30 noyabr 2020 21:42
383

Cəlil Xəlilov: İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir

İkisahil.TV-nin bugünkü müsahibi Azərbaycan Veteranlar Təşkilatının sədr müavini, polkovnik  Cəlil Xəlilovdur

 

 - Cəlil müəllim, Azərbaycan Ordusu Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. Nəhayət ki, işğalçı ölkə hərbi, siyasi və diplomatik sahələrdə uğursuzluqlarla üz-üzə qaldı. Qələbəmizi şərtləndirən amillər hansılar idi?

- Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin birgə Bəyanatını imzalasın. 10 noyabrdan başlayaraq, Böyük Qələbə bayramının sevinci, bəxş elədiyi hisslər tam fərqlidir. Bu Qələbə Azərbaycanın tarixi uğurudur. Zəfərin əsas memarı isə Azərbaycan ordusu, Azərbaycan ordusunun Ali Baş Komandanıdır.” Bu gün bütün xalqımız bu böyük zəfəri əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edir. Bu sənəd rəsmi şəkildə Ermənistanın Azərbaycan Ordusunun qarşısında aciz olduğunu, çarəsizliyini təsdiq edir, işğal altında qalan digər torpaqları azad etməklə yeni itkilərdən, yeni hərbi məğlubiyyətlərdən xilas olmağa çalışır. Çünki Azərbaycan ordusunun sürətli və dağıdıcı hücumları fonunda böyük itkilər verən Ermənistan gec də olsa başa düşdü ki, işğal etdiyi torpaqları tərk etməlidir. Bu torpaqlar Azərbaycana məxsusdur və ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq.

Azərbaycanın beynəlxalq hüquq normaları əsasında öz haqqını bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi şəkildə narahat etdi. Onlar hərbi əməliyyatları dayandırmaq üçün ölkəmizə qarşı kifayət qədər siyasi təzyiqlər göstərdilər. Bununla bağlı fikirlərinizi bilmək istərdik…

- Düz vurğuladınız. Təzyiqlər çox olsa da, Ali Baş Komandanımız 44 gün ərzində qəti siyasi iradə nümayiş etdirərək öz prinsipial mövqeyindən dönmədi. Bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi. Müharibənin qızğın vaxtlarında ölkə başçısının dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Beləcə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad edilməsinə gətirib çıxardı. Ali Baş Komandanımız ən ali hərbi rütbəyə və yüksək fəxri ada layiqdir. Prezidentimizin uzun illər ərzində əldə etdiyi böyük uğurlar - dövlətimizi iqtisadi baxımdan gücləndirməsi, böyük beynəlxalq layihələrə imza atması, vətəndaşların sosial durumunu əsaslı şəkildə yaxşılaşdırması, ölkəmizin regionda və dünyadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırması, Ermənistanın işğalçılıq və terrorçuluq siyasətini qlobal miqyasda ifşa etməsi, müasir ordu formalaşdırması və s. ilə buna layiqliyini çoxdan isbatlayıb. Ölkə başçısı sentyabrın 27-dən 10 noyabr tarixinə qədər davam edən Vətən müharibəsi zamanı Qarabağı azad etməklə bunu bir daha sübut etdi. Bu səbəbdən də hesab edirəm ki, çoxsaylı və əlahiddə tarixi xidmətlərini nəzərə alaraq cənab Ali Baş Komandana Milli Qəhrəman adının verilməsi,  xalqın rəy və istəyinin nəzərə alınması baxımından da arzuedilən olar. Sözügedən məsələnin parlamentə müzakirəyə çıxarılması, Milli Məclisin bu təkliflə bağlı öz mövqeyini ortaya qoyması da təqdirəlayiq olardı”.

- İşğaldan azad olunmuş ərazilər ölkəmizə nə kimi iqtisadi dividendlər qazandıracaq?

-20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəsinə də imkan verməyib. İşğaldan azad olunmuş ərazilər kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaqları, iqlimi, su ehtiyatları ilə digər bölgələrdən seçilir. Yeraltı və yerüstü təbii sərvətlərə, turizm potensialına malikdir. Bərpa və yenidən qurma işlərində yüz minlərlə iş yerləri açılacaq, yerli xammalın emalı nəticəsində sənayenin ayrı-ayrı sahələri inkişaf edəcəkdir. Konkret olaraq Zəngilanın, Kəlbəcərin qızıl yataqları, mineral suları, Ağdamın və digər rayonların şərabçılıq sənayesini  və s. qeyd etmək olar. Bütün bunlar Azərbaycan iqtisadiyyatında, ümumi daxili məhsulun artımında xeyli irəliləyiş deməkdir. Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

-Ölkəmiz həm hərbi həm də informasiya müharibəsində mübarizə aparırdı. Bu gün Ermənistanla hərbi müharibə qalibiyyətlə başa çatsa da informasiya müharibəsi davam edir. İnformasiya müharibəsində qələbə qazanmaq üçün nə etmək lazımdır?

- Kütləvi informasiya vasitələrinin vəzifəsi baş verən proseslərin mahiyyətini əhalinin geniş təbəqəsinə çatdırmaqdır. Bununla yanaşı, ölkənin informasiya siyasəti onun daxili və xarici təhlükəsizlik maraqlarına cavab verməlidir. Şübhəsiz ki, hər ölkənin şirkətlərinin və kommunikasiya sistemlərinin informasiya siyasəti jurnalistikanın bu əsas qaydalarına uyğun olmalıdır. Düşmənin informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün onun mətbuatını gündəlik oxumaq və təhlil etmək, işləmə prinsiplərini, yaydığı informasiyaların davamlılığını və xarakterini öyrənmək, onun psixologiyasını, milli xüsusiyyətlərini dərindən tanımaq lazımdır. Yeri gəlmişkən, ermənilər bu taktikadan geniş istifadə edirlər: onlar müxtəlif domenlərdən istifadə etməklə, Azərbaycan rayonlarının adlarından ibarət,  Azərbaycan dilində saytlar yaradırlar. Onlar bu saytları elə şəkildə təqdim edirlər ki, heç kəsdə şübhə yaranmır ki, bu  erməni saytıdır.

Ona görə də bu gün gənclərimizdən daha ayıq-sayıq olmaq tələb olunur. İnformasiya cəbhəsində də öndə olmağımız mütləqdir.

Şəmsiyyə Əliqızı,
Könü Əliyeva,
«İki sahil»