21 noyabr 2020 23:51
241

Çüdoçularımız Avropa çempionatında 5 medal qazandı

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan daha üç medal qazanıb.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, Məmmədəli Mehdiyev (-90 kq) bürünc medal uğrunda görüşdə Sloveniyadan olan Türkiyə təmsilçisi Mixael Jqankı (Mikael Özərlər) məğlub edib. Bununla da Məmmədəli üçüncü dəfə (bunlardan biri komanda yarışında olub – S.M.) Avropa çempionatının bürünc medalını qazanıb.

Rusiyadan olan legionerimiz Zelim Kotsoyev (-100 kq) isə Boris Georgiyevə (Bolqarıstan) qalib gələrək bürünc medala yiyələnib. Həmin çəkidə Elmar Qasımov isə bundan əvvəl Georgiyevə uduzaraq medal şansını itirib.

Həmçinin gürcü legionerimiz Uşanqi Kokauri (+100 kq) ilk görüşündə Tamerlan Başayevə (Rusiya) uduzaraq mübarizəni dayandırıb.

Qadınların yarışında dünya və Avropa mükafatçısı olmuş ukraynalı legionerimiz İrina Kindzerskaya (+78 kq) finalda Roman Diko (Fransa) ilə qarşılaşıb və ippona düşərək uduzub. Bununla belə, gümüş medal İrina üçün Minskdəki II Avropa Oyunlarındakı nəticəsini (bürünc medal qazanmışdı) yaxşılaşdırmaq imkanı verib.

Qeyd edək ki, bununla da azarkeşsiz keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb. Komandamız 5 – 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Daha əvvəl Orxan Səfərovun (-66 kq) qızıl və Rüstəm Orucovun (-73 kq) bürünc medal qazandığını xatırladaq.