30 oktyabr 2020 17:10
1156

COVID-19-a “yox” deyək!

Yalnız öz sağlamlığımız üçün deyil, hər birimizə qələbə sevincini yaşadan əsgərlərimiz naminə COVID-19-a “yox” deyək!

Dünya 2020-ci ili koronavirusla mübarizə ili kimi tarixə yazacaq. Cari ilin sonuna artıq iki ay qalır. Arxada qalan dövr COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi, birinci mərhələnin başa çatdığı, yeni dalğanın başlanması kimi xarakterizə olunur. Diqqət çəkən məqam dünya dövlətlərində virusa yoluxma hallarında,  aktiv xəstələrin sayında, ümumiyyətlə, əhalinin hər milyon nəfərinə düşən yoluxma sayında artımın olmasıdır. Bu isə öz növbəsində karantin rejiminin sərtləşdirilməsini bir zərurət kimi ortaya qoyur. Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər ki, koronavirusla mübarizə tədbirlərinə başlayanda əksər ölkələrin özünə qapanaraq, depressiya halını yaşaması fəsadların yaranmasına, yoluxmanın coğrafiyasının genişlənməsinə rəvac verdi. Azərbaycan COVID-19-un qlobal problem olduğunu önə çəkərək onunla qlobal səviyyədə mübarizənin aparılması təşəbbüsünü irəli sürüb bunu əməlində  sübut etməklə dünyanın özünə qapanmasına son qoydu. Təcrübə mübadiləsi əsasında hər bir ölkə  karantin qaydalarının tətbiqi şəraitində  yoluxmanın  qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirdi və keçirir.  Azərbaycanın özünütəcrid qaydaları əksər ölkələrdə də tətbiq olunur.

Günümüzün reallığı budur ki, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkələrdə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Buna səbəb yenə də əvvəldə qeyd etdiyimiz kimi, əhalinin bir milyon nəfərinə düşən yoluxma sayının kəskin artması, ən əsası aktiv xəstələrin sayında azalmanın olmamasıdır. Bu statistika ciddi siqnaldır.

Təbii ki, buna yol açan əsas amil vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsinin aşağı olması,  sosial məsafənin saxlanılmaması, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımi səviyyədə  riayət edilməməsidir. Pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Eyni zamanda, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunduğuna görə, həmin rayonlara giriş-çıxış dayandırılıb. Təkcə son günlərin statistikasına diqqət yetirsək yoluxma hallarında artımı daha aydın görə bilərik. Belə ki, 28 oktyabrda 988 yoluxma faktı qeydə alınıb,  müalicə olunaraq sağalanıb evə buraxılanların sayı 340 nəfər olub. 29 oktyabrda   yoluxmanın sayı  1015 nəfər, sağalanların sayı   483 nəfər olub. 30 oktyabrda isə  yoluxma faktı 1022, sağalanların sayı isə  480-dır. Yoluxanların sayının sağalanların sayını üstələnməsi artıq  karantin rejiminin sərtləşdirilməsi üçün bir  siqnaldır.  Hazırkı durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Həm ölkə, həm də beynəlxalq ekspertlər koronavirusla mübarizənin  ilk günündən tətbiq edilən təcrübəyə istinad edərək   Azərbaycanın epidemiyanın ilk və olduqca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlər sırasında yer alacağını bildirdilər. Buna əsas verən amil  virusun sürətlə yayılmasının qarşısını almağa, epidemiya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratmağa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olunması idi.  Sərt karantin tədbirləri sayəsində koronavirusun yayılma sürəti azaldıldı.  Səhiyyə sistemi qısa müddət ərzində təkmilləşdirilərək koronavirus xəstələrinin müalicəsi üçün tam hazır oldu. Bir sözlə, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz gözə görünməz düşmənlə mübarizənin birinci mərhələsini  az itki ilə başa vurdu.

Təəssüfdoğuran hal budur ki, insanlar  yoluxma sayında azalmanı  bu bəlanın tamamilə yoxa çıxması kimi qəbul edərək günümüzün yeni  qaydalarına riayət etməyi  bir növ kənara qoydular. Bunun isə  nəticələri göz önündədir. Təbii ki,  dövlət nə lazımdırsa onu edir. Burada əsas tələb  vətəndaşların daha məsuliyyətli olmalarıdır. Dövlətimizin atdığı bütün addımlar bir məqsədə xidmət edir: insanların sağlamlığı qorunsun, koronavirusla mübarizədən az itki ilə çıxaq. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə hazırda 35 bölgədə 50-dən artıq  xəstəxana  müəyyən edilib. Bununla yanaşı, modul tipli xəstəxanalar quraşdırılıb və xəstələrin ixtiyarındadır. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq  modul tipli xəstəxanaların sayının 16-ya çatdırılması nəzərdə tutulur. Hazırda 11-i fəaliyyətdədir. Ən müasir ECMO cihazlarının sayı artırılıb. Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idisə, bu gün həmin rəqəm  30-dan artıqdır.

Təbii ki, bu mübarizədə çoxminli həkim ordusunun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz aydın  ifadəsini tapır. Mehriban xanım Əliyeva bildirir: «Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram.»

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlərin xüsusi geyimlərdən əvvəl və sonrakı vəziyyətlərini əks etdirən videogörüntülər insanlarda məsuliyyət hissini artırmağa bir çağırışdır. Qoruyucuların onların üzərində qoyduğu izlər, yaratdığı fəsadlar  o görüntüləri izləyən hər kəsi təsirləndirməyə bilməz. Fəaliyyətə başlayan zaman and içdikləri Hippokrat andına sadiqliklərini əməli işlərində təsdiqləyən fədakar həkimlərimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur. Bunun üçün həm özümüzü, həm də ətrafımızdakı insanları qorumalı, həkimlərimizin gücünü tükəndirməməliyik.  Bu baxımdan ki, bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq, Azərbaycan xalqı bu gün yalnız öz  sağlamlığı üçün deyil, hər birimizə qələbə sevincini yaşadan,  Vətənimizi qoruyan əsgərlərimiz  naminə COVID-19-a “yox” deməlidir. Gəlin, ön cəbhədə görünən, arxa cəbhədə isə görünməyən düşmənlə eyni vaxtda mübarizə aparıb, qalib olaq! Bunun üçün tələb olunan qaydalara lazımi səviyyədə riayət edək, məsuliyyətimizi artıraq!

Yeganə Əliyeva, «İki sahil»