13 iyul 2020 18:37
3252

Böyük təcrübə xəzinəsi - FOTO

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin  Azərbaycanda birinci  dəfə hakimiyyətə gəlməsindən  51  il keçir

Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. İllər keçdikcə   müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası daha aydın görünür, düzgün dəyərləndirilir,  fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusu kimi araşdırılır, neçə-neçə  elmi əsərlərin, kitabların ərsəyə gəlməsini şərtləndirir. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövrü, yəni 1969-1982-ci illərdəki fəaliyyəti  böyük bir təcrübə xəzinəsidir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu ilin iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Bugünkü Azərbaycan məhz həmin dövrdə  yaradılan  möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm  ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. İlk hakimiyyəti dövründə  ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən  bir diyara çevirən dahi şəxsiyyət  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra  dünya iqtisadi sisteminə inteqrasiyasının, davamlı inkişafın əsası kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı. Bu gün fəxrlə qeyd etdiyimiz «Azərbaycanın iqtisadi inkişafı möcüzədir» fikri məhz  düşünülmüş və məqsədyönlü siyasətdən qaynaqlanır. Belə ki,  1969-1982-ci illərdə  ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə  vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş İttifaqın   ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli  uğurlar  ulu öndər  Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.   Azərbaycanın keçdiyi yolu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezideni  İlham Əliyev belə şərh  edir: « 1969-cu ilə qədər  Azərbaycan haqqında  heç sovet məkanında  o qədər də  çox məlumat  yox idi.  1970-80-ci illərin  əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur.  Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl  respublikalardan   birinə çevrildi.  Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda  olmadığı dövrdə  yavaş-yavaş Azərbaycan  yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə  əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi.  Biz deyəndə ki,  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki  formal olaraq  müstəqillik  1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi.  Azərbaycanın gələcəyi sual altında idi.  Azərbaycan müstəqil ölkə kimi  yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz  qalırdı  və bu təzyiqə davam  gətirə bilmirdi.  Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın  dövlət quruculuğu  məhz 1993-cü ildən  başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra  başlanmışdır və on il ərzində Azərbaycan  yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqıcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir  və bu gün Heydər Əliyev siyasəti davam edir.»

Hakimiyyətinin birinci dövründə  Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başlamışdır. İqtisadi təməlin qoyulması, kadr hazırlığının yüksək səviyyədə təşkili, ən əsası dövlətin müstəqilliyinin qarantı olan ordunun inkişafına xidmət edəcək mühüm addım kimi qiymətləndirilən C.Naxçıvançki adına hərbi liseyin yaradılması və sair kimi biri-birindən əhəmiyyətli addımlar gələcək prioritetlərin açıqlanmasında yardımçı idi. Ümummilli lider  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu işlərin  davamlılığını yüksək səviyyədə təmin etdi, bugünkü güclü, qüdrətli Azərbaycanın yeni-yeni hədəflərə çatmaq üçün ciddi səylər göstərməsinə stimul oldu. Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, ulu öndər Heydər Əliyev  sovetlər birliyi dövründə Azərbaycanı  qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıdışı ilə  müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi.  Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın, iqtisadi böhranın  baş alıb getməsi həmin dövrün xarakterik xüsusiyyəti idi. Həmin dövrün iqtidarının başı hakimiyyət uğrunda mübarizəyə qarşıdığından torpaqlarımızın işğalı da  davamlı hal almışdı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun olması vacib amillərdəndir. Lakin həmin dövrdə Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Hər sahədə olduğu kimi, xarici siyasətdə də uğursuzluqlar geniş vüsət almışdı. Azərbaycan haqqında məlumatsızılıq ölkəmizin  informasiya blokadasında olması  erməni yalanlarının ayaq tutub yeriməsinə geniş meydan açırdı. Ölkədə vətəndaş müharibəsinin dərinləşməsi Azərbaycanın parçalanmasını, bir dövlət olaraq dünya xəritəsindən silinməsini sürətləndirirdi. Belə bir ağır durumda xalq öz xilaskarını axtarırdı. Bu, təbii ki, bütün ömrünü xalqına, dövlətinə həsr edən Heydər Əliyev idi.  Əbəs yerə 15 iyun 1993-cü il Azərbaycanın milli dövlətçilik  tarixinə   qızıl hərflərlə Milli Qurtuluş Günü kimi yazılmadı. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi  böhrandan xilas oldu. Uğurlu daxili siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitliyin yaradılması əlverişli biznes mühitinin formadaşdırılmasını təmin etdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizə inam artdı, iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu.  Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, Prezidentin ətrafında daha sıx birləşərək Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərdilər.

Hər bir ölkənin iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin, səylərin birləşdirilməsinin rolunu xüsusi vurğulayan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft  sazişi imzalandı. Bu, bir daha ölkəmizə inamın hansı səviyyədə olduğunu nümayiş etdirdi. İllər keçdikcə yeni-yeni  neft və qaz sazişlərinə imza atıldı, Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə hərtərəfli inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin  1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu  neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasını təmin etməklə mühüm sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə stimul verir.

