08 yanvar 2020 20:18
1226

“DOST” mərkəzləri: Vətəndaşların yaxın dostu

Daim ilklərə imza atan Azərbaycanın dünyaya səs salan “ASAN xidmət”, “ABAD”, “DOST” kimi layihələri bir daha sübut edir ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması,   innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması prioritet məsələlərdəndir. Dövlətimizin başçısı İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanmasından ötən dövr ərzində görülən işlərə diqqət yetirdikdə sosial müdafiənin gücləndirilməsinə verilən önəmi  daha aydın görmək mümkündür.

2019-cu il mayın 9-da   DOST Agentliyinin yaradılması və ilk  DOST mərkəzinin istifadəyə verilməsi    dövlətimizin sosial xidmətlər sahəsində yeniliklərinə, davamlı innovativ tədbirlərinə işıq saldı.  İlk DOST mərkəzinin açılışında  dövlətimizin başçısı İlham Əliyev bir daha sosial islahatların dövlət siyasətinin əsasını təşkil etdiyini önə çəkərək, eyniadlı  agentliyin yaradılmasını bu istiqamətdə mühüm addım kimi dəyərləndirmişdir.  Cənab İlham Əliyev, eyni zamanda, bildirmişdir ki, DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir.

2019-2025-ci illərdə Bakıda və regionlarda 31 DOST mərkəzinin istifadəyə verilməsi hədəflənib.  21 mərkəz “bir pəncərə” prinsipi əsasında   2,8 milyon şəxsə əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərəcək. 

Ötən ilin iyulunda   BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda da Azərbaycanın dünyaya səs salan brendlərindən, o cümlədən DOST layihəsindən geniş bəhs olunmuşdur.  BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper Azərbaycanda aparılan sosial-iqtisadi islahatları və ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək dəyərləndirərək,  regionda və MDB məkanında  ilk olaraq  Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunduğunu bildirmişdir.  Göründüyü kimi, Azərbaycanın yenilikləri yalnız ölkə deyil, beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır. DOST sözün həqiqi mənasında ölkə vətəndaşlarının yaxın dostuna çevrilir. 

Röya Rasimqızı, “İki sahil”