22 may 2020 19:25
1081

Donald Trampın təbrik məktubundakı siyasi ismarıclar

Dünya dövlətlərində ciddi narahatlıq, təşviş və qorxu yaratmış koronavirus pandemiyasının inkişaf etmiş dövlətlərə ağır zərbə vurduğu halda, Azərbaycanın daha az itki verməklə ciddi mübarizə aparması beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb. Bu, dünyanın supergücə malik dövləti Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May-Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da vurğulanıb. ABŞ Prezidenti öz məktubunda dünyanı təşvişə salmış koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda da Azərbaycanın yanında olduğunu bildirib.

Koronavirus bəlası dünyanın başı üzərini aldığı bir dövrdə Prezident İlham Əliyev humanist siyasətinə sadiq qalaraq, digər ölkələrə də bu bəladan xilas olmaq üçün öz köməyini əsirgəməyib. Bunu Azərbaycan dövlətinin dünyanın bir sıra ölkələrinə humanitar yardım göndərməsini də təsdiqləyir. Belə çətin dönəmdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki mühüm beynəlxalq təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə zirvə görüşlərini keçirməsi və hər iki tədbirin bütünlüklə COVID-19-la mübarizəyə həsr edilməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bununla yanaşı, mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfrans da xüsusi qeyd edilməlidir.

Dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərinin təqdir olunması və dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsi hər birimizdə qürur hissi yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə baş verən hadisələrə də təsir göstərmək imkanı qazanmışdır.

ABŞ Prezidentinin məktubunda diqqət çəkən məqamlardan biri də Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədardır. Ağ ev rəhbərinin ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimiABŞ-ın münaqişənin sülh yolu ilə həlli üçün bundan sonra da danışıqların aparılmasına dəstək verəcəyini bəyan etməsi onun problemin həllində maraqlı olmasından xəbər verir. Əslində, bu məqam bütün vasitələrlə danışıqlardan boyun qaçırmaq istəyən təcavüzkar Ermənistana ciddi mesajdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsinin hələlik öz ədalətli həllini tapa bilməməsidir. ABŞ Prezidentinin bu məsələni gündəmə gətirməsi Azərbaycan diplomatiyasının uğuru sayıla bilər.

D.Trampın bu məktubu bir daha təsdiqlədi ki, ABŞ ölkəmizlə əməkdaşlığın dərinləşməsi üçün imkan yaradacaq bütün addımları alqışlayır və Azərbaycanı nüfuzlu və güclü dövlət kimi qəbul edir. Bu məktub iki dövlət arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yeni inkişaf mərhələsinə yüksəldiyinin göstəricisi kimi dəyərləndirilir. Həmin sənəddə xüsusi nəzər yetirilməli olan bir vacib məsələ də var. ABŞ Prezidenti Amerika və Azərbaycan xalqlarını “iki böyük xalq” adlandırır. Bu da təsadüfi deyil... Bu, onun nəticəsidir ki, Tramp Azərbaycanı böyük türk xalqının bir hissəsi, dünya sivilizasiyasına böyük tarixi və mədəni töhfələr vermiş bir xalq kimi tanıyır və dəyərləndirir.

Donald Tramp öz ölkəsinin Azərbaycanla əməkdaşlığının davamlı olmasını arzuladığını bildirib. Azərbaycanın böyük neft yataqlarının dünya enerji bazarına sabitlik gətirdiyini vurğulayan ABŞ Prezidenti qeyd edib ki, Sizin qaz hasilatınız Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. Donald Trampın “Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə əməkdaşlıq etmək əzmindəyəm!” fikri ABŞ-ın ölkəmizə verdiyi dəyərin bariz nümunəsidir.

Bütün bunlar onu təsdiqləyir ki, Azərbaycanın beynəlxalq aləmdəki reytinqi xeyli yüksəlib. Belə qlobal əhəmiyyətli məsələlərdə verdiyi töhfələr dünya arenasında layiqincə qiymətləndirilir.

Yaqut Ağaşahqızı, “İki sahil”