Bir məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan hər bir dövlətin qarşısında xarici siyasətin düzgün qurulmasını vacib amil kimi önə çəkirdi. Bildirirdi ki, yenicə müstəqillik qazanmış  bir dövlətin özünü təsdiqləməsində, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində  ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması əsas şərtdir. Onun elə bir ölkəyə səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin əsl mahiyyətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkilirdi. O də məlumdur ki, azərbaycançılığın əsas tərkib hissəsi olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1991-ci ilin  16 dekabrında qoyulub. O illərdə  Naxçıvan MR Ali Məclisinin Sədri olan Heydər Əliyev  dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonrakı dövrdə də fəaliyyətinin əsas istiqamətlərindən biri diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi oldu.  Ayrı-ayrı ölkələrdə  Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan  Ümummilli Liderin  2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayının keçirməsi bu birliyə, həmrəyliyə böyük töhfə oldu. Artıq vahid mərkəzdən idarə edilmə uğurların davamlılığına yol açdı, soydaşlarımızın yaşadıqları ölkələrdə fəallıqlarını, Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə töhfələrini artırdı. Beş ildən bir ənənəvi keçirilən Dünya azərbaycanlılarının qurultayları  yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan diplomatiyasının  səyləri sayəsində erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılır, Ermənistanın işğalçılıq siyasəti pislənilir.  Ulu Öndər tarixin saxtalaşdırılmasına sərt mövqeyini hər zaman bəyan edib. Onun ilk görüşünü ziyalılarla keçirməsi də təsadüfi deyildi. Dahi şəxsiyyət həmin görüşündə tarixçilərimizin qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur ki, bunlardan da ən ümdəsi tarixin saxtalaşdırılmasına yol verilməməsi, tarixi araşdırmaların miqyasının genişləndirilməsi, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı kitabların çap edilməsi idi. Baxmayaraq ki, ermənilər özlərinə saxta tarix yazıb həqiqətləri inkar etməyə cəhd göstərirlər, onlar daim fakt qarşısında acizdirlər. Təbii ki, təbliğat tarixi faktlara, həqiqətlərə əsaslananda daha inandırıcı, uzunömürlü olur. Heydər Əliyev siyasi kursunu hər sahədə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev daim bu sahəni də diqqətdə saxlayır, tarixçilərimizə öz tövsiyələrini çatdırır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazı çərçivəsində qeyd etmək mümkün deyil.  Əsas olan budur ki, bu gün Heydər Əliyev yolu davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir.   Ulu öndər Heydər Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə cənab İlham Əliyevə inamını özündə əks etdirən xalqa müraciəti bugünkü reallıqlarımızda öz təsdiqini tapır.  Cənab İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

 Azərbaycanın iqtisadi imkanlarının artması yönümündə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Enerji sektorunda əldə olunan uğurlar  ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında roluna öz müsbət təsirini göstərir. Son 16 ildən artıq dövrdə  çoxlarına əfsanə kimi görünən, «Əsrin müqaviləsi»nin əsas tərkib hissələri olan BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi, onların ardınca  Cənub Qaz Dəhlizinin açılışı, TANAP-ın istifadəyə verilməsi, TAP-ın yaxın zamanlarda istifadəsinin nəzərdə tutulması  Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırmaq əzmində olduğunu təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətlə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirmişdi. Bu gün əldə olunan uğurlar bu vədin konkret əməli işdə təsdiqini tapdığını göstərir.  Hansı sahəyə diqqət yetirsək inkişafın, tərəqqinin şahidi olarıq. Bu inkişaf düzgün siyasətin, təkmil islahatların nəticəsidir. Daim yeniləşməyə, təkmilləşməyə önəm verən dövlətimiz ən yeni təcrübələrin öyrənilməsinə və tətbiqinə səy göstərir. Ölkəmizin uğurlarında idarəetmə sistemində təkmilləşmə əhəmiyyətli rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ildə  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığına xidmət edən  mühüm addımlardandır. Daim fəaliyyətində sosial məsələlərin həllinə diqqət yönəldən Mehriban xanım Əliyeva  qısa müddətdə   Azərbaycanın Birinci vitse-prezideni kimi bu sahədə  mühüm addımları ilə diqqət çəkib.

Azərbaycan uğurları ilə  dünyanın daim diqqətindədir. Möcüzələr, xoşbəxt, islahatçı ölkə kimi nüfuz qazanan Azərbaycanı möhkəm bünövrəyə malik binaya bənzətsək, onun hər bir mərtəbəsi özəlliyi dilə diqqət çəkir. Ölkəmizin demokratiya təcrübəsi nümunədir. Vətəndaş amili dövlət siyasətinin əsasında dayanır. İnsan hüquq və azadlıqlarının qorunması, onların yüksək rifahının təmin edilməsi istiqamətində davamlı addımlar atılır.     Ümumiləşdirilmiş ifadə budur ki, 1969-1982-ci illərdə həyata keçirilən uğurlu islahatların 1993-2003-cü illərdə uğurlu davamı nəticəsində   qoyulmuş möhkəm  təməl, müəyyənləşdirilən inkişaf strategiyası  bugünkü reallıqları mümkün edib.

Azərbaycanın bu gün dünyanı bürüyən  koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində istər ölkə daxilində, istərsə  beynəlxalq çərçivədə həyata keçirdiyi tədbirlər  inkişaf modelinin nümunə olmasından irəli gəlir.  Xalqımız tam əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birgə səyləri nəticəsində COVID-19-la mübarizədə qalib olacaq, ölkəmizin inkişafının dayanıqlığı, insanların yüksək rifahı və təhlükəsizliyi təmin ediləcək.

Yeganə Əliyeva, «İki sahil»