09 iyul 2019 19:45
3061

Çimərlik mövsümü: hansı qaydalara riayət etməliyik?

Yay fəslin ikinci ayını yaşayırıq. Artıq mövsüm özünün ən isti üzünü göstərməkdədir. Paytaxt sakinləri də bu cür qızmar havalarda sərinlik tapmaq, istidən qorunmaq, sağlamlıqlarının müdafiəsi üçün çimərliklərə üz tuturlar.

Çimərliklər ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulduğundan oraya daxil olan, dincələn hər bir kəs gigiyena və mühafizə şərtlərinin qorunması naminə bir çox qaydalara diqqət yetirməlidir.

İlk olaraq dənizə gedərkən əsas məqamlardan biri də günəş şüalarının qəbulu prosesidir. Belə ki, günəş şüalarını qəbul etmək, necə deyərlər bədəni qaraltmaq insan sağlamlığına müsbət təsir göstərir. Amma insan səhərdən axşama qədər dəniz sahilində, günəş şüalarının altında qalmamalıdır. Yadda saxlamaq lazımdır ki, günəş şüaları altında həddindən çox olmaq dəri xərçənginə səbəb ola bilər.

Sual verə bilərsiniz ki, bəs qaralmaq üçün ən uyğun zaman nə vaxtdır? Belə ki, bədəninizi qaraltmaq üçün ən münasib saatlar səhər 9-dan 11-ə , günortadan sonra isə 16-dan 19-a qədərdir. Günəş şüalarının qəbulu birinci gün 10 dəqiqə, ikinci gün 20 dəqiqə, üçüncü gün 30 dəqiqə olmalıdır. Beləliklə, günəş şüalarının altında keçirəcəyiniz vaxtı birdən deyil, tədricən artırmaq lazımdır. Nəzərinizdə onu da saxlayın ki, məhz günəş şüaları altında kitab oxumaq görmə qabiliyyətinizdə ciddi problemlər yarada bilər. Çimərliyə gedərkən özünüzlə eynək götürməyi unutmayın. Çünki açıq dəniz sahilində gözləri günəş şüalarından və qumdan qorumaq üçün eynək sizin əsas yardımçınız olacaq.

Digər bir məqam isə onunla bağlıdır ki, dənizdə nələri etməməliyik? Günün qaranlıq saatlarında, yağışlı, buludlu və küləkli havada dənizə getmək məqsədəuyğun deyil. Eyni zamanda, dövlət tərəfindən qadağan olunmuş çimərliyə getmək məsləhət görülmür. Ümumilikdə isə çimərliyə tək getmək məsləhət deyil. Nəzərdə tutulmamış ərazilərdə çimmək, işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Çimərliyə gedərkən özünüzlə gündən qoruyucu vasitələr götürməyi unutmayın. Hər 2 saatdan bir dərinizə gündən qoruyan krem çəkin. Bu vasitələr dərini ultrabənövşəyi şüaların ziyanlı təsirindən qoruyur. Yaxşı keyfiyyətli kremlərdən istifadə edin, kremləri aptekdən alın. Alternativ variant - təbii yağlardır. Bəzi təbii yağlar da dərini gündən qoruyan istənilən kremdən daha yaxşı qoruyur. Bu yağlar arasında - təbii zeytun, çaytikanı, küncüt, kokos, avokado yağıdır. Krem və ya yağı günə çıxmamışdan 10-15 dəqiqə əvvəl bədəninizə çəkin, dənizdən çıxdıqdan sonra krem çəkməyi unutmayın.

Mütləq nəm çimərlik geyiminizi dəyişin. Bu, həm sizin sağlamlığınız üçün vacibdir.

Çimərlikdə düzgün qidalanın. Gün ərzində çimərlikdə olduğunuz vaxt qida rasionunuza diqqət yetirmək vacib şərtlərdəndir. Təbii ki, çimərlikdə olarkən yağlı, konservləşdirilmiş ərzaqlardan imtina etmək lazımdır. Daha çox meyvə və tərəvəzlərə, xüsusilə tərkibi beta-karotinlə zəngin olan kök, ərik və şaftalıya üstünlük vermək daha məqsədəuyğundur. Orqanizmin maye balansını normal saxlamaq üçün gün ərzində çimərlikdə istirahət edərkən 1.5-2 litr su içmək lazımdır. Yaşıl çay, təbii meyvə şirələri də qəbul etmək faydalıdır. Çimərlikdə süd və ət məhsulları yeməyin. Bu kimi məhsullar isti havada orqanizmi artıq yükləyir və həmçinin zəhərlənməyə səbəb ola bilər.

Dənizə girmədən öncə su axınlarına diqqət etmək lazımdır. “Su axını” deyilən təbii hadisələr baş verir. Su axını zamanı dəniz suyu ağımtıl rəngdə olur və köpüklər əmələ gəlir. Su axınlarının eni 3-5 metr, uzunluğu isə 55-60 metr aralığında ola bilər. Axına düşəndə panika yaşamaq ölümə səbəb olur. Ona görə də panikadan uzaq olmaq vacibdir. Nəzərə almaq lazımdır ki, axının müddəti 3-5 dəqiqə çəkir. Axına paralel 5-6metr sağ və ya sola üzləməklə, təhlükəli vəziyyətdən çıxmaq mümkündür.

Etibar etdiyiniz çimərliklərə gedin. Dövlət tərəfindən icazə verilən çimərliklərdə təhlükəsizlik Fövqalədə Hallar Nazirliyinin (FHN) Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən təmin olunub. Onlar çimən şəxslərə nəzarət edir, batma və ya boğulma kimi təhlükəli hallara müdaxilə edirlər. Hətta bu çimərliklərdə ilkin təcili tibbi yardım briqadaları mövcuddur. Bu briqadalar Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərir.

Uşaqlar çimərlikdə nəzarətsiz buraxılmamalıdır. Valideynlər uşaqlara diqqət etməlidir. Dənizdə üzə bilməyənlər sinəyə qədər suya girə bilərlər, üzə bilənlər isə mövcud qaydalara riayət etməlidirlər. Dənizdə sahildən uzaqlaşmamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik şarlarını keçmək olmaz. Qadağanedici şarları keçmək, vətəndaşların özləri ilə hava şarları, və motorlu su qayıqları gətirib, suya salması qadağandır. Bundan əlavə, çimərliyə gedərkən vaxta və rejimə diqqət etmək vacibdir. Uşaqları dənizə səhər saat 06:00-dan 11:00-a qədər və 16:00-dan sonra aparmaq lazımdır. Uşaqlar mütləq valideynlərin nəzarəti altında çimməlidirlər. Unutmayaq ki, çimərliyə çox gedən uşaqlar qış mövsümündə daha az xəstələnirlər. Daha sağlam və gümrah olurlar.

Yay fəslində çimərlikdə rahat dincəlmək və sağlamlığı qorumaq üçün bütün təhlükəsizlik qaydalarına da riayət etməliyik. Nə qədər diqqətli olsanız, o qədər yaxşıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”