Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmə işlərinə başlanılıb.
Bu barədə “İki sahil” Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə istinadən xəbər verir.
Məlumata görə, kanalların yenidən qurulması Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Sərəncamına əsasən həyata keçiriləcək.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağı İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimovun sözlərinə görə, Suqovuşan su anbarından ayrılan Sol Sahil magistral kanalı hazırda bərbad vəziyyətdədir. Kanalın bir çox yerləri dağıdılıb, ondan istehkam məqsədilə istifadə edilib. Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin layihə institutu tərəfindən layihə-smeta işləri həyata keçirilir. Qısa müddət ərzində Tərtər Sol Sahil kanalı bərpa ediləcək, təsərrüfatların su təminatı yaxşılaşacaq.
Eyni zamanda, Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun (“Azdövsutəslayihə” İnstitutu) əməkdaşları işğaldan azad edilmiş Suqovuşan kəndində olub, Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Suqovuşan su anbarına, magistral kanala, Sol Sahil və Xanarx kanallarına baxış keçiriblər.
İnstitutun direktoru Elbrus Paşayev bildirib ki, Tərtər Sol Sahil kanalının və Xanarx kanalının yenidən qurulmasına başlanılıb. Lakin subölüşdürücü qurğuya qədər olan 5,2 kilometrlik məsafə, yəni Tərtər kanalında da təmir-bərpa işlərinə ehtiyac var. İşğal zamanı kanalın qarşısını beton sədlərlə kəsərək, onun irriqasiya funksiyasını enerji istehsal etmə funksiyasına çevirilib. Bu məsələlərə layihədə yenidən baxılacaq və lazımi tədbirlər görüləcək. Bu kanalın əsas qayəsi irriqasiyadır və onun vasitəsilə bir neçə rayonun əkin sahələrinin suvarılması həyata keçirilir.
Əraziyə baxış keçirilən zaman erməni işğalçıları tərəfindən Sol Sahil kanalının dağıdılaraq yararsız hala salındığı məlum olub. Bundan başqa uzun illər ərzində kanalın istifadəsiz qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb. “Azdövsutəslayihə” İnstitutunun əməkdaşı Akif Sultanov bildirib ki, işğal zamanı Sol Sahil magistral kanalının bir çox hissəsi dağıdılıb, səngərlər qazılıb. Bundan başqa 30 il müddətində baxımsız qalması səbəbindən kanalın beton üzlüyü sıradan çıxıb. Odur ki, kanalın yenidən qurulma layihəsinin verilməsi məqsədəuyğun hesab olunur. Kanal yenidən qurulduqdan sonra suyun təsərrüfatlara çatdırılması mümkün olacaq.
Qeyd edilib ki, layihələndirmə işləri başa çatdırıldıqdan sonra Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulmasının qısa vaxtda həyata keçirilməsi nəzərdə tutulur. Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Bu isə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə səbəb olacaq.