07 sentyabr 2019 17:59
884

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının finalçıları bəlli olacaq

Bu gün Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşəcək.

AZƏRTAC xəbər verir ki, finala vəsiqə uğrunda görüşdə Serbiya millisi İtaliya, Türkiyə seçməsi isə Polşa ilə qarşılaşacaq.

Bu mərhələnin oyunlarına Türkiyə ev sahibliyi edəcək.

Çempionatın C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.

Çempionatın final matçı Türkiyədə təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.