Bir əsr yarıma yaxın tarixə malik milli mətbuatımız Zərdabi irsinin layiqli davamçısıdır. Bu irsi internet, ya da onlayn media məhz bu cür davam etdirə bilərmi? Əsla! Doğrudur, elektron media print medianı üstələyib, lakin tamamilə sıradan çıxara bilməz. Çap mətbuatı jurnalistikanın klassik ənənələrini və prinsiplərini yaşadır, qoruyub saxlayaraq gələcəyə ötürür.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuata müsahibəsi zamanı belə bir fikir bildirib ki, dünyanın heç bir ölkəsində yazılı mediadan imtina ənənəsi yoxdur: “Doğrudur, print medianın mövqeyi zəifləyib. Bu, informasiya texnologiyalarının inkişafı ilə əlaqədardır. Ancaq hər bir halda qəzetlər saxlanılır. Onlar günümüzün salnaməsini yaradırlar. Bilmək olmaz ki, əlli və ya yüz il sonra internet olacaq, ya yox. Ancaq mətbu nəşrlər əsrlərdir ki, müxtəlif dövrlərlə bağlı informasiya mənbələri, tədqiqat materialları funksiyasını yerinə yetirirlər. Etibar qazanıblar. Onların üstündən xətt çəkilə bilməz. Azərbaycanda da mətbu nəşrlər saxlanılmalıdır. Dövlətin siyasətini yayan mətbuat orqanları da həmçinin.”
Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli mövzu ilə bağlı açıqlamasında bildirdi ki, ictimaiyyətin nəzarətində nə qədər çox informasiya resursu olarsa, bir o qədər yaxşıdır. Çünki informasiya almaq üçün cəmiyyət ən çox peşəkar kütləvi informasiya vasitələrinə ümid bəsləyir. Çap mətbuatı gündəlik informasiya axınını “ələkdən keçirib”, ictimai maraq kəsb edən xəbərləri seçir və məsuliyyətlə xalqa çatdırır. Qəzetlər sırasında Azərbaycan dövlətçiliyini daim dəstəkləyən, azərbaycançılıq ideyalarını bütün dünyaya yayan, cəmiyyətə ciddi səmərə verən, oxucularda xüsusi ictimai rəy formalaşmasına xidmət edən mətbu nəşrlər var. Bu cür qəzetlərin fəaliyyətinin dayandırılması bir oxucu kimi mənim üçün əsl faciə ola bilər.”
Cahangir Məmmədli, həmçinin əlavə etdi ki, çap mediası dəqiq, qərəzsiz, obyektiv və balanslı formada işləyən medianın peşəkar və qədim növüdür. Fikrimcə, ənənəvi medianın süqutu haqqında düşünmək çox böyük səhv olardı. Unutmayaq ki, 1875-ci ildə də Həsən bəy Zərdabi milli mətbuatımızın əsasını məhz “Əkinçi” qəzeti ilə qoyub. Kütləvi informasiya vasitələrinin ən əsas növü olan çap mediasının mövcudluğu bütün dövrlər üçün zəruridir. İnformasiya mübadiləsi üçün qəzetlərin mövcudluğunu çox labüd hesab edirəm. Hər hansı bir dövr üçün ənənəvi medianın tamamilə sıradan çıxma ehtimalı haqqında belə düşünmək istəmirəm. Çap mediasından daha təkmil, mükəmməl, operativ, oxunaqlı olmaq kimi keyfiyyətlər tələb olunur. Bunun üçün də çap mediasını məhz yeni və modern mərhələdə yaşatmaq üçün müasir forma, üslub düşünülməlidir.
Yaqut Ağaşahqızı,
“İki sahil”