Çinin Sıçuan əyalətinin Çendu şəhərində böyük pandaların tədqiqi və yetişdirilməsi bazasındakı bütün pandalar üzərində yeni tip koronavirus testi aparılıb. AZƏRTAC Sinxua agentliyinə istinadla bildirir ki, testin nəticələri mənfi olub.
Bazanın direktoru Cjan Çjixe bildirib ki, o, nüfuzlu təşkilatdan bazada məskunlaşmış bütün bambuk ayılar üçün nuklein turşuları testinin aparılmasını xahiş edib. Baza bu addımı Nyu-Yorkdakı Bronks zooparkında bir neçə pələngin və şirin COVID-19 virusuna yoluxması, onlar üzərində aparılan testin müsbət nəticə verməsi barədə KİV-lərin məlumatından sonra atıb.
"Bütün testlər mənfi nəticə verib. Bazamızdakı heç bir panda koronavirusa yoluxmayıb", - deyə o bildirib.
Ötən ilin sonuna olan məlumata görə, bambuk ayıları sevənlərin əsas təyinat yeri olan Çendu bazasında 80-dən çox fərd saxlanılır.