13 dekabr 2019 20:34
855

Danimarka öz zabitlərini və bir freqatını Hörmüz boğazına göndərəcək

Danimarka Kral Hərbi Dəniz Qüvvələrinin zabitlərini və bir freqatını Hörmüz boğazına göndərəcək.

AZƏRTAC Danimarka hökuməti Katibliyinin press-relizinə istinadla xəbər verir ki, Danimarka hökuməti Hörmüz boğazında Avropa ölkələrinin rəhbərliyi altında dənizdə müşahidə missiyasına Krallığın töhfəsini artırmaq barədə xarici siyasət komitəsi ilə məsləhətləşmələr aparıb.

Məsləhətləşmələrdən sonra 2020-ci ilin əvvəlindən etibarən bu missiyada Danimarkanın iştirakını genişləndirmək, habelə parlamentin razılığı alınarsa 2020-ci ilin payızından etibarən regiona hərbi dəniz donanmasını göndərmək barədə qərar qəbul edilib.

Danimarkanın xarici işlər naziri Yeppe Kofodun sözlərinə görə, “dünyada beşinci ən böyük dəniz dövləti olan Danimarka dənizdə təhlükəsizliyin, o cümlədən Hörmüz boğazında azad gəmiçiliyin təmin edilməsi üçün məsuliyyət daşıyır. Buna görə də Danimarka hökuməti regionda gərginliyin azaldılması üzrə səylərini davam etdirəcək. İndi qərargah zabitləri və freqat şəklində konkret töhfə veriləcək. Bizim töhfəmiz regionda digər səyləri, o cümlədən dənizdə təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-ın rəhbərliyi ilə göstərilən səyləri tamamlayacaq”.

Krallığın müdafiə naziri Trine Bramsen bildirib ki, Danimarka fəaliyyət qabiliyyətli donanması olan dəniz dövləti kimi məsuliyyəti öz üzərinə götürməli və bizim inandığımız prinsipləri müdafiə etməlidir. Nazir deyib: “Mən fəxr edirəm ki, müttəfiqlərimiz belə məsələlərin həlli üçün tərəfdaşlar axtaranda bizim tərəfə baxırlar. Bu, bizim əsgərlərə və böyük imkanlarımıza hörmət əlamətidir”.