27 yanvar 2021 18:25
590

Bu gün diplom bizim xanımlar üçün cehiz, oğlanlar üçün isə üstünlük meyarıdır

«Bundan sonra, tədris prosesində hər hansı qapanmanı gözləmirəm. Çünki həm vaksinasiya başlayıb, həm də biz artıq pandemiya dövründə davranış qaydalarına yiyələnməşik. Artıq bizim  bu sahədə təcrübəmiz var. Bilirik ki, sosial məsafə, tibbi maska, dezinfeksiya məhsullarından istifadə etməklə koronavirusdan qorunmalıyıq. Hələlik yoluxmanın tam qarşısını almaq mümkün olmasa da,  sayı azalacaq. Yəni, təhlükəli həddə çatmayacaq. Bütün bunları nəzərə alaraq, uzun müddət tədris prosesinin qapalı qalması daha təhlükəlidir. Bunların fonunda mən yenidən qapanmaya gedəcəyimizi düşünmürəm.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində təhsil eksperti Kamran Əsədov bildirib.

Kamran Əsədov qeyd edib ki, bildiyiniz kimi, fevralın 1-dən  bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin ediləcək.  Tədris prosesi hibrid formada bərpa ediləcək. Amma burada  bir neçə yanaşma var. İlk olaraq qeyd edim ki, Bakı, Abşeron və Sumqayıt şəhərlərində şagirdlər dərsə həftədə  3 dəfə gedəcəklər. Əgər həmin şagirdlərin siniflərində şagird sayı 20-dən artıqdırsa, onlar iki hissəyə bölünəcək. Bunu da götürmə qabiliyyətinə uyğun olaraq müəllim müəyyənləşdirəcək ki, hansı qruplar 1, 3 və 5-ci günlər, hansı siniflər 2, 4 və 6-cı günlər və yaxud da günün növbəlilik prinsipində gəlsinlər. Dərs saatları və dərsin müddəti əvvəlkindən  fərqli olacaqdır. İlk mərhələdə 1-4- cü siniflər dərsə başlayacaq. Qeyd edək ki,   böyük  şəhərlərdə 1-ci və 4-cü siniflər həftədə 3 gün, ancaq, sıxlıq az olan kənd məktəblərində həftənin 4-5 günü əyani təhsil olacaq.

K.Əsədov diqqətə çatdırıb ki, Azərbaycan 2009-cu ildən yeni kurrikulum standartları ilə tədris prosesini həyata keçirir. Bu tədris prosesinin ənənəvi təhsil formatından fərqi indiyə qədər bilikyönümlü olan təhsilin daha çox tətbiqetməyə yönümlü olmasındadır. Əslində, kurrikulum çox gözəl tədris üsuludur, təlim metodikasıdır. Keçirilən mövzu böyük summativ qiymətləndirmə, kiçik summativ qiymətləndirmə, formativ qiymətləndirmə ilə ay ərzində bir neçə dəfə həyata keçirilməlidir. Kurrikulumun tələbinə görə, şagirddə həyatıboyu formalaşdırılan ümumi bacarıqlar: dinləmək, anlamaq, oxumaq, yazmaq, müqayisə etmək, hesablamaq və s. zəruri həyati bacarıqlar yaradılmalıdır. Təəssüf ki, bu, reallıqda öz əksini tapmır.  Çünki həm valideynlər, həm də bəzi müəllimlər bu üsulu hələ də tam mənimsəyə bilməyiblər. Hesab edirəm ki, şagirdlərin hansısa bir uğuru repetitorların uğurudur.

K.Əsədov vurğulayıb ki, teledərslər ənənəvi məktəb dərslərini əvəz edə bilməsə də, müsbət qarşılanmalı bir addımdır. Təsadüfi də deyil ki, həm valideynlər, həm də  şagirdlər tərəfindən bu məsələyə münasibət müsbətdir. O ki qaldı məsafədən təhsilin digər forması - distant təhsil, bizim orta məktəblər üçün hələ əlçatan deyil. Amma ali təhsil mərkəzlərində ,bir neçəsi artıq distant təhsilə başlayıb.

K.Əsədov əlavə edib ki, bizdə belə bir düşüncə var ki, hər kəs ali təhsil almalıdır. Bu gün diplom bizim xanımlar üçün cehiz, oğlanlar üçün isə üstünlük meyarıdır. Real iş imkanlarına malik olan peşə məktəblərində təhsil almağa bugünkü gənclərimiz can atmırlar. Əgər  siz gələcəkdə jurnalist olaraq işləməyə davam etsəniz, 500-600 manat maaş alacaqsınız. Amma zərgər olaraq çalışsaydınız, siz bu məbləği hətta bir günə belə qazana bilərdiniz. Azərbaycan ali təhsil müəssisələrinə 140-dan artıq ixtisas üzrə qəbul aparır. Amma bu ixtisasların çox cüzi faizində real iş imkanı var. Digərləri üçün əmək bazarında iş yoxdur. Onlar sonradan peşə üzrə işləməyə məcbur olurlar. 4 ili isə itirirlər. Hal-hazırda Azərbaycanda 100-dən artıq peşə məktəbi var. Amma əmək bazarında onların işçiləri yoxdur. Peşə məktəbləri bir tərəfə, qohumunuzdan, dostunuzdan, tanışınızdan harada oxuduğunu soruşsanız, o sizə utandığından kollecdə oxuduğunu deməyəcək. Çünki ali təhsil sadəcə mental dəyər olaraq qəbul edilir. Bizim mental xüsusiyyətimiz inkişafımıza zərbə vurur. Sanki peşə məktəbində oxumağımız bir qüsurdur, bir ayıbdır. Mən mütləq 600-dən yüksək  bal toplayıb hüquqa və ya tibbə qəbul olunmalıyam”. Mən qan görəndə qorxuram, cinayətkar görəndə, qorxuram, amma valideynimin hansısa bir məclisdə qürurla, sevinclə mənim övladım Azərbaycan Tibb Universitetində, BDU-nun hüquq fakültəsində  oxuyur deməsindən ötrü qəbul olunmalıyam. Nə qədər ki, bu düşüncələr var, peşə məktəblərinə nə maraq qalacaq, nə də ki, insanlar meyil edəcəklər. Hər kəs düşünməlidir ki, bu gün Azərbaycanda ali məktəbdə oxuyan 160000 nəfərin hamısını əmək bazarında işlə təmin etmək mümkün deyil. Deməli, bunun əvəzinə digər istiqamətlərə meyl etmək lazımdır, kolleclərə və peşə məktəblərinə. Adətən, Qərb təhsil sistemində universitet, iş yerləri və əmək birjası arasında çox güclü əlaqə olur. Nəticədə universiteti bitirib işsiz qalanlar nadir hallarda olur. Hesab edirəm ki, bu sistemin Azərbaycanda tətbiqi istiqamətində addımlar atılmalıdır.

Şəmsiyyə Əliqızı, «İki sahil»