13 sentyabr 2019 18:18
101

Bu ilin 8 ayında 60,5 minədək şəxs işlə təmin edilib

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 min 475 nəfər münasib işlə təmin olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında əhəmiyyətli rol oynayıb.

Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində bu ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.

Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə eyni zamanda 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə xidmət tərəfindən peşəyönümü məsləhətləri verilib.