  BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur.  Bu, ikili standarta  əsaslanan yanaşmadır.  Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir.  BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

     Ermənistanın  döyüş meydanında məğlubiyyətindən sonra atdığı addımlara diqqət yetirmək kifayətdir. Baxmayaraq ki, oktyabrın 10-da və 18-də tərəflər arasında  atəşkəs sazişi əldə olunub, dərhal  Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozuldu. Gəncəni iki dəfə raket atəşinə tutan Ermənistan silahlı qüvvələri böyük dağıntılara, insan tələfatına səbəb oldular. Gəncə soyqırımı Xocalı faciəsinin davamı kimi dəyərləndirildi. Gəncənin ikinci dəfə oktyabrın 17-də raket atəşinə tutulması nəticəsində baş verən dağıntı zamanı 14 nəfər öldü, 55 nəfər yaralandı. Mülki əhaliyə atəş açmaq insanlığa böyük cinayətdir.Amma dünya, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrləri baş verən terror aktını heç nə olmamış kimi qəbul edərək seyrçi mövqeyində davam edir. Keçilən yol bu laqeydliklərin, işğalçı Ermənistan üçün vaxt qazanmaların  aydın mənzərəsini yaradır. Amma o dövlətlər unutdular ki, cinayət əməllərinə şərik çıxmaqla işğalçılıq siyasətinə dəstək olurlar. Bu gün Ermənistan çox geniş və davamlı şəkildə silahlandırılır. Azərbaycan Ordusunun sentyabrın 27-dən bugünədək məhv etdiyi və qənimət kimi götürdüyü Ermənistan hərbi texnikasının statistikasına diqqət yetirsək ona havadarları tərəfindən edilən dəstəyi aydın şəkildə görərik. Xalqa müraciətində bu məqama xüsusi diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev “Bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir” söyləyərək  “Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər” sualını səsləndirdi.

    Yer üzərində sülhün bərqərar olunması, xalqların qardaşlıq, dostluq şəraitində yaşaması üçün təşkil olunan  bütün danışıqlarda  sülhsevər siyasəti, diplomatik səyləri ilə diqqət çəkən dövlətimizin başçısı  İlham Əliyev  dəfələrlə bildirmişdir ki, müasir dünyamızın əsas çağırışları əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini, vahid mövqenin ortaya qoyulmasını bir zərurətə çevirir.   Azərbaycanın beynəlxalq nüfuzunun əsas göstəricilərindən olan  BMT Təhlükəsizlik Şurasının üzvü kimi sədrlik etdiyi  iclaslarda terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlərdən geniş bəhs edən cənab İlham Əliyev bildirmişdir ki,   Azərbaycan terrorçuluğun bütün forma və  təzahürlərini qəti surətdə pisləyir.  Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlığa bağlılığı var. Hələ 27 sentyabrdan başlanan əks-hücum əməliyyatlarından öncə bütün çıxışlarında, müsahibələrində «Ermənistan terrorizmə sponsorluq edən ölkədir. Silahların göndərilməsinin intensiv xarakter alması əlbəttə ki, bizi ciddi narahat edir. Çünki bu silahlar bizə qarşı istifadə olunur. Bu silahlarla bizim uşaqlarımız, insanlarımız vurulur, həlak olur. Ona görə bu məsələ, hər bir başqa məsələ kimi, diqqət mərkəzindədir. Biz bundan sonra da vəziyyətə nəzarət edəcəyik” bəyanatları ilə çıxış edən dövlətimizin başçısı İlham Əliyev   iyul ayında törədilən  təxribat zamanı və ondan sonrakı dövrdə yerli və xarici mətbuatda daha çox yer alan  Rusiya və Serbiyadan Ermənistana silah göndərilməsi barədə yayılan məlumatların aydınlaşdırılması istiqamətində addımlar atdı. Rusiya Prezidenti ilə telefon danışığında bu məsələni xüsusi diqqətə çatdıraraq Azərbaycan dövlətinin, xalqının bundan narahatlığını ifadə etmişdir.

  Göründüyü kimi, dövlətimiz hər bir məsələnin xirda detalınadək diqqət göstərib onun düzgün cavablandırılmasında nə qədər israrlı və qərarlıdırsa, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bir o qədər yalan danışmaqda, bəyanatlarını kağız üzərində saxlamaqda maraqlıdır. Belə olan təqdirdə Azərbaycan  diplomatik müstəvi ilə yanaşı, döyüş meydanında da öz gücünü Ermənistana və dünyaya göstərdi: “Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik.”   Ölkə Prezidenti, eyni zamanda, bu məqama da  diqqət  yönəldir  ki,   Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürmüşdü.  “Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan” söyləyən cənab İlham Əliyev əks-hücum əməliyyatlarından əvvəl bu bəyanatı səsləndirmişdir ki,  əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək.

Bugünümüzün reallıqları bunun təsdiqidir. Azərbaycan dövləti sübut edir ki,məsələnin həllində  bir şərt var, o da  Ermənistan silahlı qüvvələrinin  bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalarıdır. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.  Azərbaycan dövlətinin qətiyyəti, Ordumuzun gücü sayəsində Ermənistana   layiq olduğu  yer göstərilib.  “Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü” bildirən cənab İlham Əliyevin vurğuladığı kimi, otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bu gün  haradadır bu “yenilməz Ermənistan ordusu?”. Bu, mif idi. Azərbaycan Ordusu bu yalanı alt-üst etdi: “Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır, danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasıdır.”

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısı İlham Əliyevin  səsləndirdiyi hər bir  bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının  yol açdığı sual doğuran və  dəqiq cavabını  axtaran məqamlar öz əksini tapıb. Nəhayət ki, dünya Azərbaycan dövlətinin qətiyyəti, siyasi iradəsi əsasında ədalət, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu qəbul etmək məcburiyyətindədir.

 Yeganə Əliyeva, “İki sahil”