Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən biri olan sosial siyasət, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Dövlət başçımızın uğurlu sosial siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasına, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, bu sahədə mühüm addımların atılmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Bu siyasətin uğurlu nəticələrindən biri də DOST Agentliyinin və DOST mərkəzlərinin yaradılmasıdır.
Ölkə başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir.
DOST mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir. DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir bir layihədir. DOST mərkəzləri “bir pəncərə”dən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün - əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və b. DOST-u olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanına çevrilib. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.
Cənab İlham Əliyevin sosial siyasəti DOST mərkəzlərində də öz əksini tapır. Yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qeyd edib ki, sosial sahə daim prioritet sahə olub. Statistik rəqəmlərə nəzər salaq. Ötən il müstəqillik dövründə ən geniş sosial paket təqdim olundu və uğurla icra edildi. 4 milyon 200 min insan dövlət tərəfindən sosial paketlə təmin edildi. Bunun içərisində minimum əməkhaqqının təxminən 2 dəfə, minimum pensiyanın 70 faizdən çox qaldırılması məsələləri var idi. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Müavinətlər qaldırıldı - bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə. Problemli kreditlərlə bağlı məsələ öz həllini tapdı. 4,2 milyon insanın güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Artıq sirr deyil ki, dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam ödənildi, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. İşsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil edildi, hər birinə 190 manat vəsait ayrıldı. Bu kateqoriyadan olan insanların sayı az deyil, 600 mindir. Bu işlərin hamısı əlbəttə ki, böyük maliyyə resursları tələb edir. Buna ünvanlı sosial yardım proqramını əlavə etsək, bu proqramla əhatə olunan insanların sayı kəskin artır. Hazırda 80 min ailə ünvanlı sosial yardım proqramı ilə əhatə olunur və orta hesabla hər bir ailəyə hər ay 220 manatdan çox vəsait ödənilir.
Dövlət başçısının müsahibədə qeyd etdiyi kimi ölkədə həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşı amili dayanır: “Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bir daha təsdiqləndi ki, Azərbaycan Prezidentinin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.
Aydın olur ki, vətəndaşların sosial rifah halının yüksəlməsinə hesablanan layihələr gələcəkdə də davam edəcək.
Nigar Orucova, “İki sahil”